9D495B0A 7E1B 4672 8576 61388DD53046

İllər keçəcək, zaman gələcək ki, Mütəllibov böyüklüyü, müdrikliyi bir daha təsdiq olunacaq

Yaxın tariximizə Qarakənd faciəsi adı ilə yazılan, Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimlərinin də olduğu vertoloyotun ermənilər tərəfindən atəşə tutulumasından, artıq 27 illik bir tarixi zamanı arxada qoyduq. Baş verən faciə nəticəsində 22 nəfər şəxs həlak olmuşdu.

İyirmi yeddi il bundan əvvəl, yəni 1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi vertolyotunun erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində heyət üzvləri və sərnişinlər-Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər – dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev və digərləri həlak olurlar. İlk əvvəl vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, çox keçmədi ki, onun vurulması faktı təsdiqləndi. Həmin vaxtdan 27 il keçməsinə baxmayaraq, müəyyən iddialara görə həmin hadisə ilə bağlı bəzi qaranlıq məqamlara hələ də tam şəkildə aydınlıq gətirilməyib. Yəni, bu gün də hər kəsi düşündürən bir məsələ var. Görəsən səbəb nə olur ki, bu qədər dövlət rəsmisi eyni zamanda bir vertolyota minirlər? Nə üçün döyüş zonasında mühafizə üçün onu hərbi vertolyot müşayiət etməyib? Uçuşun dəqiq marşrutunu ermənilər haradan bilirlər?
Müəyyən iddialara görə, həmin məlumat yalnız Qarabağda sovet silahlı qüvvələrinin komandanlığına bəlli olur. O zaman Qarabağ ərazilərində ən çox istifadə olunan silah, məhz təyyarəvuran zenit raketləri və eyninövlü “Alazan” raketləri olur. Ümumiyyətlə, istilik raketlərindən heç bir halda istifadə olunmur. Aviaqəzalarda bütövlüyünü saxlayan və zədəsiz qalan qara qutudakı lentin “yanması”da, birbaşa qaranlıq məsələlərin varlığından xəbər verir.
Onu da bildirək ki, baş verən terror aktı erməni separatçılarının iç üzünü açdı və onların terrorçuluq əməllərinin mahiyyətini bir daha sübuta yetirdi. Baş verən aviaqəza ilə bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılsa da, artıq cinayət işi üzrə istintaq tam şəkildə dayandırılıb. Buna da əsas səbəb, terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olması faktının varlığıdır.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olur ki, onlar aşağıda adlarını çəkdiyimiz və qeyd olunan vəzifələri daşıyan şəxslər olurlar.
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi,
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror,
Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri,
Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini,
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili,
Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili,
Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri,
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini,
İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru,
Vladimir Vladimiroviç Kovalyov-DQMV Daxili İşlər İdarəsinin rəisi,
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi,
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı,
Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini,
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru,
Oleq Nikolayeviç Koçerev – polkovnik-leytenant,
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi,
Alı Mustafa oğlu Mustafayev – telejurnalist,
Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı,
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator,
Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri,
Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü,
Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü
Bəli, baş verən faciə xalqımızın heç zaman unuda bilməyəcəyi faciələrdən biridir. Çünki, bu faciə nəticəsində neçə-neçə tanınmış simalar, görkəmli dövlət və ictimai-siyasi xadimlər dünyalarını dəyişdilər. Həmin vaxtlarda respublikamızın ilk prezidenti olmuş hörmətli Ayaz Mütəllibov, dünən Fəxri Xiyabanda bir neçə nəfər şəxslə birlikdə faciə qurbanlarının xatirəsini bir daha yad etdi, onların ruhlarına dualar oxuyub, məzarları önünə gül dəstəsi qoydular. Əslində belə bir addımın atılması onu sübut edir ki, respublikamızda müəyyən müddət ərzində rəhbərliyi həyata keçirmiş Ayaz Mütəllibov, bu gün də xalqını sevir, ona bağlı olduğunu ortaya qoyur, xalqın hər faciəsinə acıdığını, tariximizi unutmadığını, gələcək nəsllərin də belə bir addımlar atmaları üçün, hər kəsə örnək ola biləcəyini ortaya qoymuş oldu. Bəli, zaman keçəcək, illər bir-birini əvəzləyəcək, o halda hər kəsə Ayaz Mütəllibov uzaqgörənliyi, müdrikliyi bəlli olacaq. Çünki, illər keçdikcə tarixin “qara ləkə”ləri müəyyən qədər olsa belə açılır, hər kəs lazım olduğu qiymətini alır. Bu gün də bir tarixdir və baş verən hər bir hadisə, atılan hər bir addım tariximizə yazılır. Zaman gələcək ki, Mütəllibov böyüklüyü, müdrikliyi bir daha təsdiq olunacaq. Bəli, belə bir müdrikliyin nəticəsidir ki, dünən Ayaz Mütəllibov faciə qurbanlarının xatirəsini yad edərkən, bir daha xalqımızı birliyə dəvət etdi, dövlətimizi qorumağa, dövlətçiliyimizi isə möhkəmləndirməyə çağırış etdi, millətimizə sülh, əmin-amanlıq arzuladı. Belə bir yanaşmanın ortaya qoyulması onu sübut edir ki, məğrur xalqımız qürurlu iradəsi ilə, bundan sonra da öz qətiyyətini bir daha ortaya qoyacaq. Ən əsası isə, atılan addım ermənilərə nifrət hissini artırmağa, ötən tariximizi unutmamağa edilmiş çağırış idi.
Rasafil Bayramov
AtaTv.az xəbər portalının rəhbəri

araz.az xəbər portalı.