Dünən sosial şəbəkələrdə “İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağının keyfiyyəti ilə bağlı görüntülər yayılıb. İddia olunub ki, yanacağa su qatılır. Həmin görüntüləri aktyor Elcan Rəsulov da instaqram səhifəsində paylaşaraq benzinin keyfiyyətindən şikayət edib:
“Bu dəfə deyəsən, bütün yanacaqdoldurma məntəqələrinə yağış yağmışdı. Mən başqa YDM-dən 95 doldurdum, amma elə bil 92 idi” deyə bildirib.
araz.az xəbər verir ki, Moderator.az-a açıqlama verən aktyor məsələyə bu cür aydınlıq gətirib.
“Mənim avtomobilim bir az həssasdır, premium benzinlə işləyir, 95-lə. Ona keyfiyyətsiz benzin, məsələn 92 vurularsa başlayır ağ tüstü buraxmağa. Amma mən ona həmişə premium vururam. Sonuncu dəfə yanacaq dolduranda gördüm ki, maşın ağ tüstü buraxdı, əsdi. Mən də fikirləşdim ki, yəqin səhv benzin vurublar. Sonra gördüm ki, yox premiumdur. Ona görə də sözügedən görüntülər mənə tanış gəldi və paylaşıb yazdım ki, ola bilsin yanacaq çənlərinin ağzı yağışlı havada açıq qalıb. Bu mövzunu araşdırmaq üçün çox rahat şəkildə 3-4 ayrı yanacaqdoldurma məntəqəsindən benzin alıb, sonra onun oktanlarını yoxlaya bilərsiniz. Hansı ki, bunu yoxlamaq mümkündür. O zaman bilinəcək ki, hansının tərkibində su var, hansı keyfiyyətsizdir?!” deyə aktyor bildirib.
Muğam ustası, gənc xanəndə Murad Kəngərli də saytımıza açıqlamasında yanacaqdan şikayətlənib.
“Avtomobilimdə matorun səsi artıb. Bu da benzinə su qatılması ilə əlaqədardır. Müxtəlif yanacaqdoldurma məntəqələrindən istifadə edirəm. 92 markalı benzini elə keyfiyyətsiz ediblər ki, konkret olaraq matorun “evini yıxır”. 95 premium vuranda səs kəsir. Bu qədər də olmaz. Kimi kimə şikayət edək?! Elə bir qurum varsa şikayət edək” deyə şikayətçi bildirib.
Avtomobil ustası Sübhan Sadıqov bildirib ki, son aylar eyni mövzu ilə müraciət edən avtomobil sahiblərinin sayı artıb.
“Yanacaqa suyun qatılmasını bu cür bilmək olar ki, avtomobilin matoru qeyri-müntəzəm işləyir və sonra sönür. Sistemə su düşməyin faizi var. Bir baka yarım litr düşsə o özünü müəyyən müddətdən sonra göstərir. Yox əgər suyun həcmi çox olarsa o dəqiqə avtomobili söndürür. Bunun qarşısını almaq çətin məsələdir. Yanacaqdoldurma məntəqələrində müəyyən bir müddətdən sonra profilaktik işlər görülməlidir. Yanacaq çəninin içi dəyişdirilməlidir. Benzinin tərkibində yığılan su həmişə ən alta yığışır. Nasosla da çəkəndə aşağıdan götürüb baka vurur. Müəyyən vaxtdan bir onlar təmizlənməlidir. Giydirmə yanacaqdoldurma məntəqələri var ki, vaxtında təmizlənmir. Qurunt suyları alta yığışır. Məşhur yanacaqdoldurma məntəqələrində belə hadisələrə çox rast gəlmirik” deyə avtomobil ustası deyib.
Ekspert Ərşad Hüseynov bildirib ki, bu mövzu dərindən araşdırılmalı və avtomobil sahiblərinin iddialarına cavab verilməlidir.
“Belə iddialar hər zaman olub və bu gün də davam etməkdədir. Bu problemlərin aradan qaldırılması istiqamətində ciddi işlər görülmür. Sadə istehlakçı olan vətəndaşın həmin iddiaları sübut, təsdiq etmək üçün imkanları yoxdur. Təhlillər, analizlər tələb olunur. Həm yanacağın keyfiyyəti, həm miqdarı, həm yanacağın bir növünün digər növü ilə qarışdırılması və yaxud da saxlanma şəraitinin uyğun olmaması, pərakəndə satışında problemlərin olması araşdırılmalıdır. Bunlarla bağlı hansısa faktı dəqiqləşdirmək üçün ciddi ölçmələr olmalıdır. Bunlara da adi insanların imkanı yoxdur. Buna ancaq səlahiyyətli qurumlar nəzarət edə bilərlər. Bu da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətlərindədir. İstehlakçı hüquqlarının müdafiəsi üzrə dövlət adından bütün səlahiyyətlər bu quruma aid olunub. Vətəndaş bu quruma müraciət etməlidir. Yaxud da həmin qurum sosial şəbəkələrdə belə məlumatlar yayılanda bu istiqamətdə işlər görməlidir. Adıçəkilən qurum şikayət olunan yanacaqdoldurma məntəqəsində təhlillər, analizlər də apara bilər. Hərhalda bu iddiaların əsaslı və əsassız olması yoxlanılmalıdır” deyə ekspert bildirib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu mövzu ilə təmsil etdiyi təşkilata saysız-hesabsız müraciətlər gəlib.
“Biz bilməliyik ki, yanacaqdoldurma məntəqələrində benzin və dizel çənlərində olan suyun xüsusi çəkisi ağır olduğu üçün dibində su toplanır. Benzinin tərkibində olan yaxud da hardansa ora qarışmış su illər boyu orada qalır. Vaxtaşırı o su həmin çənlərdən təmizlənməlidir. Suyun ora necə qarışdığını bilmirəm. Amma onu bilirəm ki, çənlərin dibində mütləq su olur. Özünə hörmət edən, reytinqini saxlayan yanacaqdoldurma məntəqələri vaxtaşırı o çənlərin dibini təmizləyirlər. Lakin bəziləri təmizləmir. Üstəlik avtomobillərin yanacaq çənində də su toplanır. Bunu da biz bilməliyik. Ona görə də avtomobil sürənlərə məsləhət görürəm ki, avtomobilin yanacağı tam qurtarandan sonra yanacaqdoldurma məntəqəsinə getməyin. Müəyyən miqdarda yanacaq qalanda gedin. Çünki o su karburatora dolur, sonra da problemlər yaranır. Lakin benzinin tərkibinə, yanacaqdoldurma məntəqələrinə su hardan doldurulursa mənə də məlum deyil. Ola bilər benzinin tərkibində çöküntü halında olsun. Lakin benzinlə bağlı çox ciddi problem avtomobil satışı ilə məşğul olan distributor və rəsmi servis mərkəzlərinin dilə gətirmədiyi, deyə bilmədiyi problem budur ki, ölkəyə gələn yeni avtomobillər yüksək standartlı benzinlə və dizellə işləyir. Hazırda avtoservis mərkəzlərində böyük problemlər yaşanır. Yeni nəsil avtomobillər Azərbaycanda bu benzinlə işləyə bilmirlər. Tez bir zamanda avtomobilin mühərrikləri sıradan çıxır. Servis məcbur olub, avtomobilin yanacaqdan zərər çəkmiş hissələrini pulsuz bərpa edir. Bu problemi həll etmək üçün həmin servis mərkəzləri birləşməlidir və öz haqq səslərini qaldırmalıdırlar. Bəzi avtomobil servis mərkəzlərində benzinin keyfiyyətsizliyini ölçən çoxsaylı cihazlar var. Mən dəfələrlə xahiş etmişəm ki, onun birini verin Azad İstehlakçılar Birliyinə. Biz onunla yoxlama aparaq, rəsmi sənəd verək, iş məhkəmələrə getsin. Bəlkə bu yolla biz vəziyyətə təsir edə bilərik. Lakin heç kim cəsarət edib onu ictimai təşkilata vermək istəmir. Necə deyərlər özləri öz dərdlərini çəkirlər. Bu çox ciddi məsələdir” deyə o bildirib.

araz.az xəbər portalı.