NARAHAT MÜƏLLİMLƏR: “Bizə doğma elm ocağında bitməyən özbaşınalıqlara baxan yoxdur deyə, adi siqnal yox, artıq vaqon siqnalı çalırıq ki, bəlkə yuxarılar eşidib, tədbir görələr!”
Bu rəhbəri sarıdan da bəxti gətirmədiyinə görədir ki, son illər, şərəfli tarixə və gözəl təhsil ənənələrinə malik olan, ötən bütün dövrlərdə respublikamızın Qərb regionunda ən böyük və kifayət qədər yüksək nüfuz sahibi təhsil ocağı kimi özünü tanıdan Gəncə Dövlət Universitetinin adına uyğun yaxşı nəsə eşitmək olmur. Təəssüf doğuran hal budur ki, Azərbaycanın gündən-günə uğurla yeniləşən təhsil sistemində bir vaxtlar xüsusi yeri və çəkisi olmaqla sayılıb-seçilən, elmimizə dəyərli töhfələr və ölkəmizə minlərlə ixtisaslı kadrlar verən bu ali təhsil müəssisəsində son zamanlar baş verənlərə görə daha çox şikayətçi düşənlər, uzun zaman burada çalışan təəssübkeş elm adamlarıdır. Onlar özlərinə doğma bildikləri bu elm ocağının rəhbər şəxslərinin və digər məsul vəzifə sahiblərinin ölkə təhsilində uğurla tətbiq olunan yeniliklər əleyhinə köklənən bəd əməlləri və özbaşınalıqları barədə əlaqədar yuxarı dövlət qurumlarına ünvanladıqları ürək yanğısı dolu saysız-hesabsız şikayətlərinə təsəlli ola biləcək bir cavab ala bilmədiklərinə görə, kömək üçün son ümid yeri olaraq, ölkənin media vasitələrinə üz tutur, hətta burada üzləşdikləri və hədsiz narahatlıqlarına səbəb problemlərin yaratdığı qəlb göynərtilərini sosial şəbəkələrdə paylaşmaqdan təsəlli tapırlar.
Universitetin təəssübünü çəkənlər öz şikayətlərində nələr yazmırlar?! Sanki təsəlli üçün çıxış yolunu əsas günahkarları “quru yuyub, yaş sərməkdə” tapırlar. Onların ölkənin ayrı-ayrı media vasitələrində, eləcə də araz.az xəbər portalında əvvəllər dərc olunan çoxsaylı şikayət məktubları deyilən mövzudadır və təəssüf doğurub həmişə. Elə indi diqqətinizə çatdıracağımız və ilginc iddiaların yer aldığı şikayət xarakterli bu yazı da, Gəncə Dövlət Universitetinin bir qrup müəllimi tərəfindən imzalanıb və qısa ixtisarla verdiyimiz məzmunu belədir:
“Ölkənin təhsil sistemində rahat kresloda əyləşən bir çox vəzifə sahibləri, sadəcə, dövlətimizin təhsil strategiyasının ziddinə açıq-aşkar gedə bilmədikləri üçün, guya, üzdə bu islahatları dəstəklədikləri barədə yalan görüntü yaradırlar. Əslində isə, onlara sərf etməyən bu islahatları iflasa uğratmaq üçün, “dəridən-qabıqdan çıxaraq”, var qüvvələri ilə çalışırlar. Bəs, görəsən hansı səbəblərdən, bu mütərəqqi proseslərin uğurla həyata keçirilməsinə məsul bu vəzifələrə, onları əngəlləyəcək belələri təyin olunurlar?! Dəhşət ondadır ki, qatı cinayətdən betər belə əməlləri açıq-aşkar mütərəqqi islahatların əleyhinə yönəldiyi halda, heç kəs onların payını verib, cəzalandırmaq istəmir.
Elə, Gəncə Dövlət Universitetində həyata keçirilməsi nəzərdə tutulan məqsədyönlü belə işlər böyük uğurlara hesablansa da, son rəhbər şəxsləri sarıdan bəxti gətirməyib deyə, heç nə etmək mümkün olmayıb. İndinin özündə də,
onların qanun çərçivəsinə sığmayan özbaşına hərəkətləri bitmir ki, bitmir. Ümumiyyətlə, Gəncə Dövlət Universitetindən nə qədər şikayət olunsa da, əlaqədar qurumlar heç bir tədbir görmədiklərinə görə, rektor Yusif Yusibovun və ətrafına topladığı əlaltılarının özbaşınalıqları pik həddə çatıb — onların törətdikləri bu özbaşınalıqların arxasında Mikayıl Cabbarov, Ceyhun Bayramov və Samir Şərifov üçlüyü dayanır deyə! Bu yüksək vəzifə sahibləri ona görə onun arxasındadırlar ki, rektorun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin aparat rəhbəridir. Rektor o qədər çoxbilmişdir ki, hətta, beş il tamam olmamış, qardaşının hesabına Maliyyə Nazirliyinin Yoxlama Komissiyasını universitetə gətirərək, öz korrupsiya əməllərini qanuniləşdirib də!
Artıq, bu rektor ölkə Prezidenti İlham Əliyevin siyasətinin əleyhinə getməyə başlayıb. Daha doğrusu, vəzifə başında harınlaşıb deyə, o, bunu etməkdən çəkinmir. Adi bir misal; Möhtərəm Prezident dəfələrlə çıxışlarında işçilərin iş saatlarına və iş günlərinə ciddi riayət edilməsi haqqında danışsa da, bu rektor işçiləri şənbə və bazar günləri belə işə gəlməyə məcbur etməkdən çəkinmir. Həmin günlər işə gəlməyən əməkdaşları yoxlatdırıb, maaşlarını da kəsdirir. Yeri gəlmişkən, onu da qeyd edək ki, bizim universitetin bütün əməkdaşlarının maaşları ən aşağı səviyyədədir. Bu yerdə, onu da demək yerinə düşər ki, Gəncə Dövlət Unversitetinin tələbələrinin sayı, bu şəhərdəki digər universitetlərin tələbələrinin sayından çoxdur. Buna baxmayaraq, Gəncədəki digər universitetlərdə olan əmək haqqları GDU-dakından qat-qat çoxdur. Ona görə ki, alt qruplarda yığılan milyonlarla pulun belə hara getdiyi məlum deyil. Həm də, universitetin büdcəsi müxtəlif adlar altında talan edilir. Adi dəftərxana ləvazimatları, kağız, marker belə verilmir, bu məqsədlə ayrılan pullar da, həyasızcasına mənimsənilir. Dərslərdəki markeri tələbələr pul yığıb, özləri alırlar. Bu universitetin keçirdiyi tenderlər qanuni şəkildə yoxlansa, onun respublikada ən böyük korrupsiya yuvası olduğu aşkar olunar.
Onu da deyək ki, burada çalışan müəllimlərin maaşları artırılmır, universitetdə heç kim öz işi ilə məşğul deyil. Hərə əlinə bir siyahı alıb, yoxlama aparır. Bir dərsə beş-altı dəfə müxtəlif adamlar girib, yoxlama aparır. Bu da açıq-aşkar onun göstəricisidir ki, tədris prosesi tam iflic vəziyyətindədir. Təsəvvür edin ki, professorun dərsinin keyfiyyətini, onun sənədlərini 7000 – 10000 manat civarında rüşvət müqabilində işə təzə götürülmüş uşaqlar yoxlayır. 75 yaşlı, işə çətinliklə gələn prorektor Gülsüm Fətəliyeva dərsin ortasında dərsə girir, əlindəki siyahı üzrə höcələyə-höcələyə adları oxuyub, tələbələri adbaad yoxlayır. Dərsin bütün vaxtı da, beləcə gedir. Görəsən, onda, qrup nümayəndəsi, tyutor, dekan müavini nə üçündür?!
Rektor qorxur ki, birdən prorektor Şahin Xurşudov və dekanlar ondan xəlvət tələbələri aylığa buraxar, pul məsələsində onu aldadarlar. Ona görə, qoca prorektoru göndərib, təkrar-təkrar yoxlatdırır ki, onu haqq-hesabda aldatmasınlar. Rektorun qəbul saatı da yoxdur, heç bir əməkdaş onu görə bilməz, çünki onları heç vaxt qəbul etmir. Kabinetindən çölə də çıxmır.
Daha qıcıqlandırıcı hal odur ki, universitetdə işləyən erməni əsilli vətəndaşlara — iki qardaş erməniyə yüksək maaş verilir və xüsusi qayğı göstərilir. Bu erməni qardaşlardan biri — Vasif Həsənov, hələ də, bizim universitetdə “at oynadır”, prorektorları belə saymır. Onun digər qardaşı isə, Bərdə rayonunda qeyri-hökumət təşkilatlarının birində yüksək vəzifədə işləyir, amma buna baxmayaraq, adı Gəncə Dövlət Universitetində də gedir, buradan da maaş alır. Heç vaxt işə gəlməsə də, onun tam maaşını verən Yusif Yusibov laborantların 270 – 300 manatına göz dikir, onların beş-altı dəqiqə işə geçikmək dəqiqələrini sayır. Universitetdə özləri Rusiyada olub, burada texniki işçi və ya müəllim kimi adları işdə gedən belə şəxslər onlarladır. Görəsən, rektor Yusif Yusibovda bu erməni sevgisi haradandır?!
Bizim universitet daha bir ilkə də imza atıb. Saytına baxanda, bu həmin an məlum olur. Məlum olur ki, 15 il bundan qabaq rəhmətə gedən universitet əməkdaşları hal-hazırda burada elmi iş aparır, hətta uğurlu elmi nəticəər əldə edirlər. Doğrudan da, Fəxrəddin Süleymanov, Cəlal Zeynalov, Nurəddin Əliyev, Mayıl Mustafayev, Maya Rəhimova 10-15 il bundan qabaq rəhmətə gediblər. Amma onlar Yusif Yusibovun qabaqçıl iş təcrübəsi nəticəsində, dirilib gələrək, universitetin elmi-tədqiqat işlərinə sanballı töhfələr verirlər. Bunun təsdiqi burada: http:/rif.gdu.edu.az/?page_id=358 Bu linkə baxın, hər şey oradan açıq-aydın görünür. İqtisadiyyat fakültəsinin saytı bərbad gündədir, rəhmətə gedən adamlar burada da, elmi iş aparır, menecment və turizm kafedrasında isə, kafedra, onun əməkdaşları haqqında məlumat belə yoxdur. Bunun təsdiqi kimi, girin bu linkə: http://iif.gdu.edu.az/?page_id=4951 Filologiya fakültəsinin bəzi kafedralarında da, vəziyyət belədir, müəllimlər haqqında heç bir məlumat yoxdur. Təsdiqi bu linkdə: http://filologiya.gdu.edu.az/?page_id=226 Bu sayta ümumi nəzarəti erməni qardaşlar və Təhsildə Keyfiyyətin Təminatı şöbəsinin müdiri, sabiq icra başçısı Elmar Vəliyevin yaxın qohumu İsmayıl İsmayılov həyata keçirir. Bunların özlərini gördüyü işin səviyyəsi budur, amma bunlar da, gəlib kollektiv üzvlərində nöqsan axtarır, dərsə davamiyyəti yoxlayır, hətta imtahanları da bunlar götürürlər. Necə ki, dərsi deyən müəllim qalır kənarda, bütün imtahanları “hərşeyşünas” İsmayıl İsmayılov götürür.
Bizim universitetdə o qədər çatışmazlıqlar var ki, bilmirsən hansından yazasan. Tədbir görən də, yoxdur. Artıq siqnal yox, vaqon siqnalı çalırıq ki, bəlkə, yuxarılar bunu eşidib, nəhayətdə bir tədbir görələr. Lakin bu baş tutmadığı üçün, yenə təsəlliverici bu deyimlə yazımızı tamamlayırıq: “Hər şey bir yana, Əmiralı müəllimin şirkəti isə, Leonid İliç Brejnev demişkən, yenə “şiroko şaqaet”, yəni, iri addımlarla irəliləyir…”
Onu da qeyd edirik ki, araz.az xəbər portalı məqalədə dərc edilən ittihamlara görə məsuliyyət daşımır və adları çəkilən hər kəsin söz haqqını tanıyır.
Tahir HÜSEYNOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.