İspaniyanın RTVE telekanalı Madriddə türk əsilli azərbaycanlı iş adamı Əli Evsenin “Evsen Foundation” fondu tərəfindən təşkil edilən və BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun karyerasını bitirən beynəlxalq konfransdan reportaj hazırlayıb. Reportajın videoyazısı ötən gün “Evsen Foundation”un YouTube kanalında yerləşdirilib.
Bir neçə il əvvəl Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin milyardlarının “yuyulmasında” ittiham edilərək barəsində beynəlxalq axtarış elan olunan və İspaniyada həbs edilən, amma sonradan sərbəst buraxılan Əli Evsen “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” adlı beynəlxalq konfransı artıq üçüncü ildir təşkil edirdi.
Və noyabrın əvvəllərində keçirilən bu konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri arasında Milli Məclisin üzvü və rektor Abel Məhərrəmovun iştirakı ilə baş verən, hətta ispan polisinin müdaxiləsinə gətirib çıxaran qalmaqal barədə məlumatlar ötən həftə mətbuata sızdırılıb. Bunun ardınca Abel Məhərrəmov işdən çıxarılıb. Məlumatlara görə Abel Məhərrəmov bərk sərxoş halda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə sataşıb. Habelə onun Madridə gedərkən özü ilə çəlləklərlə dolu şərab apardığı da bildirilir.
İspaniya telekanalının reportajının “Evsen Foundation”un reklam şərtləri əsasında hazırlandığı təxmin edilə bilər. Çünki reportajda Azərbaycan nümayəndə heyətinin üzvləri demək olar ki, gözə dəymir. Əksinə, Əli Evsen və qudası Allahşükür Paşazadənin yanaşı oturduqları görünür. Reportajda iştirakçıların bəzilərinin açıqlamalarına yer verilir, amma konfrans barədə danışanlar arasında da Azərbaycan nümayəndə heyətinin üzvləri yoxdur. Bununla belə reportajın sonunda ötəri də olsa Abel Məhərrəmov gözə dəyir.
Əli Evsen təxminən 16 dəqiqəlik reportaj boyu tərcüməçisi vasitəsilə konfrans və onun dinlərarası dialoqun qurulmasında əhəmiyyəti barədə danışır.
Xatırladaq ki, mətbuata sızdırılan məlumatlara görə Abel Məhərrəmov həm də Əli Evsenlə dava edib, onu İspaniyada səfir işləyən oğluna qarşı “saymamazlıqda” günahlandırıb.
[bt_youtube url=”https://youtu.be/PnF7mxTLZmQ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.