Xadimə direktoru niyə bıçaqlayıb? – “Dedilər məktəbdə açıq-saçıq geyinmisən…”

İşdən çıxarıldığı üçün məktəb direktorunu bıçaqlayan xadiməyə hökm oxunub.
araz.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Cəlilabadın Kövüzbulaq kənd tam orta məktəbinin direktoru Cahangir Əliyev 15 may 2023-cü il tarixdə, saat 14 radələrində işlədiyi məktəbin həyətində bıçaqlı hücuma məruz qalıb. Hücumu isə məktəbdə uzun illər xadimə işləyən 1986-cı il təvəllüdlü, Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Aida Zamanova (soyad şərti) adlı qadın törədib.
Qadın 2019-cu ildən həmin məktəbdə xadimə kimi işləyərək hər ay 150 manat əmək haqqı alıb və 2023-cü ilin may ayının 8-də direktorun əmri ilə işdən azad olunub. Aida Zamanova direktorun qərarından Cəlilabad şəhər Təhsil Şöbəsinə müraciət edib. O iddia edib ki, Təhsil Şöbəsinin əməkdaşı araşdırma aparıldığını və guya onun məktəbə açıq-saçıq paltarda gəldiyini, kənddə əxlaqsız kimi tanındığını, bu səbədən işdən çıxarılmasının əsaslı sayıldığını deyib.
Bundan sonra təqsirləndirilən şəxs evindən mətbəx bıçağını götürərək direktorun yanına gedib. O, Cahangir Əliyevdən əxlaqsız olması barədə iddianı sübut etməyi tələb edib və əynindəki jaketin yaxasından bıçağı çıxararaq onu qovmağa başlayıb. Təqsirləndirilən şəxs bıçaqla vurarkən direktor sağ əlini qabağa verib və əlindən xəsarət alıb. Sonra isə təqsirləndirilən şəxs bıçaqla onun sol böyür hissəsindən də bir dəfə vuraraq xəsarət yetirib.

 

Məktəb direktorunun şikayəti əsasında qadın saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə qadın özünü təqsirkar bilib və əməlindən peşman olduğunu deyib. Məktəb direktoru da təqsirləndirilən şəxslə barışdığını və onu çox vaxt məktəbə gəlmədiyi üçün işdən çıxardığını deyib.
Məhkəmənin qərarı ilə Aida Zamanova Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1  il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

araz.az xəbər portalı.