“Yeni orfoqrafiya lüğəti hazırdır, üzərində yoxlama işləri aparılır”.
Arazaz bildirir ki, bunu bakupost-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri Möhsün Nağısoylu deyib.
M. Nağısoylu deyib ki, yeni orfoqrafiya lüğəti hazırda masasının üzərindədir: “Özüm şəxsən hərf-hərf yoxlayıram. Lüğətə azı 5 min yeni söz daxil edilib, bunları da müzakirə edir, nizamlayırıq. Hazırda şübhə doğuran sözlərin qalıb-qalmamasını müzakirə edirik. Bu orfoqrafiya lüğətinin indiyə qədər olan orfoqrafiya lüğətləri sırasında özəl yeri olacaq”.
Dövlət Dil Komissiyasının üzvü şübhəli sözlərin də bir qismini açıqlayıb: “Məsələn, “müəllimlik etmək”, “fəhləlik etmək” kimi şübhəli sözlər bu sıradadır. Yaxud “kələm dolması”, “yarpaq dolması” söz kimi 1960-cı ildə işıq üzü görən orfoqrafiya lüğətində, 1970-ci illərdə və sonralar nəşr olunan orfoqrafiya lüğətlərində də var. Ancaq bunlar söz birləşmələridir, söz deyil. Bunların hamısı üzərində müzakirələr aparırıq”.
M. Nağısoylı yeni orfoqrafiya lüğətinin gələn ilin birinci rübündə çapa təqdim olunacağını nəzərə çatdırıb: “Sadəcə hazırda yoxlama işləri aparılmaqla bərabər, biz Nazirlər Kabinetinin yeni orfoqrafiya qaydalarını təsdiqləməsini gözləyirik. Orfoqrafiya qaydaları təsdiqlənəndən sonra Elmi Şurada bir daha şübhəli sözlərə baxacağıq və yekun qərarımızı verəcəyik ki, bu söz orfoqrafiya lüğətinə düşsün, düşməsin. O mərhələdən sonra orfoqrafiya lüğəti çapa gedəcək. Gələn ilin birinci rübündə yeni orfoqrafiya lüğətini çapa təqdim etməyi planlaşdırırıq”.
/Manevr.az/
araz.az xəbər portalı.