ilham66655

Aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Blinken aprelin 5-də ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Bununla belə, görüşün birbaşa Ermənistanın ticarət əlaqələrini şaxələndirmək məqsədi daşımadığı bəllidir.

Məsələ ondadır ki, Ermənistan Rusiyadan iqtisadi baxımdan asılıdır. Özü də bu asılılıq bir sahə ilə kifayətlənmir. Ermənistana xarici valyuta əsasən Rusiyadan gəlir. Bundan başqa, kənd təsərrüfatı mallarının çıxdığı bazar da Rusiya bazarıdır. Ən önəmli məqam isə minlərlə Ermənistan vətəndaşının Rusiyada çalışmasıdır.

Təbii ki, burada Türkiyə faktorunu da unutmaq olmaz. Ermənistanla Türkiyə arasında siyasi-iqtisadi münasibətlər normallaşmağa doğru getsə də, proses hələ tam bitməyib. Yəni Türkiyə ilə sərhədlər açılmadıqca Ermənistanın Avropa bazarına çıxışı limitli olacaq. Paşinyanın tələb etdiyi bir neçə milyard dollar və ya avroluq yardım paketləri də Ermənistanı Rusiya asılılığından xilas etməyəcək. Bu baxımdan Blinkenin söylədiyi kimi, Vaşinqtonun Brüssellə birgə Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarması o qədər real və inandırıcı deyil.

Digər tərəfdən, Brüsseldə planlaşdırılan görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak dəcək. Bu görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələləri təşkil edəcəksə, məntiqlə iqtisadçılar, ya da bu sahənin rəsmi şəxsləri bir araya gəlməli idi.

Əslində, Blinkenin dediklərini Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da təkzib edib. Belə ki o, görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarının müzakirə ediləcəyini açıqlamışdı.

Prezident İlham Əliyev telefon danışığı zamanı qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa Birliyinin Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulasa da, İ.Əliyevin sözlərindəki qərarlılıq və prinsipiallıq vəziyyətin ciddiliyindən xəbər verir. Prezident Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Bu bir daha Bakının İrəvanla gərginlikdə, müharibədə maraqlı olmadığını göstərir, lakin rəsmi Bakı açıq şəkildə deyir ki, Ermənistanın silahlandırılması davam edərsə, təxribatlar baş verə bilər və bu zaman Azərbaycan tərəfinin cavabı sərt olacaq.

Nəticə etibarilə Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib narahatlığını ifadə etməsi, habelə Brüssel görüşü ilə bağlı aydınlıq verməsi olduqca vacibdir. Rəsmi Bakı başa düşür ki, Qərbin Ermənistana iqtisadi-siyasi və hərbi yardımlarının əsas məqsədi bu ölkəni Rusiyanın təsirindən çıxarmaqdır. Lakin bütün ehtimal risklər, Ermənistanın şıltaqlıqları və təxribat versiyaları nəzərdən keçirilir. Azərbaycan böyük güclərin regionda rəqabəti, habelə nüfuz mübarizəsi fonunda milli maraqlarına, habelə Ermənistan-Azərbaycan sülh prosesinə zərər gəlməsini qətiyyən istəmir. Buna görə də prinsipial mövqe nümayiş etdirir.

O ki qaldı Rusiyaya, Kreml Ermənistanda gedən proseslərlə heç vaxt barışmayacaq. Həm də onun üçün vaxt getdikcə daralır. Ukraynada uzun müddət gözləmə mövqeyində olan Rusiya nəticədə Kiyevi itirdi. Bu dəfə Ermənistanı asanlıqla itirmək istəmir.

Turan RZAYEV.
Globalinfo.az-ın siyasət yazarı

araz.az xəbər portalı.