“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə “Gənc Liderlər Akademiyası” çərçivəsində növbəti görüş baş tutub. Görüş 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olub.

araz.az soydas.az-a istinadən xəbər verir ki, ilk olaraq tədbir iştirakçıları 31 mart soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Daha sonra “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin icraçı direktoru Murad Muradov çıxış edərək 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələrinin törətdiyi soyqırımı haqqında gənclərə məlumat verib.

Görüşün sonunda gənclər Lənkəran və Şamaxı qəzasının müsəlman əhalisinin məruz qaldığı erməni vəhşiliyini, eləcə də mərdlik, dözümlülük və vətən sevgisi motivlərini özündə əks etdirən “Unudulmuş mart” adlı filmi izləyiblər.

araz.az xəbər portalı.