ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir.
araz.az xəbər verir ki, V.Patel ABŞ-ın 2020-ci ildə Qarabağda döyüşlərin başa çatması və Rusiya qoşunlarının bölgəyə gətirildiyi üçtərəfli sazişin tərəfi olmadığını qeyd edib.
“Biz Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə qoyduğunu göstərən heç bir şey görmədik və ötən payızda Qarabağda baş verən hadisələr bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir”.
O əlavə edib ki, ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına kömək etməyə hazırdır.
Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. O, jurnalistlərə qısa açıqlamasında Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib. “Bəli, bu doğrudur”, – Peskov qısaca olaraq deyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. O qeyd edib ki, artıq proses başlanılıb. “Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, – açıqlamada deyilir. /modern.az/
araz.az xəbər portalı.