araz.az xəbər verir ki, hazırda həbsdə olan Cəfərov Zaur Akif oğlu tanınmış vəlik Adəm Məmmədov haqqında ittihamlar səsləndirib.

“Yeni Sabah”a müraciətində o bildirib ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-139/2022 saylı, 15.12.2022-ci il hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ona beş il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə doqquz ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Təqsirləndirilən Zaur Akif oğlu Cəfərova qərəzli ittiham olunduğunu iddia etdiyi 234.4.3-cü maddəsi ilə bağlı bəraət hökmü verilsə də, təqsirləndirildiyi 228.4 maddəyə əsasən təyin olunmuş doqquz ay müddətində azadlıqdan məhrumetmə qərarı hələ də qüvvədədir.

Zaur Cəfərov iddia edir ki, vəkili Adəm Məmmədov ona təyin olunan qərəzli ittihamlarla bağlı bəraət alacağına söz verərək ondan üç min və dörd min manat olmaqla ümumilikdə yeddi min manat pul alıb. Lakin iddiaya əsasən, vəkil Adəm Məmmədov qərəzli hesab edilən ittihamlarla bağlı yuxarı instansiya məhkəməsində və Ali Məhkəmənin Cinayət Kollegiyasına edilən kassasiya şikayətində iştirak etməyib və düzgün iddia qaldırmayıb. Zaur Məmmədov ailə üzvlərinin vəkillə dəfələrlə əlaqə saxlamağa cəhd etdiyini desə də, zənglər və müraciətlər cavabsız qalıb. Adəm Məmmədovla bağlı Zaur Cəfərov tərəfindən bir sıra dövlət qurumlarına şikayət ərizəsi təqdim olunub.

Vəkil Adəm Məmmədov iddia ilə bağlı açıqlamasında bildirib ki, təqsirləndirilən Zaur Cəfərovla bağlı qərəzli ittiham hökmlərinin hər ikisi ilə bağlı bəraət təmin olunub.

“Cinayət Məcəlləsinin 234.4.3 və 228.4 maddələri ilə ittiham olunan Zaur Cəfərova məhkəmə tərəfindən bəraət verilib. Biz bununla bağlı Apellyasiya Məhkəməsinə müraciət etdik və 228.4-cü maddəyə əsasən təyin olunan doqquz ay müddətində həbs ümumi həbs müddətindən çıxarıldı. Mən bu işlərlə həm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində, həm də apellyasiya məhkəməsində iştirak etmişəm. Ali Məhkəməyə edilən kassasiya şikayətinə isə Zaur Cəfərovun yaxınları gəlmədilər”.

araz.az xəbər portalı.