Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Direktorlar Şurasının iclası keçirilib.
araz.az xəbər verir ki, AQC sədri Vüqar Oruc ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.
Sədr bildirib ki, rəhbəri olduğu cəmiyyət dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri və beynəlxalq əlaqələr istiqamətində fəaliyyətini genişləndirib. Bir çox dövlət qurumları və assosiativ təşkilatlarla qarşılıqlı əməkdaşlıq müqavilələrinin imzalandığını söyləyən AQC sədri bir neçə ay öncə təsis olunan Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) fəaliyyəti barədə toplantı iştirakçılarını məlumatlandırıb.
O qeyd edib ki, 31 may-2 iyun tarixlərində Bakıda türk dövlətləri qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək və bununla da prezidentlik səlahiyyətləri AQC sədri olaraq onun şəxsində Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçecinin timsalında Türkiyəyə dövr ediləcək. V.Oruc “Zirvə Görüşü”nə Rusiyadan, Belarusdan və digər ölkələrdən qiymətləndirmə birliklərinin rəhbərlərinin də qonaq qismində qatılacağını bildirib. “Bakı Zirvəsi”ndə Azərbaycanın dövlət rəsmilərinin, millət vəkillərinin, ictimaiyyət xadimlərinin və kütləvi informasiya vasitələrinin də iştirak edəcəyini deyən AQC sədri tədbirə yüksək səviyyədə hazırlığın təmin olunması məqsədilə Təşkilat Komitəsinin təsis edildiyini söyləyib.
“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulundan və Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşmasından ciddi gözləntiləri olduğunu bəyan edən sədr rəhbəri olduğu cəmiyyətin bu prosesdə yaxından iştirak etdiyini Direktorlar Şurasının üzvlərinin diqqətinə çatdırıb. Əlavə edib ki, Qiymətləndiricilər Palatasını formalaşdırmaq üçün təsis olunan Təşkilat Komitəsinin fəaliyyətində də AQC yaxından iştirak edir: “İstər Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi imtahanlarda test bazasının hazırlanmasında, istərsə də yeni qanunun işlək mexanizmlərinin formalaşmasında fəal iştirak edirik. Eyni zamanda daşınmaz əmlakın qiymətləndirilməsi üzrə növbəti təlimə də start vermişik. Qaydalara müvafiq olaraq təlim iştirakçıları yekunda imtahanda iştirak edəcək və müvəfəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim olunacaq” – Vüqar Oruc vurğulayıb.
Daha sonra qiymətləndirmə fəaliyyətinin şəffaflığının və əlçatanlığının təmin olunması istiqamətində müzakirələr aparılıb. Çıxış edən şirkət rəhbərləri qarşılaşdıqları problemlər barədə AQC rəhbərliyini və Direktorlar Şurasını məlumatlandırıb. Direktorlar Şurasının adından Azərbaycan Qiymətləndiricilər Palatasını formalaşdırmaq üçün təsis olunan Təşkilat Komitəsinə müraciət qəbul olunub. Qiymətləndirmə subyektləri Təşkilat Komitəsindən onlara müqavilə əsasında fəaliyyət göstərən təsisatlarla əməkdaşlığın davam etdirilməsinə şərait yaradılması üçün bir il müddətində güzəşt tətbiq olunmasını xahiş ediblər.
Toplantının gedişatında 2012-2017-ci illərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri olmuş, hal-hazırda “Vecon Centre” şirkətinin direktoru İradə Şükürovanı 65 illik yubileyi ilə bağlı AQC rəhbərliyi təbrik edib.
V. Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin nəzdində Bank Ekspert Şurasının təsis edildiyi və hazırda hər bankdan bir nəfər olmaqla 11 bank rəsmisinin Şurada təmsil olunduğu barədə məlumat verib. Əlavə edib ki, gələcəkdə onların sayının artacağı gözlənilir.
araz.az xəbər portalı.