Azərbaycan Diplomatik Akademiyasının (ADA) Qazax Müəllimlər Seminariyasında ictimai-siyasi xadim, böyük pedaqoq, həkim, yazıçı-dramaturq Nəriman Nərimanov xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Gürcüstandan ADA Universitetində təhsil alan magistrlər və müəllimlər də iştirak edib.
Tədbirdən öncə Qazax Müəllimlər Seminariyası ilə tanışlıq olub. ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə qonaqları tanış edən mərkəzin əməkdaşı Yeganə Göyüşlü bildirib ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli kimi böyük mütəfəkkirlərimiz məhz Qori Seminariyasını bitirib. Zaqafqaziya Müəllimlər Seminariyası parçalanandan sonra isə onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini isə Firidun bəy Köçərli həyata keçirib.
Tədbiri giriş sözü ilə açan təşkilatçısı iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Nəriman Nərimanovun keçdiyi həyat yolundan bəhs edib, son illərdə N.Nərimanovla bağlı Azərbaycan və gürcü dillərində həyata keçirilən layihələrdən danışıb. O, bildirib ki, bir neçə il əvvəl Gürcüstanda Marneuli rayonunda N.Nərimanovun büstünün götürülməsi məsələsi gündəmə gələrkən, soydaşlarımız çox aktiv hərəkət etdilər və imza toplayaraq belə bir məsələnin baş tutacağına imkan verilməyəcəyi bildirdilər. “Biz Nərimanovun əsərlərini yenidən nəşr etdik və onu Azərbaycan və gürcü cəmiyyətinə yenidən qazandırmağa çalışdıq. N. Nərimanov Gürcüstanda yaşayan etnik azərbaycanlılar üçün bir simvoldur və o bizim üçün bir dəyərdir.
Tədbirdə fəxri qonaq kimi iştirak edən Suxumi Dövlət Universitetinin professoru, Gürcüstanın əməkdar jurnalisti Badri Naçkebia çıxış edərək, bildirib ki, Nəriman Nərimanov Azərbaycan-Gürcüstan münasibətlərində əsas rol oynayan şəxslərdən biridir. “Bu gün iki qonşu, dost ölkə olan Azərbaycan və Gürcüstan arasında əlaqələrdə əsas körpü olan şəxslər mövcud olub. Bu yaşadığımız əsirdə bu yaxşı münasibətləri formalaşdıran şəxsiyyət Heydər Əliyev olubsa, ötən əsrdə də bu əlaqələrdə ən vacib şəxsiyyətlərdən biri məhz Nəriman Nərimanov olub. Nərimanova biz yaşadığı dövrün gerçəklikləri ilə baxmalıyıq, amma unutmamalıyıq ki, o iki dost xalqların birliyi, bərabərliyi, eləcə də bütün Qafqazda əmin-amanlığın və sülhün olmasına çalışan bir şəxsiyyət olub”.
Tədbirdə çıxış edən Nəriman Nərimanov nəslinin davamçısı Kamilə Hüseynova Nəriman Nərimanov şəxsiyyətinə göstərilən münasibətə görə, tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. O, bu tədbirin Qazax Müəllimlər Seminariyasında keçirilməsinin də xüsusi anlam daşıdığını qeyd edərək, milli marifçilərimizin, ilk pedaqoqlarımız olan bu insanların gənc nəsillərə tanıdılmasının əhəmiyyətinə də toxunub.
Tədbirdə çıxış edən Soydas.az saytının redaktoru, jurnalist İlqar İlkin bildirib ki, Nəriman Nərimanovun çoxşaxəli fəaliyyətinə nəzər saldıqda görürük ki, O, Azərbaycanın, eləcə də başqa türk ölkələrinin sovet imperiyasının tərkibinə daxil olmasının tərəfdarı olsa da, onun fəaliyyətində türkçülük əsas bir xətt olaraq, nəzərə çarpır. “Biz bu gün Azərbaycan-Türkiyə qardaşlığında tarixə nəzər saldıqda görürük ki, Nərimanovun Mustafa Kamal ilə “qardaşın qardaşa borcu olmaz” ifadəsi bizim münasibətlərin sağlam təməlini qoyan əsas faktordur”.
Tədbirdə çıxış edən Nəriman Nərimanovun ev muzeyinin əməkdaşı Firuzə Ağayeva muzeylə bağlı geniş məlumat verib, Nərimanov irsinin qorunması ilə bağlı görülən işlərdən danışıb.
Sonda ADA Universitetinin məsul əməkdaşı Kamal Musayev qonaqlara Universitet rəhbərliyi adından təşəkkür etdi. O, bildirdi ki, Nəriman Nərimanovla bağlı növbəti tədbirin Tbilisi şəhərində keçirilməsi nəzərdə tutulur.
Sonda xatirə fotosu çəkilib.
araz.az xəbər portalı.