kereyagi 1

Bu ilin ilk 2 ayı ərzində Azərbaycandan Rusiyaya 700 ton kərə yağı ixrac olunub.

araz.az xəbər verir ki, ixrac olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,7 dollar (9,6 manat) olub.

Qeyd edək ki, bu ilin mart ayında yerli istehsal olan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 19,1 manat olub və ilin yanvar ayı ilə müqayisədə 1% bahalaşıb.

Açıqlanan məlumatlardan da göründyü kimi, yerli istehsal olan kərə yağları daxili bazarda ixrac qiymətindən 2 dəfə baha satılır.

Məlumat üçün bildirək ki, Azərbaycan kərə yağına olan tələbatı daxili istehsal hesabına təmin edə bilmir. Açıqlanan sonuncu rəsmi məlumata görə Azərbaycanda kərə yağına olan illik tələbat 41,8 min ton olub və bunun 41%-i və ya 17,3 min tonu xaricdən idxal olunub. Təkcə bu ilin ilk 2 ayı ərzində Azərbaycan 13 ölkədən 2,9 min ton kərə yağı idxal edib. İdxal olunan kərə yağının yarıdan çoxu 2 ölkənin – İran və Yeni Zelandiyanın payına düşüb.

Bu ilin ilk 2 ayında İrandan 1 kiloqramının orta gömrük dəyəri 4,2 dollar (7,2 manat) olan 1 356 ton, Yeni Zelandiyadan isə 1 kiloqramının orta gömrük dəyəri 6 dollar (10 manat) olan 1 040 ton kərə yağı idxal edilib.

Onu da qeyd edək ki, bu ilin mart ayında xaricdən gətirilən kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 19,6 manat olub. /yeniavaz.com/

araz.az xəbər portalı.