İsrailin İranın Dəməşqdəki konsulluğuna aviazərbəsinə cavab tədbirindən danışan İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi, həmçinin iranlı jurnalist və siyasi fəal Abbas Xəzəli deyib ki, Tehran İsrailin Azərbaycandakı səfirliyini hədəfə almalıdır.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, görünür, Tehran hakimiyyətinin təbliğatçıları eyni mənbədən təlimatlandırılıblar:
“İran dünyanın istənilən ölkəsində İsrailin səfirliyinə, konsulluğuna, mədəniyyət mərkəzinə hücum edə bilər. Bu ehtimal həmişə var.
Tehran tərəfindən İsrailin başqa ölkələrdəki səfirliyinin vurulması da mümkündür. İranın ali rəhbəri Seyid Əli Xamenei deyib ki, Tehran İsraili bu və buna bənzər cinayətlərə görə peşman edəcək”.
S.Soltan vurğulayıb ki, İranın 48 saat ərzində İsrailə hücum edəcəyi ilə bağlı xəbərin üstündən 24 saat keçir:
“Rəsmi Tehranın birbaşa İsrail ərazisində hərbi əməliyyat keçirəcəyini düşünmürəm. Çünki İsrail İran ərazisini vurmayıb, Suriyadakı SEPAH üzvlərinin olduğu mövqeyi bombalayıb, burada nüfuzlu İran generalları ölüb. Onlar Suriyada İsrailə qarşı hərbi əməliyyatlara nəzarət edirdilər.
İran Suriyadakı “Fatimiyun”, “Zeynəbiyun” kimi proksi qüvvələr vasitəsilə İsrail ərazisinə raket zərbəsi endirə bilər”.
araz.az xəbər portalı.