bakli-insan.jpg

“Crocus City Hall”da baş verən terror aktından əvvəl də miqrantlara qarşı Rusiyada münasibət pisləşmişdi. Onlar hətta miqrantları günahlandırırdılar ki, Rusiya müharibə aparır, amma onlar heç bir şəkildə bu müharibəyə yardım etmirlər, hansısa formada müharibədə iştirak etmirlər. Deyirdilər ki, müharibədə iştirak etmirlərsə, heç olmasa, hansısa formada maddi yardım göstərsinlər, yaxud könüllü kimi çağrılsınlar”. 

araz.az iqtisadçı Natiq Cəfərlinin bu fikirlərini yenisabah.az-a açıqladığını bildirir. Miqrantlara qarşı tədbirləri sərtləşdirən Rusiya hökuməti barədə danışan ekspert bildirib ki, bu münasibət “Crocus City Hall”da baş verən terror aktından əvvəl də özünü göstərirdi:

“Bu suallar Rusiya cəmiyyətində çoxdan var idi və miqrantlara qarşı ritorika kifayət qədər sərtləşmişdi. Dövlət televiziya kanallarında belə miqrantları açıq-aşkar günahlandıran çıxışlar edilirdi. “Crocus City” hadisəsi isə ictimai ritorikada bardağı dolduran son damla oldu. Artıq nəinki miqrantlara qarşı ritorika sərtləşib, hətta qanunlar da sərtləşir. Dövlət Dumasına bununla bağlı ard-arda bir neçə qanun layihəsi təklif olunub ki, miqrantların Rusiyada qalması şərtləri kifayət qədər sərtləşdirilsin.

Bura həm iş icazələrinin alınması qaydalarının sərtləşdirilməsin, həm rus dili, tarixi ilə bağlı imtahanların sərtləşdirilməsi aiddir. Yalnız mütəxəssislərin ölkədə qalıb işləməsinin tərəfdarı olanlar çoxdur.

Artıq 2 aydan çox Rusiyada qalmaq istəyənlərə ağır şərtlər gətirilir. Yəqin ki, gələn həftə, ya da bu həftənin sonunda Dövlət Duması birinci oxunuşda bu qanunları qəbul edəcək. Bundan sonra miqrantların vəziyyəti daha da pisləşəcək.

İqtisadçı bildirib ki, bundan sonra Rusiyadakı əmək miqrantlarına qarşı qanunvericiliyin tələbləri xeyli sərtləşdiriləcək:

“Rusiya rəsmi dairələrinin verdiyi məlumata görə, 800-900 minə yaxın insan artıq Rusiya vətəndaşlığı alıb. Miqrantlara qarşı aparılan kampaniya Rusiya vətəndaşlarına aid deyil, kimin ki, Rusiya pasportu var, onlara hər hansı formada təsir edə bilməzlər. Amma yarım milyondan bir milyon yarıma qədər qeydiyyatsız miqrant da var. Onlar Azərbaycan vətəndaşlarıdır və bundan sonra onlarla bağlı vəziyyət qəlizləşə  bilər. Çünki bundan sonra iş icazələrinin, oturum icazələrinin alınması sərtləşə bilər və bu sərtləşmələr nəticəsində onların bir qisminin vətənə dönməsi məsələsi gündəmə gələ bilər, çünki iş olmayandan, pul qazana bilməyəndən sonra Rusiyada qalmağın mənası olmayacaq”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycan hökuməti indidən buna hazır olmalı və geri dönəcək şəxslər üçün müxtəlif qanun layihələri hazırlamalıdır:

“Bu haqda artıq indidən düşünmək lazımdır. Mənə elə gəlir ki, Azərbaycan hökuməti də bu barədə ciddi proqram hazırlamalıdır. Çünki istər-istəməz Rusiya ilə bağlı vəziyyət birmənalı deyil və durum daha da pisləşə bilər. Rusiya-Ukrayna müharibəsi kontekstində hətta iqtisadi, siyasi vəziyyət daha da kəskinləşə bilər. Ona görə də Rusiyadan qayıtmaq istəyənlər bura gəlib biznes qurmaq istəsə, hansısa formada işləmək istəsə, onlara şərait yaratmaq lazımdır. Əslən Qarabağdan olan soydaşlarımızdan Rusiyada çalışanlar kifayət qədərdir, onlar üçün çox böyük təşviq proqramları qəbul edilməlidir, soydaşlarımızın geri qayıtmasından qorxmaq, çəkinək lazım deyil. Zatən Azərbaycanda demoqrafik vəziyyət getdikcə pisləşir, indi doğuş sayı azalır. Bizə əhali artımı onsuz da lazımdır.

Ölkəmizə geri qayıdanlarla bağlı ağıllı, düşünülmüş bir proqram qəbul edə, onlara biznes fürsətləri yarada bilərik. Onlar bizə yük deyil, əksinə fürsətdir. Rusiyada yaşayan həmvətənlərimiz bizim üçün bir fürsətdir, onlar geri dönsələr, ölkə iqtisadiyyatında ciddi, dinamik inkişafa səbəb olacaqlar”.

araz.az xəbər portalı.