“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ilin yanvar-mart aylarında hasilat və satış əməliyyatlarını uğurla davam etdirib.
QSC tərəfindən sözügedən dövr ərzində 11.5 min unsiya qızıl, 25.5 min unsiya gümüşün hasilatı həyata keçirilib. Bununla cari ilin ilk 3 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 2%, gümüş hasilatı planı isə 1% artıq icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qızıl hasilatında 58%, gümüş hasilatında 25% artıma nail olunub.
Həmçinin Səhmdar Cəmiyyət tərəfindən cari ilin 1-ci rübü ərzində 6.6 min unsiya qızıl, 23.7 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib və nəticədə ölkə iqtisadiyyatına 25.2 milyon manat vəsait cəlb edilib.
1 aprel 2024-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunmuş ümumi gəlir isə 1 milyard 213 milyon 911 min manata çatıb. Vəsaitin 1 milyard 158 milyon 829 min manatını ixrac gəlirləri, 55 milyon 82 min manatını isə daxili bazar satışlarından əldə edilmiş gəlirlər formalaşdırır.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən cari il üzrə 70 min unsiya qızıl hasilatı və satışı planlaşdırılıb. Bu ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 10%, satışda isə 3% daha artıq hədəfdir.
araz.az xəbər portalı.