Deputat Rasim Musabəyov Başkəndin heç bir “strateji əhəmiyyəti” olmadığını bildirib. Bundan başqa, millət vəkili gələcəkdə sanki “mübadilə” olacaqmış kimi bir təəssürat yaradıb.
Ümumiyyətlə, hazırda regionda həssas geosiyasi vəziyyət hakimdir. Azərbaycan isə, 30 il sonra regionda reallıqları dəyişib. Qazaxın 4 qeyri-anklav kəndi bir güllə belə atılmadan Azərbaycana qaytarılıb. Delimitasiya prosesi uğurla davam edir və ən əsası, prosesin davamı üçün sərhəd komissiyalarının görüşləri keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı qeyd etdi ki, “Biz məsələnin (Sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”.
Belə bir zamanda, “Başkənd” kimi həssas bir məsələyə toxunmaq və yanlış fikir səsləndirmək ciddi səhvdir. Məsələ təkcə “Başkənd məsələsi”ndə deyil. Yəni, prosesin bundan sonra necə olacağına dair konkret nəsə demək hələlik mümkün deyil. Bəli, sülh müqaviləsinə çox yaxınıq, amma ölkə başçısının da dediyi kimi, delimitasiya prosesi uzun bir məsələdir və sülh müqaviləsindən sonra da davam edə bilər. Bundan başqa, regiondakı həssas siyasi və geosiyasi vəziyyəti də unutmaq olmaz.
Bəli, Başkənd və digər mübahisəli məsələrə dair hələlik konkret yanaşma yoxdur. Azərbaycan məsələ ilə bağlı rəsmi səviyyədə
açıqlama verməyib. Mübahisəli məsələlərin həlli danışıqlardan, təmaslardan asılıdır. Bakının necə bir yanaşma sərgiləyəcəyini zaman və təbii ki, danışıqların nəticəsi göstərəcək. Rasim Musabəyov isə, millət vəkili olaraq, bu məsələlərə diqqət etməli, fikirlərini daşıdığı statusu nəzər alaraq səsləndirməli idi. Bu ictimai rəydə və qarşı tərəfdə yanlış təəssürat yarada bilər.
Ümumiyyətlə, bu yanaşma milli maraqlarımızın tam əksinədir. Rasim Musabəyovun birdən-birə: “Başkəndin heç bir srateji əhəmiyyəti olmadığını” – deyərək, kəndin “mübadilə obyekti” olması haqda təsəvvür yaratması da, xüsusi ilə diqqət çəkir. Buradan iki mümkün nəticə çıxır: Ya Rasim Musabəyovun milli təəssübkeşliyi yoxdur, ya da, o, geosiyasi vəziyyəti düzgün analiz edə bilməyib.
Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.