“Azərbaycana qarşı Avropa institutları vasitəsilə təzyiqlər artmaqdadır. Bu ilin yanvar ayında Azərbaycan 12 ay müddətinə Avropa Şurası Parlament Assambleyasının toplantılarından uzaqlaşdırıldı. Burada da Fransanın təşəbbüsü və Almaniyanın iştirakı ilə Azərbaycana qarşı geniş kampaniya yer almaqdadır”.
araz.az xəbər verir ki, bu fikirləri Diaspora.TV-yə açıqlamasında hüquq müdafiəçisi Əhməd Şahidov bildirdi. Onun sözlərinə görə, Qərbdə Azərbaycana qarşı həyata keçirilən bu şantaj, təzyiq kampaniyasında Azərbaycanı müdafiə etmək təkcə dövlətimizin deyil, eyni zamanda diasporumuzun üzərinə böyük məsuliyyət, hədəflər qoymaqdadır:
“Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, 44 günlük müharibədən bir müddət keçdikdən sonra diasporumuz sanki arxayınlaşdı. Elə bil ki, Qarabağla bağlı məsələlər həll olunub, xaricdə Azərbaycan diasporunun fəallığına ehtiyac yoxdur. Diasporumuzda artıq belə bir fikir formalaşıb. Bu səbəbdən də Qərbdəki, Avropadakı təşkilatlarımız artıq əvvəlki kimi aktiv deyillər. AŞPA-nın qış sessiyasında mən də iştirak edirdim və çox istərdim ki, bu qurumun binası qarşısında Fransada, Avropada olan diasporumuz etiraz aksiyası keçirəydi, AŞPA-nın Azərbaycanla bağlı qərəzli qərarına etirazını bildirsin. Hətta bunun ardınca “Avronest”də Azərbaycana qarşı təxribat yönümlü qərarlar qəbul edildi və yenə də diasporumuz susqunluq nümayiş etdirdi. Sanki diasporumuzun yenidən təşkilatlanmasına, silkələnib özünə gəlməsinə ehtiyac var”.
Ə.Şahidov vurğuladı ki, Avropada erməni diasporu avropalı diplomatlarla ünsiyyət qurur, onları ələ alır:
“Beləliklə də ermənilər onların vasitəsilə rəsmi Bakıya qarşı addımlar atılmasına nail olur. Bizim diasporumuz da həmin Avropa institutlarının qarşısında müddətsiz aksiyalar keçirməlidir. Avropalı deputatlarla təkbətək görüşlər keçirib, onlara Azərbaycan həqiqətlərini çatdırmalıdırlar. Növbəti sessiyalarda, toplantılarda həmin avropalı parlamentarilərin fikrinin dəyişməsi üçün müəyyən addımlar atılmalıdır, təşviqat kampaniyası həyata keçirməlidirlər. Yaşadıqları ölkələrin televiziyalarında, mediasında Azərbaycanla bağlı təbliğat aparmalıdırlar. 44 günlük müharibəyə qədər bu sahədə ciddi addımlar atılırdı. Amma təəssüflər olsun ki, son 3 ildə diasporumuz bu sahədə sanki geri qalır. Hələ də Avropadan Azərbaycana təzyiqlərin, təhdidlərin artdığı bir dönəmdə Azərbaycan dövlətinə, Prezidentinə, ordusuna dəstək olmaq xaricdə yaşayan azərbaycanlıların borcudur, vəzifəsidir. Hər bir azərbaycanlı yaşadığı ölkədə, şəhərdə müəyyən bir addım atsa, bu böyük bir dalğaya səbəb ola bilər. Düşünürəm ki, diasporumuz Cənubi Qafqazda cərəyan edən prosesləri, xüsusilə Azərbaycana qarşı Ermənistana dəstək verən ölkələrin siyasətini ciddi şəkildə izləməli və təbliğat, təşviqat məsələsində, aksiyaların, eləcə də beyin mərkəzlərində toplantıların keçirilməsində bir qədər fəal olmalıdırlar. İnanıram ki, Azərbaycan disapor fəalları bu sahədə təşəbbüslərlə çıxış etsələr, bu Azərbaycan dövləti tərəfindən də dəyərləndiriləcək”.

araz.az xəbər portalı.