turizm

Havaların istiləşməsi ilə əlaqədar olaraq turizm sektorunda canlanmalar başlayır. Yay tətilini səmərəli keçirmək üçün indidən hazırlıqlara başlayanlara da rast gəlinir. Ənənəvi olaraq, kimi yay istirahətlərini yerli turistik zonalarda, kimi isə xarici səyahətdə keçirməyi düşünür.

araz.az xəbər portalının əldə etdiyi xəbərə görə, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasın İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru olan Samir Dübəndi İqtisadiyyat.az-a açıqlamasında deyib ki, yaz-yay aylarında dünya turizm coğrafiyasında canlanma baş verir. Onun sözlərinə görə, bu, turizm sənayesi üçün ilin yüksək mövsümü hesab edilən (high season) dövrdür:

“Məhz yaz-yay aylarında bir çox turizm destinasiyalarında turizm və qonaqpərvərlik sənayesinin xidmətlərinə tələb və təkliflər artır. Hazırda artıq yay ayları üçün bir sıra turizm istiqamətləri üzrə erkən rezervasiyalar getməkdədir. Çünki, erkən rezervasiyalar turistlərə daha geniş çeşiddə seçim imkanları, eyni zamanda, 30%-50% endirim əldə etmək imkanları verir. Ənənəvi olaraq ölkədaxili (domestic tourism) və xarici (outgoing) turizm istiqamətləri üzrə daha yüksək dinamika göstərən destinasiyalar olmaqdadır. Ölkə daxilində bunlar sırasında Şəki, Quba, Qusar, Gəbələ, Lənkəran, Mingəçevir, Naftalan, Göy-Göl kimi destinasiyaların adını çəkmək olar. Azərbaycan vətəndaşlarının xarici səfərlər üzrə daha populyar istiqamətləri Türkiyə, Rusiya, BƏƏ, Misir, Monteneqro, İspaniya kimi destinasiyaları sadalaya bilərəm”.

Gəlmə turizm baxımından Türkiyə, Rusiya, Qazaxstan, Pakistan, Hindistan, Səudiyyə Ərəbistanı, Küveyt kimi destinasiyaların daha yüksək göstəricilər nümayiş etdirdiyini deyən S.Dübəndi bildirib ki, bu tendensiya davam edəcək. Onun sözlərinə görə, bu ilin noyabr ayında COP29-un keçirilməsilə əlaqədar olaraq ilin sonuna biz bu coğrafiyanın genişlənməsini görəcəyik:

“Ölkə vətəndaşları müxtəlif turizm şirkətlərinin çoxsaylı təklifləri sırasında xərclərinə və komfortuna görə fərqlənən müxtəlif seçimlər əldə edə bilirlər. Ölkədaxili turlar və xarici səfərlər üçün hətta bir sıra turizm agentlikləri sərfəli ödəniş şərtləri təklif edirlər, kreditlə, hissə-hissə və sair. Turların qiyməti ona daxil olan bir sıra xidmətlərdən formalaşır. Əgər bu xidmətlərin komfort dərəcəsi, fərqli cəhətləri, unikallığı və sair amilləri yüksəkdirsə, bu turların qiymətləri də özlərinə uyğun formada yüksək olur. Misal üçün 3 və 5 ulduzlu hotellər daxil olan turların qiymətində, təbii ki, fərq olacaq. Təcrübə onu göstərir ki, daha populyar olan turizm destinasiyaları rahat və birbaşa kommunikasiyalara malik olanlardır. Yəni, birbaşa reyslər olan turizm destinasiyaları arasında turist mübadiləsi daha yüksək olur. Digər təcrübələr onu göstərir ki, dünya üzrə xarici turist daşımalarının əsas hissəsi turist səfərlərini təşkil etmək məqsədilə fəaliyyət göstərən çarter reyslərdir. Çarterlər turizm operatorları və avia şirkətlər arasında yaranan əməkdaşlıq nəticəsində həyata keçirilir. Düşünürəm ki, bizim turizm sənayemizdə bu təcrübələr zəif inkişaf edib. Çarter reyslər turların qiymətində xeyli endirimlər tətbiq etməyə imkan yaradır, o cümlədən insanların turizm coğrafiyasını, üz tutduqları destinasiyanı daha maraqlı, cəlbedici, rahat təqdim etməyə bir fürsətdir”.

“Fürsətdən istifadə edərək və “Yaşıl dünya naminə” ilin yaşadığımızı, o cümlədən, ölkədə COP29 kimi möhtəbər tədbirin keçirilməsi faktlarını nəzərə alaraq bütün turistləri, vətəndaşlarımızı, turizm mütəxəsissərini və aidiyatı digər tərəfləri ərtaf mühitin mühafizəsinə, ekoloji norma və qaydalara daha ciddi yanaşmaqa, yüksək ekoloji mədəniyyət nümayiş etməyə çağırıram”, – o əlavə edib.

araz.az xəbər portalı.