Tahir-Kerimov-kecmis-basci.jpgTahir Kərimovun və onun yaxın ətrafının adları yenə pis yöndən hallandırılır

Keçmişə bağlı kriminal həyatı, eləcə də tutduğu məsul vəzifələrdə törətdiyi oxşar əməlləri müqabilində adı yazılı mətbuatda, sosial mediada daha çox hallandırılan, qazandığı ləqəbləri hesabına sosial şəbəkələrdə möhtəşəm teleseriallar, tarixi kino-filmlər qəhrəmanlarına, Şərq ölkələrinin həyat və fəaliyyətləri səs-küylü liderlərinə bənzədilən, daha çox, rəhbəri olduğu Salyan rayonunun “kiçik padşahı” kimi yaddaşlarda qalan Tahir Kərimov haqqında, məlumatlı mənbələrdən araz.az saytına şok faktlar daxil olub. Həmin faktlar, əsasən, 2006-2016-cı illər ərzində Daşkəsən və Salyan rayonlarına başçılıq edərkən, ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri kimi göstərilən, tutduğu vəzifələrdə bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf etməkdən çəkinməyən. hər zaman qalmaqallı övladları ilə bağlı gündəmdə olan sabiq başçının balıq biznesi barədədir. Hərtərəfli açıqlaması ilə təqdim edilən bu faktlarda iddia edilir ki, o, indinin özündə belə, təkcə özünün balıqçılıq təsərrüfatlarından külli miqdarda pul qazansa da, bu məbləğin qanunla nəzərdə tutulmuş hissəsini dövlət vergisinə yönləndirmir.

Dəbdəbəli imarətlər, bahalı maşınlar sahibi, ən əsası, balıq ovçusu kimi qələmə verilən, 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olan. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnistitutunu bitirdikdən sonra, Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışan, hərbi xidmətdən sonra isə, respublika Mənzil Kommunal Nazirliyinin mənzil Kommunal kontorunda fəhlə, çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib, 1989–1991-ci illərdə Sənaye Tikinti Birliyində baş mühasib vəzifələrində işləyən, Yeni Azərbaycan Partiyasının üzvü, 4 övlad atası olan sabiq başçının tərcümeyi-halının önəmli hissəsinə baxanda da, onun balıq biznesi ilə məşğul olmasına inanmamaq olmur.
“1991-1995-ci illərdə “Ümid” İstehsalat Assosiasiyasının prezidenti vəzifəsini icra edən Tahir Kərimov, 1995-2001-ci, eləcə də 2003-2006-cı illərdə Hacı Zeynalabdin Tağıyev adına Balıqhisləmə zavodunda direktor və idarə heyətinin sədri, 2001-2002-ci illərdə isə, “Caspian Fish” LTD şirkətinin baş direktoru vəzifələrini tutub. Əvvəllər Nasosnu kimi tanıdığımız Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki həmin Balıqhisləmə və Xudatdakı Balıq zavodlarını Tahir Kərimov çoxdan ələ keçirib. Artıq Kərimovların ailə müəssisəsinə çevrilən bu zavodları, eləcə də onların Siyəzən, Şabran və Salyan rayolarındakı digər balıq təsərrüfatı obyektləri, o cümlədən brakonyerlik nəticəsində onların balıq ovçuları tərəfindən müxtəlif qadağan olunmuş üsullarla kürü tökülən çaylarda, ən əsası Kür çayında bəndlər salınıb, nərəcinslilərin həddindən artıq ovlanması onlara milyonlar qazandırır. Gör, Tahir Kərimov balıqçılığın sirrlərini necə bilir ki, elə, əlinə keçirdiyi obyektləri də, sovetlər dönəmindən üzübəri adları balıq ovunda daim öndə çəkilən ərazilərdə yerləşir. Bu gün isə, o, həmin obyektlərini Bakıdan — Dərnəgül körpüsü yanındakı dəbdəbəli ofisindən idarə edir. Özü də, 2001-ci ildə ölkə başçısının sərəncamı ilə ləğv edilmiş “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin min cür fırıldaqla ələ keçirdiyi əmlakları — nəqliyyat vasitələri və ov alətləri hesabına.
Ən qəribəsi odur ki, Xəzər dənizinin Azərbaycan sektorunda nərə balıqlarının ehtiyatı kəskin azaldığı, vətəgə əhəmiyyətini itirmək həddinə çatdığı bir dönəmdə belə, Tahir Kərimov nərə balığı ovlamaqdan çəkinmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu barədə yaydığı rəsmi məlumatlarda dəfələrlə onun obyektlərinin və işçilərinin adları da hallandırılıb. Nə olsun, hələ də balıq ehtiyatlarının qanunsuz ovlanmasını, satışının qarşısının alınmasını onlara tam qadağan etmək mümkün olmayıb. Tahir Kərimovun qanunsuz balıq ovu ilə məşğul olan brakonyerləri kənardan imkanlı şəxs tərəfindən himayə olunduqlarından, həm də qanun pozucuları iritutumlu, sürətli və güclü motorlara malik qayıqlarla təchiz edildiklərindən, onlar belə vasitələrlə Xəzər dənizi sahilindən 10 kilometrlərlə uzağa gedib, orada qanunsuz balıq tutmaq imkanına malik olurlar. Həmin qanun pozucularını məsuliyyətə cəlb etməyin bütün hallarda mümkün olmaması, Tahir Kərimovun hələ də nüfuz sahibi olmasından xəbər vermirmi?!
Nəzərinizə çatdırırıq ki, qanunsuz ovlanmış bu və digər müxtəlif cinsli balıqlar Tahir Kərimovun müəssisələrində paytaxt Bakının, eləcə də digər şəhərlərin tanınmış restoranlarına, şadlıq saraylarına, ticarət obyektlərinə satılır. Onlar tərəfindən müxtəlif cinsli balıqların — nərə, qızılbalıq, forel və digər cəkikimilərin qanuni yolla əldə olunmasına və keyfiyyətinə dair rəsmi təsdiqedici sənədlər isə, ortada yoxdur.
Su bioresurslarının mühafizəsi və balıq ovu qaydalarına riayət edilməsi ilə bağlı Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən Tahir Kərimovun brakonyerlərinin belə ciddi qanun pozuntularının aşkar edilərək, onların məsuliyyətə cəlb edilməməsi ictimaiyyət arasında həddən ziyadə narahatlıq doğurur! Tahir Kərimov isə, öz kefindədir, bildiyini edir — vəzifədə olarkən qanunsuz yolla qazandığı milyonlar hesabına, ölkə boyunca qurduğu böyük biznes strukturlarını daha da genişləndirir…” — deyə, məlumatlı və inanılmış mənbələr iddialarına belə izahat verirlər.
araz.az-a daxil olan konkret faktlar və sənədlər, eləcə də icra başçısı vəzifəsindən azad edildikdən sonra, Tahir Kərimovun ölkənin müxtəlif bölgələrində getdikcə daha da böyüyən biznes şəbəkəsi bir daha sübut edir ki, o, Daşkəsəni və Salyanı icra başçısı kimi yox, şirkət rəhbəri kimi idarə edib. Belə çıxır ki, qısa zaman kəsiyində, sabiq icra başçısı hər iki rayonun bütün gəlirli sahələrində böyük paya sahib çıxmasaydı, üstəlik yerli sakinlərin «çörək təhnələrinə» əl uzatmasaydı bu qədər var-dövlət — 100 hektarlarla əkin-biçin sahəsi, alma-üzüm bağları, böyük fermalar, istixanalar, balıqçılıq təsərrüfatları, restoranlar, ticarət və iaşə obyektləri, əyləncə mərkəzləri, sayı-hesabı bilinməyən mənzillər, ayrı-ayrı ölkələrdə xeyli sayda daşınmaz əmlak, qiymətli avtomaşınlar sahibi olmazdı.
Saytımıza təqdim olunan sənədlər də təsdiqləyir ki, onun yalnız 2010-cu ildə Qusar rayonunda bir hektar ərazidə tikdirdiyi və sonradan ərazisini 3 hektara qədər genişləndirdiyi “Alpin-Qusar” istirahət mərkəzi bir milyon manata başa gəlib. Onun rəhbərlik etdiyi Salyan rayonundakı ən böyük biznes strukturlarının, təsərrüfatlarının qiyməti isə, ölçüyəgəlməzdir.
Məlumatlı mənbə vasitəsilə əldə etdiyimiz xəbərlərdə, uzun zaman ölkənin balıqçılıq sektorunda məsul vəzifələr tutan, işdən çıxarılan başçılar arasında adı qalmaqallarda ən çox hallanan Tahir Kərimov tərəfindən törədilən çirkli işlərə — qanunsuz torpaq alverinə, sahibkarlara divan tutulmasına, rüşvətxorluğa, reketçiliyə, korrupsiyaya, adamöldürməyə, yerli vətəndaşlara məxsus biznes obyektlərinə, torpaq sahələrinə əl uzatmaya, zorla ələ keçirməyə, bir neçə iş adamından və digər şəxslərdən külli miqdarda pul almağa dair çoxsaylı ciddi faktlar mövcuddur.
Onu da qeyd edək ki, redaksiyamıza daxil olan həmin sənədlərdə Tahir Kərimovun təkcə özünün yox, oğlanlarının, qardaşının və digər yaxın ətrafının adları da pis yöndən hallandırılır. Əvvəllər bəziləri üstüörtülü şəkildə ölkə mediasında yer alan, lakin heç vaxt rəsmən təkzib olunmayan həmin faktları aydınlaşdırıb, tam təsdiq etmək üçün, media üzərindən və digər hərtərəfli araşdırmalarımızı davam etdiririk. Bizi izləyin…

Məhi ELSEVƏR,

araz.az saytının xüsusi müxbiri.

araz.az xəbər portalı.