Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb.
MR-dəki mənbələrdən azpolitika.info-ya daxil olan məlumata görə, araz.az bildirir ki, MR-in sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Ali Məclisin binasına gedib və Prezidentin Xüsusi Nümayəndəsi Fuad Nəcəfli ilə görüş tələb edib.
Məlumatda bildirilib ki, Fuad Nəcəfli Rza Talıbovu qəbul etməkdən imtina edib, “sözü var, getsin Anar İbrahimovla görüşsün”, – deyə onu Ali Məclis sədrinin müavini Anar İbrahimova doğru yönəldib.
Bundan sonra Rza Talıbov Anar İbrahimovun qəbulunda olub. Onun hansı məsələni müzakirə etmək üçün Ali Məclisə gəldiyi barədə məlumat verilmir.
Lakin şübhəsiz ki, Rza Talıbov məhz atasının razılığı ilə belə bir görüşə can atıb və böyük ehtimalla, məqsədi münasibətləri aydınlaşdırmaq olub. Əks halda, general rütbəsini daşıyan Rza Talıbov əvvəlcədən görüş istəməli, müsbət cavab alarsa, Ali Məclisə getməli idi.
Qeyd edək ki, son zamanlar Talıbovlara münasibətin bir qədər yumşaldığı, Naxçıvandakı bir sıra obyektlərin, daşınmaz əmlakların Talıbovlara qaytarıldığı, onların MR-i tərk etmələrinə qoyulmuş qeyri-rəsmi qadağanın götürüldüyü bildirilir. Təsadüfi deyil ki, Vasif Talıbov istefaya göndəriləndən sonra ilk dəfə xaricə buraxılıb – Novruz tətili günlərini öz yaxınları ilə birlikdə Türkiyədə keçirib.
araz.az xəbər portalı.