İnstitutun direktoru Maisə Rəhimovanın hərəktsizliyindən Azərbaycan tarixinin və mədəniyyətinin xilaskarı Mehriban xanım Əliyevaya müraciət edildi…
…Ermənilər təkcə torpaqlarımızı işğal etməyib, həm də tariximizi və mədəniyyətimizi işğal etmək, yer üzündən silmək üçün intensiv iş aparır. Özgə tarixi üzərində özünə tarix, özgə torpaqları üstündə özünə dövlət quran Ermənistan indi də Azərbaycanın işğal altında olan ərazilərində saxta və qanunsuz arxeoloji qazıntılar aparmaqdadır. Hazırda ən intensiv iş Azıx mağarası ətrafında gedir. Bu da səbəbsiz deyil. Çünki dünya sivilizasiyasında qədim insan məskəni olmuş Azıx mağarasında tapılan maddi sübutları ermənilərə aparıb bağlamaqla bu qondarma ölkənin tarixinin qədim olmasını dünyaya sübut etməyə cəhd edilir.
Bəs bu cəhdin qarşısı necə alınmalıdır? Təbii ki, burada birbaşa məsuliyyət hər il saxlanılmasına və iş fəaliyyətinə dövlət büdcəsindən milyonlar ayrılan və xərclənən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun üzərinə düşür. İnstitutun direktoru Maisə Rəhimovanın isə başı neçə illərdir işçiləri ilə dava-şivənə qarışıb. Azərbaycanın məşhur «Cırtdan» nağılının qəhrəmanlarının «Div: Kim yatıb, kim oyaq? Cırtdan: Hamı yatıb, Cırtdan oyaq» deyişməsindəki kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunda iş görməlilər də yatdığından ermənilər oyaqda, tariximizi öz adlarına çıxmaqdadır…
***
…Artıq neçə vaxtdır ki, ermənilər Azıx mağarasında qanunsuz qazıntı aparırlar. Düşmən ölkə hələ 1999-2001-ci illərdə Azıxda qanunsuz olaraq həyata keçirilən bu qazıntılara maliyyə vəsaitini isə Avropa fondlarını cəlb etməklə əldə edib. Qanunsuz qazıntılara British Airways/ British Mediterranean Airways, London Universitetinin Arxeologiya İnstitutu, The Harold Hyam Wingate Trust Fondu, İspaniyanın elm və Texnologiya Nazirliyi, The Royal Society maliyyə dəstəyi ayırıb. Bu məsələlərə etiraz səsini qaldıranda isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun elmi işçisi Səbuhi Hüseynov təzyiqlərə məruz qalıb. Ermənilər tərəfindən yox, qəribə də olsa, özünün çalışdığı institutun rəhbərliyi tərəfindən. «…İnstitut rəhbərliyinin öz məsuliyyətini dərk etməsi üçün Azıxda ermənilər tərəfindən aparılan qanunsuz qazıntıların əsl mahiyyətini, bu hadisədən xəbərsiz olan institut rəhbərliyinin diqqətinə çatdırmağı özümə borc bilirəm. Azıx mağarasının dünyanın ən qədim insan məskənlərindən olması faktını Azərbaycanda demək olar ki, bilməyən yoxdur. Qarabağın Quruçay dərəsində yerləşən bu abidə inzibati cəhətdən Xocavənd ərazisinə düşür. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən aşkar edildi. Daha sonra 1968-ci ildə buradan tapılan və sonra elmi ədəbiyyata Azıx adamı kimi düşən çənə sümüyü bu abidəni dünyaya da tanıtdı. Hətta sovet dövründə də bütün bu sahənin alimlərinin diqqət mərkəzində oldu», -deyən Səbuhi Hüseynov həyəcan təbili çalsa da, səsinə səs verən olmayıb. Əksinə, ermənilər bu işə əməlli-başlı vəsait və güc qoyublar, təkrar edirik, dünyaya sübut etmək istəyirlər ki, Azıx mağarasında tapılan həmin o çənə sümüyü erməni çənəsidir… Ay sizi…
Bəs Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunda niyə susurlar?
Məlumat üçün deyək ki, 2008-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Azıx mağarasında qazıntıların qanunsuz olmasını və “Silahlı münaqişə zamanı mədəni dəyərlərin saxlanması haqqında” Haaqa Konvensiyasına, “Arxeoloji dəyərlərin qorunması haqqında” Avropa Konvensiyası, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına zidd olduğunu rəsmən bəyan etdi, beynəlxalq təşkilatlara məlumatlar verildi. Amma ermənilər bütün bu cəhdlərimizə baxmayaraq inadkarlıq etdilər. Hətta 2015-ci ildə Azıxda qazıntı aparmış ekspedisiyanın üzvlərindən biri müsahibəsində demişdi ki, Azıx qazıntıları haqqında yekun bir kitab-toplu da çap olunacaq. «Bu, kitabdan çox hesabat xarakterli toplu idi. Hesabat “Azokh Cave and the Transcaucasian Corridor – 2016” adlanacaqdı. 2015-ci ildə mənim Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasında bu qazıntı barədə çıxışım da oldu. Çıxışımda belə bir toplunun hazırlandığı barədə bizim arxeoloqlara da məlumat verdim. Bu mətbuatda da o zaman çıxışım haqqında məlumatlar getdi. Təəssüf ki, həmişə kimi bizim institut yenə bu məsələlərə əhəmiyyət vermədi», -deyə mətbuatda açıqlama verən Səbuhi Hüseynov yenə də ortada tək qalır, hətta institutun direktorunun «qara siyahısı»na düşür. Amma xoşbəxtlikdən bu dəfə məsələyə hüquqi müstəvidə yanaşılır və Azərbaycanın Baş Prokurorluğu ermənilərin işğal etdikləri ərazilərdə olan Dağlıq Qarabağdakı Azıx mağarasında tədqiqatlar aparan Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo (Yolanda Fernandez-Jalvo), Böyük Britaniyanın Blanford Muzeyinin “Azox layihəsi”nin direktoru Tanya Kinq və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun 2002-ci ildən etibarən işğal edilmiş ərazilərimizdə yerləşən Azıx mağarasında arxeoloji qazıntı işlərini həyata keçirmələrinə, İspaniyanın Milli Təbiət Muzeyi və həmin ölkənin Elm və Texnologiya Nazirliyi, Böyük Britaniyanın Qaluay Universiteti, “Armenian General Benevolent Union”un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən, Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrilə onların barəsində cinayət işi qaldırılır və interpol xətti ilə axtarışa verilir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov yenidən mətbuata açıqlama verir ki, «…Arxeologiya və Etnoqrafiya İnstitutu son dövrdə Qarabağda ermənilərin qanunsuz apardıqları arxeoloji qazıntılarına cavab olaraq hansısa son dövrün tədqiqatlarına dair qazıntı və ya tədbir görməyib. 2015-ci ildə cəmi 60 min manat dəyərində bir arxeoloji qazıntı ilə ermənilər bizə vurduğu zərbənin çəkisini təsəvvür etmək mümkün deyil. Bəs həmin dövrdə Azərbaycanda Arxeologiyaya maliyyəmi ayrılmırdı? Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə Arxeoloji qazıntılara ayrılan maliyyə rəqəmlərinə baxsaq ermənilərin bu qazıntı məbləğindən 40 dəfə çox idi. Bəs nəticə?».
Diqqət edin: ermənilər Qarabağdakı qanunsuz qazıntılarına xarici ölkələrin alimlərini cəlb edirlər. Xarici alimlər isə Azıx mağarası haqqında məlumatsızdırlar. Niyə??? Axı, yuxarıda dedik, 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən Azıx mağarası aşkar edilib. Niyə sonralar bu barədə xarici dillərdə bir elmi-tarixi kitab nəşr edilməyib ki, dünya da Azıx mağarası barədə məlumatlı olaydı! Niyə???
«Təzadlar» Maisə Rəhimovanın gizlətdiyi kitabı tapdı, amma…
«Təzadlar»ın Araşdırma Qrupu bu məsələnin üzərində xeyli müddətdir çalışırdı, araşdırmalar aparmaqda idi. Məlum olur ki, elə 1960-cı ildə tanınmış alim-arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən Azıx mağarası aşkar ediləndən sonra araşdırmalar davam etdirilib. Bu araşdırmalara töhfə vermək üçün SSRİ Elmələr Akademiyasının aidiyyəti institutlarından olan çoxsaylı alimlər bölgəyə ezam edilib. O vaxt SSRİ rəhbərliyi və şəxsən Kreml üçün çox vacib idi dünyaya sübut edilsin ki, SSRİ ərazisində ən qədim insan məskəni olan belə bir mağara tapılıb (Azərbaycan isə o vaxt SSRİ-nin müttəfiq respublikalarından, tərkib hissəsindən biri idi). Odur ki, Azıx mağarasında arxeoloji qazıntılar və araşdırmalar sonadək davam etdirilib və nəhayət, dünyaya bəyan edilib ki, Azərbaycanın Qarabağ bölgəsində tapılmış Azıx mağarası həqiqətən də dünyanın ən qədim insan məskənlərindən olan bir yerdir.
***
…Ermənilər xeyli müddətdir Apropanın bir sıra ölkələrinin, o cümlədən Böyük Britaniya və İspaniya alimləri ilə birgə Azərbaycana məxsus Azıx mağarasında qeyri-qanuni araşdırmalar aparmaqdadır. Hətta 2016-cı ilin axırlarında həmin araşdırmaların «nəticələrinə» həsr olunmuş ingilis dilində «Azıx mağarası və Trans-Qafqaz dəhlizi» adlı kitab-toplu da nəşr olunmuşdur. Kitabın müəlliflərindən biri, oraya daxil edilən saxta məqalələrdən bir neçəsinin müəllifi ermənidir. Digərləri isə, təbii ki, ermənilərin ruhuna və istəyinə uyğun məqalələrin müəllifləri ingilis və ispan mütəxəssisləridir. Halbuki, əvvəl dedik, Azıx mağarası üzrə yüksək səviyyəli kompleks tədqiqatlar hələ Sovet dövründə Azərbaycan və Rusiya alimləri tərəfindən aparılmışdır. Bu tədqiqatların nəticələrinə dair hələ 1985-ci ildə hazır olan 300 səhifəlik mətn və təqribən 100 tablodan ibarət «Rehera Azıx-drevneyşaə stoənka çeloveka na territorii SSSR» («Azıx mağarası-SSRİ ərazisində ən qədim insan məskəni») adlı olduqca samballı bir kitab hazırlanmış, amma bu günədək çap olunmamışdır. Nəhayət, 1994-cü ildə professor Məmmədəli Hüseynovun vəfatından sonra yeganə nüsxədən ibarət bu kitab AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun (bu institutut 1993-cü ildən fəaliyyət göstərir) «Daş dövrü arxeologiyası» şöbəsində saxlanılmaqdadır.
Azıx mağarasının AMEA-nın Arxeologiya İnstitutunda gizlədilən tarixi
Maisə Rəhimova kimlərin tapşırığı ilə bu kitabın nəşrinə səy göstərmir?
…Sonra da deyirik ki, ermənilər bunu etdi, onu saxtalaşdırdı… Biz olan tariximizi «bir daş altdan, bir daş üstdən» düşmənçiliyi ilə dondururuq, düşmən də öz işini görürür.
Qəribədir ki, bu günə kimi həmin kitabın çapına imkan verilməmişdir. Halbuki Azıxla bağlı Azərbaycan və rus alimlərinin birlikdə apardıqları kompleks tədqiqatların nəticələri vaxtında çap edilərdisə, ermənilərin sonralar Azıxda aparmış olduqları qanunsuz araşdırmalar elə ilk gündən aktuallığını itirərdi. Və Avropa alimləri onların heç dəvətini belə qəbul etməzdi. Əfsuslar olsun, ötən illər ərzində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi, bu sırada Maisə Rəhimova belə bir vacib elmi əsərin çapına maraq göstərməmişdir. Niyə? Baxmayaraq ki, bir neçə dəfə həmin əsərin nəşri məsələsi ayrı-ayrı əməkdaşlar tərəfindən, hətta institutun Elmi Şura iclası səviyyəsində qaldırılsa da direktor Maisə Rəhimova nədənsə sona qədər dirəniş göstərmişdir. Bəs nə vaxta kimi?
Sual yaranır: biz tariximizi-mədəniyyətimizi xarici düşmənlərdən qoruyaq, yoxsa, daxili düşmənlərdən?!
«Təzadlar» toplanılmış sənədləri Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya göndərərək bu məsələyə müdaxilə edilməsini və Maisə Rəhimovanın üzə çıxartmaq istəmədiyi «Rehera Azıx-drevneyşaə stoənka çeloveka na territorii SSSR» («Azıx mağarası-SSRİ ərazisində ən qədim insan məskəni») kitabın Azərbaycan, ingilis və rus dillərində çapına, eləcə də dünyanın bir çox ölkələrində təqdimatına kömək edilməsini xahiş edəcək. Bu işdə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbərliyinin də dəstəyinə ümid edirik.
Asif Mərzili
araz.az xəbər portalı.