“Crocus”da baş verən hadisə günü və ondan qısa müddət sonra Azərbaycan və azərbaycanlılarla bağlı maraqlı və düşündürücü proseslər yaşanıb. Moskva terroru baş verən gün, 5 Azərbaycan vətəndaşının Qırğızıstanın dövlət başçısına sui-qəsd etmək istəyərkən saxlandıqları ilə bağlı məlumat yayıldı. Onların fotoları da nümayiş olundu.
Bələ təqdim olundu ki, həmin adamlar kriminal aləmin üzvləridir. Nümayiş olunan fotolarda onların bədənlərindəki tatularda kriminal aləmə aid olan müəyyən simvolikaların olduğunu gördük. Amma bununla yanaşı, həmin şəxslərin dindar olduğuna dair zahiri görkəm əlaməti sayılan – uzun saqqal gəzdirdiklərinin də şahidi olduq.
Bu da danılmaz faktdır ki, son zamanalar kriminal aləmə aid olan qatı cinayətkarların öz yollarından uzaqlaşaraq, dini ideologiyanın dalınca getmələri halları çoxalıb. Azərbaycann özündə də belə hadisələrə çox rast gəlinir. Bu transformasiya əsasən cəzaçəkmə müəsissələrində baş verir. Prosesin niyə və necə baş verməsi tam başqa mövzunun söhbətidir.
Ancaq maraqlıdır: Qırğızıstan hakimiyyəti niyə həmin adamları radikal dindarlar kimi deyil, kriminala aid olan şəxslər kimi təqdim edir? Bəllidir ki, kriminal aləm maksimum dərəcədə siyasi sifarişlərdən, qətllərdən özünü kənar saxlamağa çalışır. Azərbaycan vətəndaşları olduğu bildirilən həmin kriminal elementlərin Qırğızıstanın dövlət başçısını öldürməkdə hansı marağı ola bilər?
Heç bir kriminal struktur belə sifarişi qəbul etməz. Çünki onu həyata keçirmək böyük risq tələb edir və reallaşması praktik olaraq qeyri-mümkündür. Çünki söhbət, adi adamdan deyil, ölkə başçısından gedir. Kriminalı yaxından tanıyan mənbələr bu adamları tanımadıqlarını bildirirlər. Deməli, sui-qəsdə iştirakları iddia olunan Azərbaycan vətəndaşları ilə bağlı informasiyanın əsl mahiyyəti heç də cəmiyyətə düz çatdırılmır.
Bu hadisə ilə bağlı informasiyanın Moskvadakı terror aktı ilə eyni gündə açıqlanması da maraqlı görünür. Moskvadakı terrorda Orta Asiya ölkəsi olan taciq izi var. Bizim vətəndaşların saxlandığı ölkə də Orta Asiya coğrafiyasına aiddir.
Bu gün isə məlumat yayılıb ki, DTX Lənkəranın icra başçısına sui-qəsd planlıyan şəxsi və dəstəni ifşa edib. Açıqlanan rəsmi məlumatdan görünür ki, dəstə üzvləri eyni zamanda ölkənin müxtəlif yerlərində ingilis dili dərsi keçən əcnəbi müəllimləri də qətlə yetirməyi planlayırmış.
Bu da kriminal mahiyyətli plana bənzəmir. Ən əsası, təşkilatçının uzun müddət Rusiyada yaşayan azərbaycanlı əsilli şəxs olması da adamı bir qədər düşünməyə vadar edir.
İlkin olaraq belə təəssürat yaranır ki, sanki bütün bu hadisələr arasında bir zəncirvari əlaqə mövcuddur. Çünki belə ciddi proseslərin eyni anda baş verməsi bunu iddia etməyə əsas verir. Təbiidir ki, ən düzünü istintaq ortaya çıxaracaq.
Məhəmmədəli Qəribli.
araz.az xəbər portalı.