Səhhətində çoxdandır yaranan problemlərə görə, məhkum həmkarımız getdikcə şiddətlənən ciddi xəstəlikdən əziyyət çəkir
Bu gün məhkum həyatı yaşayan həmkarlarımızdan biri də, Mahmud Tağıyevdir. Özü də, vaxtilə ictimaiyyət arasında nüfuz qazanan qafqaznews.az xəbər saytının və bunun kimi bir-neçə media vasitəsinin rəhbəri olarkən həbs edilib və Mahmud Rasimoğlu imzasıyla yaxşı tanınıb. Buna baxmayaraq, heç bir əsas olmadan şər, böhtan, iftira və yalanlar güdazına gedərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel, 2019 tarixli Hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində nəzərdə tutulan hədə-qorxu yoluyla külli miqdarda pul tələb etmə maddəsi ilə ittiham əməli törətməkdə təqsirli bilinərək, 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Jurnalist həmkarımızın bu həbsində qaranlıq məqamlar çox oldu. Buna görə, ölkənin ayrı-ayrı media vasitələrində, eləcə də, araz.az xəbər portalında müxtəlif səpkili çoxsaylı yazılar dərc edildi. Onda, bu həbslə bağlı şok yaradan nələr yazmadıq?! Bu səbəbdən, üstəlik, növbəti bu yazımızda əsas mövzu tam dəyişdiyindən, başağrısı gətirəcək uzunçuluq olmasın deyə, yalnız bunları xüsusi olaraq vurğulamaq istəyirik ki, həm məhkum jurnalistin həbsindən əvvəl, həm də tutulmasından sonra, ölkənin əksər media vasitələrinin və araz.az-ın verdiyi yazılarda şok yaradan bu epizodlar daha çox qabardılırdı:
— Xəbərdarlıq: Daha bir jurnalistin — Mahmud Rasimoğlunun da, tezliklə provokasiya qurbanı olacağı gözlənilir. Göz qabağında təqib olunaraq, izlənməsi bunları deməyə əsas verir ki, həbsi sifarişli, uzunmüddətli olacaq;
— qafqaznews.az saytı da, öz rəhbər Baş redaktoru ilə belə getdi!.. Müəmmalı həbsinin səbəbləri barədə, mediaya heç bir açıqlama verilmir. Camaat arasında isə, belə söz-söhbətlər gəzir ki, Baş redaktor onunla intriqası olan və pula pul deməyən nüfuzlu bir generalın adamlarının şər, böhtan və fitnə-fəsadlarının güdazına gedib;
— Baş redaktora verilməsi üçün, seriya və nömrələri göstərilməklə, 200 ədəd yüz dollarlıq əskinazları həbslər zamanı istifadə olunan xüsusi toz vasitəsi ilə qabaqcadan tozlandırıblar. Nəzərdə tutulan belə bir əməliyyatın bu cür həyata keçirilməsi də, Azərbaycan Respublikası CPM-nin 134.5-ci maddəsinin tələbinə zidd olub. Ona görə ki, məlum cinayət işinin bu epizodu üzrə şahid qismində yalnız hal şahidləri və təhqiqatçılar dindiriliblər. Lakin jurnalistin müdafiə hüququna tam zidd olaraq, onun dəlillərinin əsası kimi istinad etdiyi şahidlərin heç biri dindirilməyib;
— Tutulandan dərhal sonra, Mahmud Tağıyev şikayətlər yazmağa başladı. Hətta həbsxanada şikayətlər yazmağa davam və qarət olunan əmlaklarını tələb edəcəyi təqdirdə, 12 il müddətində azadlıqdan məhrum ediləcəyi barədə aldığı bütün hədə-qorxulara baxmayaraq, o dinc dayanmaq istəmədi. “Kars”a salınan və müddətsiz ölüm aclığına başlayan jurnalistin özünün, haqsız yerə həbsinə etiraz olaraq verdiyi Bəyanatında yer alan əsas məqamlardan biri o idi ki, o, ölkə vətəndaşlığından çıxmaq istədiyini qəti şəkildə bildirirdi. Bütün tələbləri yerinə yetirilməyənəcən azadlığa çıxmayacağını, ölənəcən “kars”da qalacağını da bəyan edirdi;
— Hökmdən jurnalistin müdafiəçi vəkilləri tərəfindən daha çox müdafiə çalarları qatılan 17 may, 2019-ci il tarixli apellyasiya şikayəti verildi. Şikayətdə bildirilir ki, Mahmud Rasimoğlu barəsində çıxarılan Hökm başdan-ayağa özbaşınalığın və qanunsuzluğun daha bir nümunəsidir. Bu qurama cinayət işi nüfuzlu generalın sifarişi ilə baş tutduğuna görə, cinayət mühakimə icraatının vəzifə, prinsip və şərtlərinə ziddir, uydurma falsifikasiya və saxtalıqlara, fikir və fantaziyalara, məntiqi cəhətdən əsassız mülahizələrə, ehtimallara və yolverilməz sübutlara əsaslanıb. Bir sözlə, müdafiə hüququnun və vətəndaşın digər konstitusion hüquq və azadlıqlarının kobud pozuntuları ilə çıxarılıb.
Qeyd olunanlar bir daha göstərir ki, Mahmud Tağıyevin cinayət təqibi şəxsi sifariş qaydasında həyata keçirilib;
— Baş redaktorun barəsində ayrı-ayrı şəxslər tərəfindən verilən şikayət ərizələrinin qanunsuz, şəxsi sifariş xarakterli olduğundan, nəinki işdə, Hökmdə belə Mahmud Tağıyevin təqsirinin bir dənə olsun sübutu yoxdur. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dəhşətli dərəcədə ədalətsiz Hökm oxunub. Kobud pozuntularla keçirilən məhkəmə müdafiə tərəfinin sübutlarını tədqiq etməkdən əsassız olaraq imtina edərək, protokolları saxtalaşdırib, proses zamanı çıxarılan qərarlarla müdafiə tərəfini tanış etməyib, bir sıra vəsatətlərini gizlədərək, prosesi süni olaraq uzadıb. Halbuki, bu işdə Mahmud Tağıyevin təqsirsiz olmasının onlarla belə sübutu var idi, lakin çoxu falsifikasiyalar, manipulyasiyalar yolu ilə gizlədilirdi;
— Məhkuma birbaşa bəraət qazandıran sənədlərin necə itirilə bilməsi də, bir daha onu göstərir ki, jurnalistin təqsirsizliyinin əsas sübutlarının üzərindən hökmdə susmaqla keçilib və
tagsirsizlik prezumpsiyasına zidd olaraq, proseslərdə sübutların yüku müdafiə tərəfinin üzərinə qoyulub. Üstəlik, keçirilən məhkəmə araşdırması ədalətli olmadığı üçün, tərəflərin bərabərliyi təmin edilməyib və mudafiə tərəfinin bir dənə də olsun şahidi dindirilməyib, bütün vəsatətləri məhkəmə tərəfindən əsassız olaraq rədd edilib, ittiham tərəfinə isə, həmişə “yaşıl işıq yandırılıb”. Elə, bu da, Baş redaktora 15 il cəza verilməsini istəyən qarşı tərəfin nə qədər haqsız, ədalətsiz və hansı insani keyfiyyətlərə sahib olmasından bir daha xəbər verir…
Bu sifariş güc sahibi nüfuzlu şəxs tərəfindən verildiyindən, əlaqədar dövlət qurumları rəsmilərindən yazılanlara və deyilənlərə əhəmiyyət verən tapılmadı. Bu da, biganəliyin və ortada olan əsəb gərginliyi dolu məhkum narahatçılığının ürək göynədən acı nəticələri:
Heç bir əsas olmadan, qanunsuz azadlıqdan məhrum edilən jurnalist Mahmud Rasimoğlu, artıq, saxlanıldığı həbsxanada həkim nəzarətindədir. Səhhətində çoxdandır yaranan problemlərin təsiri getdikcə daha da şiddətlənir. Bir sözlə, məhkum həmkarımız ciddi xəstəlikdən əziyyət çəkir. Bu, 9 saylı CM-nin TSH-in rəisi, tibb xidməti mayoru Anar Adilov tərəfindən, onun adına verilən və aşağıda verdiyimiz tibbi arayışda da, açıq-aydın göstərilir:
Nə edə bilərik, indiyədək etdiklərimizindən savayı əlimizdən nə gəlib ki?! Hər şeyi Böyük Allahımızın ümidinə buraxaq və məhkum həmkarımıza azadlıq arzulayaq! Çünki bütün problemlərin sonunda, Uca Yaradanın buyurduğu ədalət zəfər çalır!
Anar MUSTAFA,
Nadir HƏSƏNLİ,
araz.az xəbər portalının xüsusi müxbirləri.
REDAKSİYADAN:
Məhkum Baş redaktor barəsində çıxarılan Hökmdə provakasiya və sübutların saxtalaşdırılması faktları öz təsdiqini tapdığı üçün, bir qrup jurnalist həmkarı, ötən ilin mart ayının 23-də, ölkə rəhbərinə “Jurnalist Mahmud Tağıyevlə münasibətdə xoş məram göstərəcəyinizə, barəsində əfv məsələsinə baxacağınıza tam ümidliyik!” motivli və xahiş xarakterli Müraciət ünvanladılar. Öz xahişnamələri ilə, imza sahibi yazarlar dövlət rəhbərindən Baş redaktorun əfv olunmasına və azadlığa buraxılmasına kömək əli uzatmasını istəyirdilər.
Bu yerdə, onu da demək yerinə düşər ki, bu motivli Vəsatət indi onun həyat yoldaşı və uşaqları, eləcə də, müdafiəçi vəkili tərəfindən verilib. Həmin vəsatətlərin tam mətnləri belədir:
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Prezident yanında Əfv Məsələləri Komissiyasının sədri cənab Samir Nuriyevə
Surəti:
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum jurnalist Tağıyev Mahmud Rasim oğlunun müdafiəçisi – vəkil Süleymanov Cavanşir İslam oğlu tərəfindən
VƏSATƏT
Hörmətli Samir müəllim!
Sizi Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin sadiq və mətin davamçısı, bütün taleyüklü məsələ və qərarlarda prinsipiallığı, sarsılmazlığı və humanizmi müdrik şəkildə birləşdirən bir şəxs kimi tanıyaraq, Tağıyev Mahmud Rasim oğlu ilə münasibətdə xoş məram göstərməyinizi və onun barəsində əfv məsələsinə baxmağınızı Sizdən xahiş edirəm.
Mahmud Tağıyev, 1977-ci il təvəllüdlü, ali təhsillidir, əvvəllər məhkum olmamışdır, cinayət məsuliyyətinə və digər məsuliyyət növlərinə cəlb edilməmişdir, müsbət xarakterizə olunur, daimi yaşayış yeri, üç övladı var, onlardan biri azyaşlıdır, uzunmüddətli iş stajına malik olan yüksək ixtisaslı təcrübəli mütəxəssisdir.
Mahmud Tağıyev öz jurnalist fəaliyyətində həmişə Azərbaycan dövlətinin qurucusu Heydər Əlirza oğlu Əliyevin və onun sadiq davamçısı Prezident İlham Heydər oğlu Əliyevin kursunu dəstəkləyib.
M. R. Tağıyev 3 iyul, 2018-ci ildən həbsdədir və hazırda bir sıra xəstəliklərdən əziyyət çəkir. Qeyd olunanlara əsasən, Mahmud Tağıyevin əfv olunması məsələsinə baxmağınızı xahiş edirəm.
Hörmətlə,
məhkumun vəkili, hüquq elmləri doktoru, professoru Cavanşir Süleymanov.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri,
Prezident yanında Əfv Məsələləri Komissiyasının sədri cənab Samir Nuriyevə
Surəti:
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Tağıyev Mahmud Rasim oğlunun həyat yoldaşı və uşaqları tərəfindən
VƏSATƏT
Hörmətli Samir müəllim!
Sizi Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin sadiq və mətin davamçısı, bütün taleyüklü məsələ və qərarlarda prinsipiallığı, sarsılmazlığı və humanizmi müdrik şəkildə birləşdirən bir şəxs kimi tanıyaraq, Tağıyev Mahmud Rasim oğlu ilə münasibətdə xoş məram göstərməyinizi və onun barəsində əfv məsələsinə baxmağınızı Sizdən xahiş edirik.
Mahmud Tağıyev, 1977-ci il təvəllüdlü, ali təhsillidir, əvvəllər məhkum olmamışdır, cinayət məsuliyyətinə və digər məsuliyyət növlərinə cəlb edilməmişdir, müsbət xarakterizə olunur, daimi yaşayış yeri, üç övladı var, onlardan biri azyaşlıdır, uzunmüddətli iş stajına malik olan yüksək ixtisaslı təcrübəli mütəxəssisdir.
Mahmud Tağıyev öz jurnalistik fəaliyyətində həmişə Azərbaycan dövlətinin qurucusu – Heydər Əlirza oğlu Əliyevin və onun sadiq davamçısı Prezident İlham Heydər oğlu Əliyevin kursunu dəstəkləyib.
Buna baxmayaraq, ona böhtan atdılar və ədalətsiz məhkum etdilər. Qeyd olunanlara əsasən, Mahmud Tağıyevin əfv olunması məsələsinə baxmağınızı xahiş edirik!
Hörmətlə,
həyat yoldaşı və uşaqları”.
Vəsatətlər ümidlə yazılıb. İmza sahibləri yaxın günlərdə xoş xəbər alacaqlarını, bu dəfəki müraciətlərinin onlar üçün şanslı olacağını deyirlər.
Bu ümidlə, biz də bunu deyə bilirik: “Tanrı köməyi olsun, Böyük Allahımız qapısını açsın!”.
araz.az xəbər portalı.