Qurucusu olduğu “SOCAR – AQŞ”-nin 12 il 6 ay Baş direktoru vəzifəsini daşıyan Ramin İsayevin həbsinin qaranlıq məqamları barədə araz.az xəbər portalında dərc edilən yazılarda həmişə qeyd edilib ki, ortada mərdimazar barmağı olub. Allah onun vəzifə başında olarkən yerinə göz dikən və həbsinə maddiyyat hesabına nail olan Yusif Cabbarov, Cavid Hümbətov, Vüqar Səmədli… kimi mərdimazarlara min lənət eləsin!

Yazılarda hər dəfə o da qeyd olunub ki, təəssübkeş və tərəfdaşları, eləcə də, ölkənin ayrı-ayrı media vasitələrində çalışan vicdanlı qələm sahibləri indiyədək əllərindən gələni ediblər. Lakin mərdimazarın qurduğu oyundan çıxmağın çətinliyi bir daha öz sözünü deyib. Belə bir çətinlik və gərginlik çərçivəsində, onlar etdiklərindən savayı, daha heç nə edə bilməyiblər. Ümidləri başları üstündəki Böyük Allaha qaldığından, onlar da, ədalətin zəfər çalacağı günü səbirsizliklə gözləyirlər. Artıq onlara da tam aydın olub ki, bütün problemlərin və çətinliklərin sonunda ədalət zəfər çalır! Bir də ki, hər qaranlıq gecənin mütləq və mütləq işıqlı bir sabahı var. Artıq, bu qaranlığın işığı görünməyə başlayıb — bu yaxınlarda sevindirici bir xəbər aldıq ki, nəhayətdə, məhkum sabiq Baş direktorun xeyrinə nəsə etmək mümkün olub. Daha doğrusu, sabiq Baş direktorun özünün iddiasına müsbət reaksiya göstərilib.

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, guya, 16 milyonluq mənimsəməsi olan və bu ittihamla həbs edilən “SOCAR AQŞ” MMC-nin sabiq rəhbərinin cinayət işi üzrə davam edən ibtidai istintaqın müddəti üçüncü dəfə uzadılıb. Gülməlidir, guya, irihəcmli bu iş üzrə ibtidai araşdırmanın yekunlaşması üçün, 8 ay kifayət etməyib. Bu səbəbdən, istintaq orqanının müstəntiqi və ibtidai araşdırmaya prosessual rəhbərlik edən dövlət ittihamçısı prokuror seçilmiş qətimkan tədbirinin uzadılması üçün, məhkəməyə müraciət edib. Binəqədi Rayon Məhkəməsinin Qərarı ilə də, onun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.
Ramin İsayevin isə, məhkəmənin bu Qərarına kəskin reaksiyası olub. Və öz iddiasını, daha doğrusu, apellyasiya şikayətini məhkəməyə təqdim edib.
Bu günlərdə isə, belə bir xəbər aldıq ki, məhkəmə, onun xeyrinə Qərar çıxarıb və 3 aylıq uzatmanı 2 aya endirib. Deyəcəksiniz, bu nədir ki?! Axı, ibtidai istintaq altında olan Ramin İsayevin özünün və müdafiəçi vəkillərinin indiyədək bir dənə də olsun iddia və etirazlarına müsbət reaksiya
olmayıb. Kobud pozuntularla keçirilən istintaq və məhkəmə proseslərində onların sübutlarını tədqiq etməkdən əsassız olaraq imtina edilib, protokollar saxtalaşdırılıb, proseslər zamanı çıxarılan qərarlarla müdafiə tərəfinin tanış olmasına imkan verilməyib. Bir sıra vəsatətlər gizlədilərək, proses süni olaraq uzadılıb. Halbuki, bu işdə Ramin İsayevin təqsirsiz olmasının onlarla sübutu olub, lakin çoxunun qarşısına falsifikasiya və manipulyasiyalar yolu ilə, “qırmızı işıq yandırılıb”. Bir sözlə, məhkuma birbaşa bəraət qazandıran sənəd və iddialarının qəbulu rədd edilib. Bütün bunlar bir daha onu göstərir ki, məhkumun təqsirsizliyinin əsas sübutlarının üzərindən susmaqla keçilib və təqsirsizlik prezumpsiyasına zidd olaraq, qanunsuz addımlar atılıb. Elə, bu da, sabiq Baş direktora ağır cəza verilməsi istəyində olanların nə qədər haqsız, ədalətsiz və hansı insani keyfiyyətlərə sahib olmalarından bir daha xəbər verir. Elə, bunlara görə, araz.az-ın bu barədəki son yazısında qeyd etdiyimiz kimi, Ramin İsayevin özünü də, işdə olan saysız-hesabsız belə qanunsuzluqlar sakit durmamağa təhrik edib. Artıq, o da, susmayacağını qəti şəkildə bəyan edib.

Yeri gəldi deyə, onu da qeyd etməyi lazım bildik ki, artıq, bir media vasitəsi əməkdaşları olaraq, bizə də, bu həbsdəki qaranlıq məqamların işıq saçan çox səbəbləri məlum olur. araz.az xəbər portalı adından ortaya çıxardığımız əsas fakt isə budur ki, bu şəxs barəsində irəli sürülən ittihamlar, hələ də, öz təsdiqini tapmır. Lakin mərdimazarların külli miqdarda maddiyyatları hesabına sifarişlə həyata keçirildiyi üçün, bu həbslə bağlı, indiyədək heç nə etmək mümkün olmayıb. Ümid qalıb başımız üstündəki Böyük Allahımıza və bir də, ölkə başçısına. Axı, beynəlxalq ictimaiyyətin belə yaxşı tanıdığı belə bir şəxsin həbsdə saxlanılması xalqımıza və dövlətimizə başucalığı gətirmir. Buna və
barəsində çıxarılan qaranlıq məqamlı müəmmalı həbsinə ölkə rəhbərinin tezliklə müsbət reaksiya göstərəcəyi də, şübhə doğurmur. Bir sözlə, möhtərəm Prezidentin sabiq Baş direktora münasibətdə xoş məram göstərəcəyinə tam ümidliyik.

Son olaraq, bir daha demək istəyirik ki, Ramin İsayevin müəmmalı həbsində qaranlıq və ziddiyyətli məqamlar var. Amma, əvvəlcədən də dediyimiz kimi, hər qaranlıq gecənin mütləq işıqlı bir sabahı olur. Kim nə deyirsə desin, aldığımız son xəbər ona bir işarədir ki, bu qaranlığın da, artıq işığı görsənir. Çünki özü qaranlıqda işıq saçan bir insanın — beynəlxalq neft-qaz sənayesində uzun müddət ­rəhbər vəzifələ­rdə çalışan, bu sahədə tayı-bərabəri olmayan mütəxəssis, ən uğurlu biznes idarəçilərindən biri kimi özünü tanıdan belə bir həmyerlimizin, heç bir əsas olmadan, böhtan və şantaj yolu ilə hal-hazırda həbsdə olması ədalətsizlik nümunəsidir. Doğma-yaxınlarına, tərəfkeş və təəssübkeşlərinə,
onunla bir yerdə işləyənlərə indiyədək aydın deyil ki, axı, 2020-ci ildə “SOCAR — AQŞ” MMC-nin Baş direktoru vəzifəsindən azad edilən Ramin İsayevin, 2023-cü ilin iyul ayında, başqa vəzifə başında həbs olunması necə həyata keçirilə bilərdi?! Onlar da yazırlar ki, bu adam, 1200 nəfərlik müəssisənin rəhbəri olanda da, intellektual səviyyəli insan kimi özünü göstərib, necə deyərlər, hər kəsə atalıq edib. Və belə bir həmyerlinin olmasına görə, fəxarət duyublar həmişə.
Onların qəti şəkildə dedikləri də budur ki, vicdan çərçivəsinə sığmayan bu müəmmalı həbs işinin ədalət müstəvisinə yönləndirilməsi üçün, sonadək mübarizə aparacaqlar.

Məhz bunlara görədir ki, aldığımız son xəbər, onun müəmmalı həbsinə görə, hədsiz təəssüf hissləri keçirərək, pozulmuş hüquqlarını və haqqını tələb edən hər kəsə, sanki qol-qanad verib.

Əli HÜSEYN,
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.