Qazaxın 4 kəndinin işğaldan azad edilməsi daha bir məsələni gündəmə gətirib. Belə ki, bir qisim “Qazax” sözünün hallanması zamanı “Qazağ”ın, bir qisim isə “Qazaxın” variantının düzgün olduğunu bildirir.
araz.az xəbər verir ki, övzu ilə bağlı Globalinfo.az-a danışan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, dilçi alim Şahlar Məmmədov (GÖYTÜRK) deyib ki, Azərbaycan dilinin orfoqrafiya normalarına görə son səsi [x] və ya [ğ] kimi tələffüz olunan milli sözlər “q” hərfi ilə yazılır:
“Məsələn, ayaq, barmaq, bulaq, dayanacaq, qatıq, qonaq, otaq, yaxşılıq, yanaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q~ğ əvəzlənməsi baş verir: otağa, bulağın, qonağımız və s.
Lakin Azərbaycan dilinin orfoqrafiya normalarında “x” samiti ilə bitən çoxhecalı yer adlarının yazılışı ilə bağlı ayrıca bənd yoxdur. Buna Qazax, Yevlax, Samux kimi yer adlarını nümunə göstərmək olar. Belə adların yazılışı və tələffüzü x samiti ilə bitən təkhecalı yer adında olduğu kimidir. Biz Qax rayonunun adını “Qağın”, “Qağa”, “Qağı” şəklində tələffüz etmirik. Odur ki, çoxhecalı yer adlarında da bu qayda gözlənilməlidir.
Yəni, “Qazağın”, “Qazağa” yox, “Qazaxın”, “Qazaxa” şəklində yazmalı və tələffüz etməliyik. X samiti ilə bitən şəxs və coğrafi adları hallandırdıqda söz kökü dəyişmir. Qeyd edim ki, bu məsələ ilə bağlı 2018-ci ildə orfoqrafiya qaydaları müzakirə edilən ərəfədə belə bir təkliflə çıxış etmişdim. Təklif bəyənilsə də, sonradan qaydalara əlavə edilmədi. Lakin bu məsələlərlə bağlı təkliflərim yeni orfoepiya layihəsi zamanı dəstəklənib və nəzərə alınıb. Yeni orfoepiya qaydalarında Qazax, Samux, Yevlax kimi adların yazıldığı kimi tələffüzü nəzərdə tutulur”.
araz.az xəbər portalı.