“Bu ciddi siyasi məsələlərdə, başqa vaxtlar özünü Amerikanın və Qərbin düşməni, İslamın tərəfkeşi və təəssübkeşi kimi göstərən İranın susqunluq nümayiş etdirməsi məni çox təəccübləndirir!”
Bu gün aktual olan bu mövzu ilə bağlı, araz.az-a açıqlama verən “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin və “Sivil Toplum” Monitorinq Koalisiyasının rəhbəri, siyasi ekspert Əhməd Abbasbəyli xüsusi olaraq onu qeyd etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra, siyasi riyakarlar daha da aqressivləşiblər: “Bu, doğrudan da, koordinasiyalı şəkildə həyata keçirilən birbaşa təzyiq və təhdid kompaniyası, siyasi riyakarlıq deməkdir. Bu barədə, ölkə mətbuatı və xarici media vasitələri, siyasi şərhçilər və ekspertlər çox deyir, çox yazırlar. Mənsə, əsas olaraq onu qeyd etmək istəyirəm ki, təəssüf doğuran bu ciddi məsələlərdə, başqa vaxtlar özünü Amerikanın və Qərbin düşməni, İslamın tərəfkeşi və təəssübkeşi kimi göstərən İranın susqunluq nümayiş etdirməsi məni çox təəccübləndirir! Qərb kimi, İran da, öz xaltasını keçirib
İrəvanın boynuna. Elə, son vaxtlar ermənilərin sərhəddə cəmləşməsinin əsas səbəbi də budur. İran başa düşmək istəmir ki, Cənubi Qafqazda sabitliyi, ələlxüsus, vacib olan Azərbaycanla Ermənistan arasında pozitiv çalarları durmadan artan Sülh Müqaviləsi istiqamətli mülayimləşən prosesləri necə olursa olsun pozmaq, yeni müharibənin başlanmasına rəvac vermək,
konkret olaraq, başda Fransa olmaqla, Qərbin, Avropa İttifaqının və ABŞ-ın başlıca məqsədidir. Elə, onların
hərəkətə keçərək, 5 aprel tarixli ABŞ, Avropa İttifaqı və Ermənistan arasında təhükəsizliklə bağlı saziş imzalamaları da, bunun daha bir sübutudur.
Azərbaycanla sərhədə doğru hərbi hərəkətlənmə ilə startı verilən müharibə təhlükəsinin İrana xeyri olacaqmı, əsla yox! Əsas uduzan da, elə İran olacaq. Bu isə, İranın Qafqaz regionundakı olan-qalan imicinə daha bir ağır zərbə olacaq. Bir daha deyirəm, İran bunu başa düşməlidir”.
Yeri gəldi deyə, siyasi ekspert xüsusi olaraq onu da bildirdi ki, martın 30-da Azərbaycan — Ermənistan şərti sərhədlərinin müxtəlif istiqamətlərində eməni silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən, artilleriya qurğularının, zirehli texnikasının intensiv cəmləşməsi də qeydə alınıb.
“Media vasitələri, sosial şəbəkələr bunun əksi olan görüntülərini durmadan yayımlayırlar. İşğalçı erməni dövlətinin uzun zamandır əsarəti altındakı kəndlərimizin boşaldılması, sülhlə bağlı mövqelərin yaxşılaşması dönəmində İrəvanın şərti sərhədə qoşun cəmləməsi, heç də təsadüfi deyil. Bu, Cənubi Qafqazla bağlı məkrli planlarını reallaşdırmaq istəyən Avropa İttifaqının, Fransanın və ABŞ-ın birbaşa tapşırığıdır. Özü də, çox iyrənc bir plandır və artıq, bu yöndə hərəkətə keçiblər. Bu müştərəklik, birmənalı olaraq, Azərbaycan xalqına və dövlətinə qarşı olmaqla yanaşı, bütövlükdə region üçün böyük təhdiddir. Təbii, Qərb Cənubi Qafqazda Rusiya ilə cəbhə açmaq istəyir və Ermənistan bu prosesdə alət kimi istifadə olunur. Sözsüz ki, Kremlin də Ermənistanın bu davranışına reaksiyası sərt olacaq. Bu da onu göstərir ki, ABŞ və Avropa İttifaqı, eləcə də, Fransa Ermənistanın əli ilə, Cənubi Qafqazda yeni müharibəyə başlamaq niyyətini reallaşdıra bilməyəcək, onların bu dəfəki arzuları da gözlərində qalacaq! Yenə nəticə əvvəlki kimi olacaq. Üstəlik, onlar həm də bilməlidirlər ki, Azərbaycan dəfələrlə sübut edib ki, onu hansısa iyrənc oyunlarla, biabırçı hərbi paktlarla müstəqil siyasətindən daşındırmaq mümkün deyil”, — siyasi ekspert deyir.
Əhməd Abbasbəyli mövzuya əlavə olaraq bildirdi ki, yenicə, Rusiya rəsmi dairələrinə istinadən dərc olunan bir açıqlama ilə də, tanış olub: “Həmin yazıda belə deyilirdi ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da, eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr də, Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycanla işləməlidirlər. Ancaq ABŞ, Fransa və Avropa İttifaqı bağışlanmaz səhvlərini davam etdirməkdədirlər. Bir sözlə, onlar Cənubi Qafqaz siyasətində yanlış bir yol tutublar”.
Əhməd Abbasbəylinin fikrincə, bütün deyilənlər bir yana, Avropa İttifaqı, eləcə də, AŞPA-a belə başa düşmək istəmirlər ki, məkrli planları baş tutmur. Uduzanlar da, sonda plan cızanların özləri olurlar: “İndi də, mütləq və mütləq belə olacaq. Daha doğrusu, itirilmiş çox güclü Qarabağ təsir vasitəsinin bərpası və ya, yeni təsir imkanı qazanmaq, Cənubi Qafqazla bağlı məkrli siyasəti reallaşdırmaq, Rusiyanı regiondan sıxışdırmaq, ən əsası isə, güclü və qüdrətli Azərbaycan və Türkiyə kimi qardaş ölkələrin inkişafının qarşısını almaq mümkün olmayacaq. Necə ki, onların Ermənistanın təhlükəsizliyi, insan haqları, siyasi məhbus kimi öncədən düşündükləri təsir vasitələri ilə, heç nə edə bilmədilər. Əlbəttə, indiki hədəflərini gizlətməyə çalışanlar, artıq, beynəlxalq siyasi səhnədə uduzublar. Bu, bir daha qeyd edirəm, onların aqressivləşmələrinin əsas səbəbidir. Axı, artıq o da göz qabağındadır və onlar bilməlidirlər ki, Qərb təşkilatlarının digər sivilizasiyalara aid dövlətləri, xalqları özlərinə tabe etmək, mümkün qədər onların mental dəyərlərini, milli xüsusiyyətlərini, özünəməxsus məişətlərini dəyişdirmək, assimilyasiya etmək kimi digər məqsədləri baş tutmur. Bir də ki, onların güclü, qüdrətli Azərbaycan və Türkiyəni türk və islam dünyasının lokomotivi kimi, özlərinə təhlükə hesab etmələri də, əbəs və gülüncdür. Həqiqətin belə olmasını bütün dünya gördü.
Son olaraq, bir daha qəti şəkildə deyirəm ki, uduzan yenə də riyakarlar olacaq. Heç bir qüvvə Ermənistanı Gürcüstan, Moldova və Ukrayna kimi qoruya bilməyəcək. Çünki ortadakı NATO — Rusiya savaşı da hər yerdə davam edir. Bu müharibənin bu dəfə Cənubi Qafqaza köçməsi istənilir, özü də, Ermənistan kimi qüdrətsizin əliylə. Sizcə, bu mümkün olar?! Əlbəttə, yox! Öncə Ermənistan Azərbaycan kimi müstəqil və qüdrətli dövlət olmağı bacarmalı və məntiqli qərarlar qəbul etməlidir, ya da üzləşəcək dəhşətli fəlakətlərə hazır olmalıdır. Axı, bu riyakar da, buna hazır deyil!”.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.