Azərbaycanda fəaliyyət göstərən, camaatın adlarını belə eşitmək istəmədiyi əksər karqo şirkətlərindən şikayətlər hədsizdir. Bu barədə, ölkənin əksər media vasitələri kimi, araz.az xəbər portalı da, dəfələrlə yazılar dərc edib. Növbəti şikayət “Karqolardan Şikayətlər” adıyla tanınan qrup tərəfindən redaksiyamıza ünvanlanıb. Qrup adından öncə mediaya təşəkkür bildirilir və xüsusi olaraq vurğulanır ki, karqoların fəaliyyətindəki neqativ hallara qarşı mətbuatla birgə göstərdikləri cəhdlər, nəhayət, istənilən nəticəni verdi: “Bu, ən azından ilkin olaraq, elə pis nəticə də deyil. Belə ki, karqoyla bağlı şikayətlərin mətbuatın köməyi ilə gündəmə gəlməsi və müştəri prinsipiallığı hesabına istədiyimiz nəticəni əldə etmək mümkün oldu: İlk dəfə olaraq, bir karqo rəsmən cəzalandı!

Əldə olunan bu uğurdakı ciddi roluna görə, mediaya, xüsusən də, şikayətləri daha çox paylaşan saytlara istehlakçılar adından təşəkkürlər çatdırırıq!

Belə düşünürük ki, özbaşına karqoların ifşa olunması və layiqli cəzasını alması üçün, bu paylaşımı, bu sujeti dərc etmək də, çox önəmli olacaq. Çünki, bu, özündə digər “bezpredel” daşınma firmalarının ağıllanması üçün çəkindirici və vətəndaşlar üçünsə, ilhamverici mahiyyət ehtiva edir.

Tezliklə, bizim özümüzün də, aktiv və çoxşaxəli virtual platformalarımız istifadəyə veriləcək. Onda da, yenə mətbuatın köməyi ilə, bunun daha yaxşı nəticəsi olacaq, inşallah!”.

Hələlik, bu yazının daha yaxşı nəticəsi olması ümidiylə, “Karqolardan Şikayətlər”in növbəti bu yazısını araz.az-da dərc edirik:

“Azərbaycan tarixində, bəlkə ilk dəfə, mümkünsüz bir hadisə yaşanıb! Bir karqo, etdiyi qanunsuzluqlara görə, rəsmi olaraq cəzalanıb!

Hələ bir müddət əvvəl, bu karqo müştərilərindən birinin saytlara göndərdiyi Müraciəti dərc olunub. Həmin Müraciətdə deyilirdi: “Bahar Karqo” adlı daşınma şirkəti, vəd etdiyinə əməl etmir. Daha dəqiq desək, saytda bir cür, sosial şəbəkə hesabında isə, başqa cür tarif təqdim edir. Müştərinin dəfələrlə etdiyi xəbərdarlıqlara, karqo, belə bir gülməli cavab verib ki, əsas olan sayt deyil, instaqram səhifəsidir…”

Şirkətin mədəniyyətsiz və özbaşına müdirini ağıllandırmaq üçün, işin axırına qədər gedən vətəndaş, öncə, “antiinhisar” dövlət qurumuna şikayət xarakterli öz Müraciətini ünvanlayıb. Lakin müvafiq quruma göndərilən şikayət, həmişə olduğu kimi, yenə də, nəticəsiz qalıb. Daha doğrusu, qurumun geridönüş edən əməkdaşı, çox əcaib şəkildə, belə karqo barədə məlumatı olmadığını bildirib və bununla bağlı, başqa quruma müraciət etməyi tövsiyyə edib. Və bundan sonra, müştəri, necə deyərlər, “antiinhisar”ı da qatıb “Bahar Karqo”ya və hər ikisini “qovmağa” başlayıb! Belə ki, o, şikayətinin mətninə, bu qurumun adını da əlavə edərək, ölkənin media vasitələrinə ünvanlamaq qərarına gəlib. Və sonra, “antiinhisar”a yenidən Müraciət ünvanlayıb və bu dəfə, saytlarda gedən məqalənin linklərini də, öz Müraciətinə əlavə edib. Mediada biabır olduğunu görən qurum rəhbəri Məmməd Abbasbəyli məcbur qalıb ki, bu dəfə işin üzərində ciddi dayansın. Nəticədə, “antiinhisar”, protokol tərtib edərək, karqo barədə olan fakt əsasında, məhkəməyə Müraciət göndərib. Üstəlik, müştərinin şikayət etdiyi qanun pozuntusundan əlavə, başqa bir pozuntunu da, akta əlavə edib. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 2 maddəsi üzrə, məhkəmə, “Bahar Karqo” barədə sanksiya tətbiq edib. Bu iki maddə üzrə toplam maksimum cərimə isə, 7650 manatdır. Bu da o deməkdir ki, sözügedən karqo, ən azından 5100 manat cərimə olunub!

Bəli, bu, heç də az məbləğ deyil. Hər halda, şirkətin “lotu” rəhbərinin bir neçə gün “sutkalığa” getməsindənsə, bu qədər məbləğdə cərimələnməsi, daha təsirli yoldur.

Belə… Çoxsaylı müştərilərə qarşı fırıldaqçılıq edən, qanunlara məhəl qoymayan bir karqo şirkəti və onun rəhbəri, ağır bir dərs aldı. Özü də, yüzlərlə müştərinin deyil, sadəcə 1 müştərinin şikayəti əsasında. Deməli, şikayət etməyin xeyri varmış, yetər ki, effektiv və düzgün metodlar seçilsin!

Doğrudur, yüzlərlə haqlı şikayətə, “antiinhisar” qurumu başdansovdu yanaşır, bəzən heç cavab belə vermir. Lakin, siz də, ümidinizi bu quruma deyil, saytlara bağlasanız, daha yaxşı olar. Çünki ciddi bir məsələ saytlar vasitəsi ilə gündəmə gələndə, ən azından, “antiinhisar”ın və onun rəhbərinin reytinqi azalır. Beləcə, onlar da məcbur qalırlar ki, ciddi bir tədbir görsünlər. Karqolar, hətta cərimlənməsələr belə, ən böyük zərbə elə onlara dəyir: On minlərlə potensial müştəri, saytları izlədiyinə görə!

Barəsində öncədən danışdığımız sujeti də, sizlərə təqdim edirik:
https://www.youtube.com/watch?v=SFlOUtO0q5c”.

Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.