Zaman-zaman yaşlı müəllimlərin dərs keçmə qabiliyyətinin zəifliyi gündəmə gəlir. Bir çoxları hesab edir ki, şagirdlərin nəticələrinin zəif olması yaşlı müəllimlərlə əlaqəlidir. Digər qisim isə düşünür ki, dərslikləri dəyişmək lazımdır.

Bəs, görəsən, şagirdin naliyyətində müəllimin, eləcə də dərsliyin rolu nə qədərdir?

Hədəf STEAM liseyinin qurucusu Şəmil Sadıq mövzu ilə bağlı danışıb.

Ş.Sadıq bildirib ki, yaşlısından, cavanından asılı olmayaraq müəllimlərin ciddi təlimlərə ehtiyac var

“Təhsildə problem heç zaman birtərəfli olmur, ona görə də həmişə məsələyə kompleks baxmaq lazımdır. “Yaşlı müəllim” ifadəsini “təcrübəli müəllim” ifadəsi ilə dəyişsək, deməli bu yanaşma yanlışdır, Sözsüz ki, təcrübəli müəllim adı ilə yeniliyə qapalı müəllimlərin problemi də var. Əgər müəllimlər dərslikdən, dərslik müəllimlərdən geri qalırsa, deməli biz bu iki faktoru bir-birinə yaxınlaşdırmalıyıq.

Nəzərə alaq ki, dərsliklər daha tez yeniliklə ayaqlaşır, ona görə də yaşlısından, cavanından asılı olmayraq, ciddi təlimlərə ehtiyac var. Bu səbəbdən də təhsil prosesinə birtərəfli baxmaq olmaz. Bir dəfə də qeyd etmişdim, bu problemləri aradan qaldırmaq üçün hər məktəbin və regional idarənin peşəkar metodbirləşmə sədri olmalıdır, bu peşəkar pedaqoqlar hər atılan addımı, hər verilən yeni qərarı, layihəni anında müəllimlərlə bölüşə, müzakirə edə, təlimlər verə bilərlər.

Mən qəbul etmirəm ki, dərsliyi dəyişməklə, məsələni həll etmiş olaq. Dəyişilənin özü də kimlərsə tərəfindən yenə qəbuledilməz olacaq. Mənə görə ən böyük problem bizim məktəblərdə metodkabinetlərin işləməməsi, işini bilməməsi və formal olaraq qalmasından başlayır. Nazirlik yuxarıdan yeniliklər edir, buna cəhdlər edir, amma aşağıdakı kadrlar buna cavab verə bilmir. Bu da yenə gətirib çıxarır kadr probleminə ki, bunun səbəbini yaşlı və cavanda axtarmaq olmaz. Elə yaşlı, təcrübəli müəllim var ki, min cavana dəyər, elə cavan, təşəbbüskar gənc var ki, neçə ilin təcrübəlisindən daha faydalıdır. Ona görə bir daha vurğulayıram təhsildə məsələni birtərəfli həll etmək olmaz, məsələyə həmişə kompleks baxmaq lazımdır”.

araz.az xəbər portalı.