Şirkət indiyədək 30 milyon manatdan çox dərman preparatı alıb
Son 7 il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzinin narkoz, narkotik və psixitrop dərman preparatlarının alınması ilə bağlı elan etdiyi tenderlərin qalibi məhz “Azərtibbtəchizat” MMC olub.
Məlum şirkət bu illər ərzində ümumi dəyəri 30 milyon manatdan çox dərman preparatlarının alınması üzrə qalib elan edilib.
Kommersiya hüquqi şəxslərin reyestr məlumatlarına görə “Azərtibbtəchizat” MMC 2006-cı ilin fevral ayında dövlət qeydiyyatına alınıb.
Bakının Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 34 ünvanında qeydiyyatda olan bu şirkətin qanuni təmsilçisi İbrahim İdris oğlu Rzabəyovdur.
O, Bakıda neft şirkətlərinin birinin əməkdaşıdır.
Atası İdris İbrahim oğlu Rzabəyov 2002-2011-ci illərdə Yanacaq-Energetika Nazirliyində (indiki Sənaye və Energetika Nazirliyi) aparat rəhbəri vəzifəsinin icraçısı, Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi, həmçinin Neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib.
İlham Əliyev tərəfindən “Tərəqqi” medalı alan şəxs hazırda Prezidentin fərdi təqaüdçüsüdür.
Oğlu, yəni şirkət rəhbəri olan İbrahim Rzabəyov eyni zamanda televiziya aparıcısı Kamilə Babayevanın həyat yoldaşıdır.
Meydan TV İbrahim Rzabəyovla əlaqə yarada bilməyib.
Səhiyyə Nazirliyindən isə niyə 7 ildir eyni şirkətin qalib olması ilə bağlı sorğunu cavablandırmayıblar.
araz.az xəbər portalı.