AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil İnstitutunun nümayəndələri, AMEA-nın alimləri, paytaxtda və bölgələrdə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu açılış nitqində Bilik Fondunun təşəbbüsü ilə dilçilik üzrə tədqiqatçı alimlərlə dili tədris edən müəllimlərin görüşünü mühüm hadisə kimi dəyərləndirərək, hər bir xalqın mənəviyyatı və milli dəyərlərinin onun ana dilində yaşadığını deyib. Ulu öndər Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamını xatırladan akademik Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı, tarixiliyi, cazibədarlığı, işlənmə xüsusiyyətləri ilə başqa dillərdən seçildiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubiley mərasimindəki çıxışında “Dilimiz o qədər zəngindir ki, əcnəbi sözlərə ehtiyac yoxdur” fkrini səsləndirməklə dil adlı dəyəri qorumağın vacibliyini bir daha diqqətə çatdırıb, “İşığına toplaşdığımız Fərmandan irəli gələn vəzifələr bunun bariz nümunəsidir” – deyə qeyd edib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov alimlərlə müəllimlərin qatıldıqları konfransda səmərəli müzakirələr aparılacağına əminliyini ifadə edərək, rəhbərlik etdiyi qurumun dilimizin qorunması və təbliği istiqamətində gördüyü işlərdən söz açıb. “Azərbaycan dilini öyrənirik”, “Yazmağı bacaracaqsan”, “Gənclikdən soraq”, “Ekran və efirdə ədəbi dil normaları”, “Dilimiz sərvətimizdir” layihələrini xatırladan O.Səmədov qeyd edib ki, onların icrası çərçivəsində paytaxtın rus pravoslav kilsələrində, etnik qrupların yaşadıqları bölgələrdə rusdilli vətəndaşlar üçün ödənişsiz “Azərbaycan dili” kursları açılıb, məktəblilərə yazı vərdişləri aşılanıb, gənclərin mütaliəyə münasibəti öyrənilib, telelviziya və radio əməkdaşlarına ədəbi dil normalarına dair təlimlər keçirilib, alimlər respublika ərazisində mühazirələrə cəlb olunublar, müxtəlif formatlı tədbirlər baş tutub.
Fondun dilin inkişafı ilə bağlı yaxın gələcəkdə planlaşdırdığı layihələr barədə ümumi məlumat verən O.Səmədov müəllimləri doğma ana dilimizi qorumağa, yad təsirlərə məruz qalmasının qarşısını almağa çağırıb, Bilik Fondunun dəstəyi ilə Azərbaycan dili müəllimləri arasında “Ən yaxşı metodik yazı” müsabiqəsinin keçiriləcəyini bildirib.
Azərbaycan Respublikası Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Asif Hacıyev xalqın dilin yaradıcısı, daşıyıcısı və qoruyucusu olduğunu diqqətə çatdıraraq, dövlətin dəstəyi ilə prosesin bu məntiqlə uğurla davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, öncə valideynlər, sonra müəllimlər doğma dili şagirdlərə sevə-sevə öyrətməli, gələcək nəslin nümayəndələrinin səlis nitq qabiliyyətinə malik olmalarına dəstək verməlidirlər. A.Hacıyev Azərbaycan dilinin saflaşması, tədrisinin müasir tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Konfransda Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımovun “Müasir dövrdə Azərbaycan dilinin tədrisində mətn üzərində işin təşkili məsələləri”, Tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədlinin “Orta məktəblər üçün Azərbaycan dili dərsliklərinin dili”, Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın “Azərbaycan dili terminologiyasının inkişafı” mövzularında məruzələri dinlənilib.
Alimlər biliriblər ki, dərsliklərə salınan mətnlərin düzgün seçilməsində, təklif olunan çalışmalarda əksini tapan çatışmazlıqlar mütəxəssislərin müdaxiləsi nəticəsində hər ötən il aradan qaldırılır, müxtəlif sahalər üzrə terminologiya lüğətlərinin hazırlanması istiqamətində ciddi addımlar atılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası 100-dən çox lüğət nəşr etdirib.
Məruzələr dinlənildikdən sonra orta məktəb müəllimləri mövzu ətrafında fikirlər səsləndiriblər. Abşeron rayonu Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin direktor müavini Hüseyn Şahbəndiyev, Qobustan rayonu Pirallahı qəsəbəsi 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, Sabunçu rayonu Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbin müəllimi Zamin Təhməzov, Ağsu rayon 3 nömrəli tam orta məktəbin müəllimi Rəhilə Musayeva, Bakı şəhəri 6 nömrəli məktəb-liseyin müəllimi Mənsurə Ağakişiyeva çıxışlarında Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fikirlərini səsləndirib, tədris prosesində qarşıya çıxan çətinliklərdən danışıblar.
Konfransda bu cür görüşlərin bölgələrdə silsilə şəklində keçirilməsi qərara alınıb, alimlərlə müəllimlərin Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı müzakirələrinin davamlı olacağı bildirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
araz.az xəbər portalı.