neft Amerikada hasilat artımı fonunda neftin qiyməti 67dollara düşüb. Beynəlxalq səviyyədə qara qızıla olan ehtiyac yenə də yüksək olaraq qalır. “Le Monde” qəzetinin müxbiri Nabil Vakimin (Nabil Wakim) həmsöhbəti olan ekspertlər hesab edirlər ki, hər şey dünya neft bazarının üç lideri tərəfindən həyata keçirilən ədabaz geosiyasi oyundan asılıdır. ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya eyni vaxtda istehsalı artırıb ki, bu da bazarı tarazlıqdan çıxarıb.

Əsl paradoksdur. “Sarı jiletlilər” noyabrın 17-i benzin qiymətinin artmasına etiraz əlaməti olaraq ödəmə məntəqələri və yolları bağladıqları bir vaxtda neftin qiyməti aşağı düşüb. Çərşənbə axşamı “Brent” markalı neftin qiyməti oktyabr ayı ilə müqayisədə 23% ucuzlaşaraq 67 dollara satılıb.

Martda İrana qarşı Amerika sanksiyaları elan edildikdən sonra belə bir təəssürat yaranmışdı ki, bir neçə dəfə 80 dollarlıq səviyyəyə çatan nefti daha heç nə saxlaya bilməz.Treyderlər hesab edirdilər ki, bir milyon bareldən çox İran neftinin itirilməsi onsuz da gərgin olan neft bazarında vəziyyəti uzun müddət kəskin şəklə salacaq və qiymətləri 90, hətta 100 dollara gətirib çıxaracaq.

Amma hər şey əksinə olub. Tələb yüksək olaraq qalır, lakin neft hasilatı ilə məşğul olan bütün ölkələr eyni vaxtda hasilatı artırıblar, bazarı ehtiyacı olmadığı neft həcmi ilə doldurublar. “WTRG” şirkətinin analitiki Ceyms Uilyams (James Williams) bildirib ki, “qiymətlərin əvvəlki səviyyədə qalması üçün bazarda həddindən artıq neft var”. “Merrill Lynch” bankının analitikləri etiraf edir ki, “neftin qiymətinin 95 dollardan yuxarı qalxacağını ehtimal edənlərin, o cümlədən bizim təslim olmaqdan başqa çarəmiz yoxdur”.

İstənilən halda, qara qızıla qlobal tələb yüksək olaraq qalır. Belə ki, sentyabrda dünya üzrə istehlak ilk dəfə sutkalıq 100 milyon bareli keçib. Belə bir tələbat ilk növbədə Çinlə əlaqəlidir. Ölkəyə həm nəqliyyat, həm neft-kimya, həm də aviasiya sahəsi üçün daha çox karbohidrogen lazımdır. Beynəlxalq Enerji Agentliyi (BEA) hesab edir ki, ABŞ ilə ticarət müharibəsi riskinə baxmayaraq, Çinin qarşıdan gələn illərdə də neftə olan tələbatı artmağa davam edəcək.

Maraqlı korreksiya

Beləliklə, hər şey dünya bazarının üç lideri tərəfindən həyata keçirilən ədabaz geosiyasi oyuna dayanır. ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya eyni vaxtda hasilatı artırıblar. Bu da onların yüksək qiymətlərdən yararlanmasına imkan verib, eyni zamanda bazarı tarazlıqdan çıxarıb.

Yay mövsümünün əvvəlində yüksək neft qiymətlərindən dolayı dilxor olan ABŞ prezidenti Donald Tramp (Donald Trump) “OPEC” ölkələrini istehsalı artırmağa çağırıb. Ər-Riyad karteli və rusiyalı müttəfiqlərini tabe olmağa inandırıb. Qeyd etmək lazımdır ki, Ağ Evdən ən ziddiyyətli mesajlar daxil olur. Əvvəlcə Tramp İrana qarşı sərt embarqo tətbiq edib, bu da qiymətlərin yay artımına səbəb olub. Sonra o, bu artımı tənqid edib, ABŞ-da benzinin qiymətinin aşağı salınmasını tələb edib.

Nə qədər paradoksal səslənsə də, jurnalist Camal Xaşoqqinin (Jamal Khashoggi) oktyabrın 2-i krallığın İstanbuldakı konsulluğunda alçaqcasına qətlə yetirilməsi hadisələri tezləşdirib. Məlumatlı mənbə bildirib: “Əslində, Səudiyyə Ərəbistanı Amerikanın istədiyi hasilat artımını uzatmaq istəsə də Xaşoqqi məsələsi onlara seçim haqqı buraxmayıb. Trampın dəstəyinə nail olmaq üçün onlar ventili açmalı olublar”.

İstənilən halda, elə həmin məqamda Amerikanın şist neft istehsalçıları da sürət yığmağa başlayıb. Heç bir siyasi çağırışa ehtiyac qalmayıb – burada hər şeyə neft başçılıq edir. Nəticədə Amerika hasilatı görünməmiş templə artmağa başlayıb. “PetroMatrix” şirkətinin analitiki Olivye Jakob (Olivier Jakob) hesab edir ki, “ilin sonunadək ABŞ-da real istehsal, çox güman, həcminə görə Səudiyyə Ərəbistanının imkanlarını üstələyəcək”.

Amerikanın İran strategiyasına etdiyi maraqlı düzəliş də bu ümumi artıma öz töhfəsini verib. Tramp administrasiyası sanksiyaların “tarixin ən sərt” tədbiri olacağına söz verib, lakin son anda Çin və Hindistan da daxil olmaqla, İrandan neft idxal edən 8 böyük ölkəyə istisna etməyə razılaşıb.

Bazarlarda böyük qeyri-müəyyənlik

Bu addımlar Səudiyyə Ərəbistanı tərəfindən yaxşı qəbul edilməyib. Krallıq Amerikanın bu tədbirlərlə onun regiondakı əsas rəqibinə qarşı zəiflik nümayiş etdirdiyini görüb. Qiymətlərin aşağı düşməsinin qarşısını almaq üçün Ər-Riyad artıq hasilatın sutkalıq 500 min barel məhdudlaşdırılacağını elan edib. Dekabrın əvvəli Vyanada baş tutacaq “OPEC”-in növbəti sammitində Səudiyyə Ərəbistanı tərəfdaşlarını istehsalı əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa inandıracağına ümid edir. Plan uğurlu olsa, qiymətlər sürətlə arta bilər.

Bu məsələ vəliəhd Məhəmməd ibn Salman (Mohammad ben Salman) üçün böyük əhəmiyyətə malikdir. Neftin qiyməti 67 dollar olanda dövlət büdcəsi “qırmızı zonada” yerləşir. Bu da Yəməndə qanlı mübaribənin davam etdirilməsi və “Vision 2030” proqramı çərçivəsində genişmiqyaslı islahatların maliyyələşdirilməsi üçün Xaşoqqi məsələsi ilə etimadını itirən ökəni kifayət qədər vəsaitlə təmin etmir.

Bütün bu dəyişikliklər bazarlarda böyük qeyri-müəyyənlikdən xəbər verir və müşahidəçiləri ehtiyatlı olmağa vadar edir. BEA-nin direktoru Fatih Birol bazar ertəsi istehsalçıları “ehtiyatlı davranmağa” çağıraraq qeyd edib: “Böyük istehsaçılar tərəfindən hasilatın ciddi şəkildə məhdudlaşdırılması bazarlara mənfi təsir göstərəcək və gərginliyi daha da artıracaq”.

Ondan bir neçə gün öncə BEA başqa xəbərdarlıq səsləndirib: neft şirkətləri investisiyaları bərpa etməsələr, əlbəttə, Amerika istehsalı növbəti dəfə proqnozları artırmasa və tükənəcək mövcud yataqların itkisini kompensasiya etməyə icazə verməsə, planet 2025-ci ildən neft çatışmazlığı ilə üzləşə bilər. /xpressa.net/

araz.az xəbər portalı.