Aprelin 3-də Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “Bir ömrün izi ilə” kitabının təqdimatı olub.
araz.az xəbər verir ki, kitab Azərbaycan sovet fəlsəfə tarixinin banisi, Azərbaycan SSR Elmlər Akademiyasının ilk vitse-prezidentlərindən biri, akademik Heydər Hüseynovun həyat və yaradıcılığından bəhs edir.
Qərbi Azərbaycan İcmasında keçirilən təqdimat mərasimində çıxış edən İcmanın sədri Əziz Ələkbərli bildirib ki, bu gün, eyni zamanda, görkəmli Azərbaycan alimi, filosof, elm təşkilatçısı, ictimai xadim, akademik Heydər Hüseynovun doğum günüdür. 1908-ci il aprelin 3-də İrəvan şəhərində anadan olan Heydər Hüseynov elm və təhsilimizə böyük töhfələr verib. İctimai və humanitar elmlərin, xüsusilə fəlsəfənin inkişafında alimin xidmətləri əvəzsizdir.
Əziz Ələkbərli nadir arxiv sənədləri, akademikin həmkarlarının, tələbələrinin, ailə üzvlərinin xatirələri əsasında yazılan “Bir ömrün izi ilə” kitabında bu günə qədər ictimaiyyətə məlum olmayan bir çox məqamlara aydınlıq gətirildiyini deyib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov, İcmanın İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə, Ziyalılar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Nizami Cəfərov, İcma sədrinin müavini, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Etibar Əliyev, Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, şair-publisist Flora Xəlilova bildiriblər ki, H.Hüseynovun elmi yaradıcılığı olduqca zəngindir. Üç yüzədək əsərin, o cümlədən monoqrafiya, kitab və çoxsaylı məqalələrin müəllifi olan H.Hüseynovun elmi irsi bu gün də aktuallığını itirməyib.
Qeyd edilib ki, 1935-1950-ci illərdə Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan alimin həyatını faciəli sonluğa gətirib çıxaran hadisələr və səbəblər nəşrdə ilk dəfə açıqlanır. Kitabda Heydər Hüseynovun biblioqrafiyası, şəxsi arxivində olan sənədlərin siyahısı, onların fotoşəkli, ailə fotoalbomu yer alıb.
Təqdimat mərasimində, həmçinin Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, İrəvan şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva çıxış edərək Heydər Hüseynovun həyatı haqqında və müəllifi olduğu kitab barədə məlumat verib. O bildirib ki, Heydər Hüseynov haqqında yüksək kürsüdə ilk dəfə Ulu Öndər Heydər Əliyev danışıb. 2008-ci ildə isə Prezident İlham Əliyev Heydər Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Ölkəmizdə görkəmli filosof alimin 100 illiyi ilə bağlı böyük tədbirlər keçirilib.
Kitabın yazılması prosesindən bəhs edən Fəridə Səfiyeva qeyd edib: “Filoloq olaraq bu kitabı yazmaq mənə nəsib oldu. 2008-ci ildə Heydər Hüseynovun 100 illiyi ilə bağlı tədbirlərdən birində onun qızı Leyla xanımla tanış oldum. O mənə atasının arxiv sənədlərini təqdim etdi, onunla bağlı kitab yazmağımı xahiş etdi. Bu kitabı yazmağı özümə mənəvi borc olaraq görürdüm. Mən arxiv sənədlərini böyük məhəbbət və sevgi ilə araşdırıb yazmağa çalışırdım. Onları yazdıqca da böyük fəxr hissi keçirirdim”.
araz.az xəbər portalı.