Abşeron rayonundakı Məhəmmədi kənd sakini, Vətən Müharibəsi iştirakçısı, ikinci qrup əlil İlqar Əlisafa oğlu Cahangirov bir müddətdir davamlı olaraq yazdığı eyni mövzulu şikayət məktubunu bir daha dövlət rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev cənablarına, ünvanlayıb. Qazi, bir surəti araz.az-a da daxil olan həmin şikayət məktubunun digər surətlərini ölkənin Birinci Vitse-prezidentindən tutmuş Baş nazirinə, Milli Məclisinin sədrinə, səlahiyyət sahibi digər dövlət qurumlarının rəhbərlərinə, şikayətçi düşdüyü rayon başçısının özünə və onun müavinlərinə, Respublikanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) və yaşadığı rayonunun parlament təmsilçisi millət vəkilinə, insan hüquq və haqlarının müdafiəçisi beynəlxalq və yerli təşkilatların sədrlərinə, kütləvi informasiya vasitələri baş redaktorlarına qədər hər kəsə göndərib. İndiyədək yazdıqlarına məhəl qoyan tapılmadığına görə, İlqar Cahangirov dərd-sərini dövlət başçısına bizim saytımız vasitəsi ilə də, çatdırmaq niyyətindədir.

Prezidentdən kömək istəyən qazi öz şikayət məktubunda, Abşeronun icra başçısı Abdin Fərzəliyevin, onun müavinləri Yusif Sadıqovun və Gülnar Rəhimovanın, müharibə əlilləri ilə bağlı onun verdiyi vacib tapşırıqlara məhəl qoymadıqlarını, heç nəyi saya salmadıqlarını xüsusi olaraq qeyd edir: “Mən 2022-ci ilin dekabr ayından bu günədək, olduqca vacib sosial problemlərimin həlli ilə bağlı Abdin Fərzəliyevin qəbuluna düşmək istəyirəm. Lakin bu müşkül bir məsələyə çevrilib. Hər dəfə İcra Hakimiyyətinə, başçının qəbuluna gedəndə, daha çox: “Abdin müəllim burada yoxdur, iclasdadır”, — dəyərək, bu bəhanə ilə məni yola salırlar. Sanki qapıda duran polislərin qəbuluna gedirəm, onlar da, məni müxtəlif bəhanələrlə oradan uzaqlaşdırırlar.

Biz ailəliklə doğma Vətənimizə və xalqımıza bağlı millətsevər şəxslərik. Özüm də, Vətən Müharibəsi iştirakçısı, ikinci qrup əliləm. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə, 2021-ci ildə Bakı şəhərində mənzillə təmin olunmuşam. Milli Ordu sıralarında qüsursuz xidmət keçdiyimə görə, 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, Silahlı Qüvvələrin 90, 95 və 100, Azərbaycan Ordusunun yaranmasının 10 illiyi yubiley medalları ilə təltif olunmuşam. Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunması döyüşlərində fərqlənməyə görə və Vətən Müharibəsi iştirakçısı medallarına layiq görülmüşəm. Atam Əlisafa Cahangirov da, Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Anam Zəminə Cahangirova “Qəhrəman Ana” adını alıb və ömürlük 1-ci qrup əlildir. İki qardaşımdan biri – Altay Cahangirov da, birinci Qarabağ döyüşlərində yaralanıb, ömürlük 2-ci qrup əlildir. Digər qardaşım Fərahim Cahangirov Birinci Qarabağ Müharibəsi veteranıdır.

Bütün bunlara baxmayaraq və cənab Prezidentin ciddi tapşırıqlarına məhəl qoymayaraq, başçı özünü ağa kimi, xan kimi aparır, bir mənə yox, bütün vətəndaşlara yuxarıdan aşağı baxır, qapısını üzümüzə bağlatdırır. Abdin Fərzəliyevin özünü ağa kimi aparmağı qalsın bir yana, hələ onun müavinləri də, özlərini xan kimi apararaq, məni qəbul etmək istəmirlər.

Təsəvvür edirsiniz, 2022-ci ilin dekabr ayından bir qazinin icra başçısının qəbuluna düşə bilməməsi nə deməkdir, adama necə stress yaşadır?! Qaziyə qoyulan hörmət budursa, görün adi vətəndaşlar nələr çəkir, hansı rəzalət içində yaşayırlar. Maraqlıdır, görəsən, cənab Prezidentin tapşırıqlarına məhəl qoymayan bu vəzifə sahibləri, bununla nə demək istəyirlər?! Əgər, ölkənin Prezidenti vaxt ayırıb, qazilərlə görüşlər keçirə bilirsə, onların problemlərinə diqqət ayırırsa, icra başçısı və onun müavinləri nədən qazini qəbul etməməlidirlər?!”.

Qazi şikayət ərizəsində qeyd edir ki, icra başçısının təkcə qazilərə deyil, bütün vətəndaşlara belə biganə münasibət göstərməsi özbaşınalığın bariz nümunəsidir. Yazdığına görə, rayon rəhbərinin və müavinlərinin indiyədək etdiyi müraciətlərinə münasibət bildirməmələri artıq onu təngə gətirib, canını boğazına yığıb. Bu səbəbdən, ölkə başçısından bir daha xahiş edir ki, Abdin Fərzəliyevə onu qəbul etməsi və problemlərinin həlli istiqamətində ona köməklik göstərməsi üçün, öz ciddi tapşırıqlarını versin. O, edəcəyi bu köməyinə görə, Prezidentə qabaqcadan öz dərin minnətdarlığını da çatdırır.

Sonda, şikayətçi ərizəsinə əlavə olaraq qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin ona qarşı etdiyi bu haqsızlığa, dinc etiraz aksiyası keçirməklə cavab verməkdə israrlıdır. Buna icazə verilməsi üçünsə, bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova ərizə ilə müraciət edib. Hələlik müsbət cavab yoxdur, icazə verilsə, dinc etiraz aksiyasının yeri və vaxtı barədə, bütün media nümayəndələrini öncədən məlumatlandıracaq.

 

Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.