Aydın Hüseynov: “Çeklərindən istifadə etməyən vətəndaşlarımızın haqqı tanınmalıdır”

Müşfiq Cəfərov: “İnanıram ki, problem hüquqi yolla və vətəndaşın xeyrinə həllini tapacaq”

Xəbər verdiyimiz kimi, əllərində özəlləşdirmə payları (çeklər) qalan yüzminlərlə vətəndaş adından Milli Məclisin üzvlərinə növbəti müraciət ünvanlanıb. Dövlətin qiymətli kağızının tədavül müddətinin qanunsuz olaraq 2011-ci ildə bitməsindən narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər.

Haqq sahiblərinin deputatlara müraciətində qeyd edilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım edilməlidir. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərinin mətnində özəlləşdirmə çeklərinin tədavül müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah ediblər. Deputatlardan xahiş olunur ki, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər (daha ətraflı BURADA).

Özəlləşdirmə çekləri sahiblərinin müraciətləri əsasında Prezident İlham Əliyevin adından problemin aradan qalxması, tarixi ədalətin bərpası üçün Konstitusiya Məhkəməsinə məktub ünvanlanıb. Amma Konstitusiya Məhkəməsi haqqı tapdanmış yüz minlərlə vətəndaşın problemi ilə bağlı qərar vermir. Vətəndaşlar deputatlara ünvanladıqları müraciətdə Milli Məclis üzvlərindən problemin həllində yardımçı olmalarını xahiş edirlər.

Mövzu ilə bağlı AYNA-ya danışan Milli Məclisin üzvü Aydın Hüseynov problemin qanuni yolla həllinin tərəfdarı olduğunu deyib: “Ümumiyyətlə, ölkəmizdə özəlləşdirmə məsələsində yeniliklər, konseptual yanaşmalar gözlənilir. Hesab edirəm ki, bu kimi məsələlər hökumətin yeni strateji qərarlarına əsasən müəyyən edilə, həll oluna bilər. Xatırlatmaq istərdim ki, xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizdə iqtisadi-siyasi, sosial-ictimai münasibətlərdə yeni mərhələnin başlanğıcı qoyuldu. Həmin vaxt ümummilli liderimizin vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətindəki addımlarından biri də özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması idi”.

“Ulu öndər yaxşı bilirdi ki, hər bir inkişaf etmiş ölkənin yüksək tərəqqi mərhələsinə çatması birbaşa azad və liberal iqtisadiyyatın təmin edilməsindən asılıdır. 1995-ci ildə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə özəlləşdirmənin dərin əsasları qoyuldu. Özəlləşdirmə proqramı hazırlanarkən bu sahədə bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş və nəzərə alınmışdı. Nəticədə Azərbaycanda özəlləşdirmənin qarışıq modeli tətbiq edildi, dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və ölkə vətəndaşlarına əvəzsiz verilməsi qərara alındı”, – deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, özəlləşdirmə siyasətinin ən mühüm istiqamətlərindən biri 1996-cı il tarixli fərmanla “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında” Əsasnamənin təsdiq edilməsi idi: “Eyni zamanda, ulu öndər özəlləşdirmə vauçerlərinin dövriyyəyə buraxılması barədə fərman imzaladı. Bununla da vətəndaşlar dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satın alınmasında həmin çeklərdən istifadə etməklə, güzəştli qaydada iştirak hüququna malik oldular. Onu da deyim ki, bir çox vətəndaşlarımız bundan istifadə etdilər. Təbii ki, çeklərindən istifadə etməyən vətəndaşlarımız var ki, onların da haqqı tanınmalıdır”.

“Məsələ burasındadır ki, cənab Prezident İlham Əliyev dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində sosial ədalət prinsipinin əsas tutulması baxımından bir neçə dəfə çeklərin müddətinin uzadılması barədə fərmanlar imzalayıb. Bu müddətlərdə çeklərdən istifadə edildi. Mən başa düşürəm ki, qiymətli kağızları əlində qalan vətəndaşlar bunun düzgün olmadığını iddia edirlər. Məsələ hüquqi yolla həllini tapsa, yaxşı olar”, – deyə deputat vurğulayıb.

Hüseynov hesab edir ki, ölkədə baş verən yeni iqtisadi proseslər çərçivəsində özəlləşdirmə siyasətinə də yenidən baxılması gözləniləndir: “Məlumdur ki, Azərbaycan yeni iqtisadi islahatlar və yeni inkişaf ssenariləri ilə irəliləyir. Özəlləşdirmə çeklərindən istifadəyə tələb bazarın qanunauyğunluqları, özəlləşdirmənin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir. Müəyyən qədər çek var ki, onlar səhm və digər qiymətli kağızlar kimi saxlanılır. Hesab edirəm ki, tələblərə uyğun olaraq, özəlləşdirmə paylarından hansısa formada istifadəyə şərait yaradılması, müraciət edən vətəndaşların probleminin yoluna qoyulması mümkündür”.

Milli Məclisin digər üzvü Müşfiq Cəfərov da AYNA-ya açıqlamasında mövcud problemin qanuni şəkildə həllinin vacibliyinə toxunub: “Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasına 1996-cı ildə başlanılıb və iki mərhələdə həyata keçirilib. Dövlət bu qiymətli kağızlardan geniş istifadənin təmin olunması məqsədi ilə tədavül müddətini bir neçə dəfə uzatdı. Prezidentin bununla bağlı fərmanları var. Məlumata görə, bu dövrdə çeklərin yalnız 80 faizindən istifadə olunub və hazırda 20 faiz vauçerlər əllərdə qalıb. Düşünürəm ki, bu məsələ yoluna qoyulmalıdır. Dövlət hansısa formada əllərdə qalan çeklərin taleyini müəyyənləşdirə bilər”.

Millət vəkili söyləyib ki, özəlləşdirmə paylarının özəlləşdirmə prosesində istifadəsi nəzərdə tutulsa da, bu, tam effekt verməyib: “Nəticə istənilən kimi olmadı. Ümumiyyətlə, çeklər dövriyyəyə buraxılan gündən öz dəyərini saxlaya bilmədi. Halbuki vauçerlər ölkədə qiymətli kağızlar bazarının inkişafında mühüm rol oynamalı idi. Vətəndaşların narahatlığı başadüşüləndir. Ona görə də düşünürəm ki, hüquqi yolla məsələ həllini tapmalıdır. Azərbaycan hüquqi dövlətdir və qanunlar vətəndaşların hüquqlarını qoruyur. Ona görə də inanıram ki, problem hüquqi yolla və vətəndaşın xeyrinə həllini tapacaq”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Aydın GƏRAY.

araz.az xəbər portalı.