yeni bina

Bakıda evsiz və kirayədə yaşayan insanların sayı kifayət qədərdir ki, bu da onların mənzil almaq imkanının olmamasından irəli gəlir.

Belə ki, bu gün paytaxtda evlər son dərəcə bahadır. Bu baxımdan, vətəndaşlar nə birdəfəlik ödənişlə, nə də ipoteka krediti vasitəsilə mənzil ala bilirlər. Bir sıra xarici ölkələrdə daşınmaz əmlakın qiymətinin Azərbaycandakı qiymətlərdən daha ucuz olduğu və məhz bu baxımdan da azərbaycanılıların xaricdə ev almağa üstünlük verdikləri bildirilir. Bakıda evlərin qiyməti xarici ölkələrlə müqayisədə süni şəkildə şişirdilir, yoxsa həqiqi qiymətlər evləri əlçatmaz edib?

araz.az bildirir ki, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin “CebheTV”-yə açıqlamasında, mənzillərin qiyməti Türkiyə, Rusiya, yaxud Gürcüstanla və o ölkələrin ucuz əraziləri ilə müqayisə edilib:

“Məsələn, İstanbulun mərkəzində ev almaq mümkünsüzdür, çox bahadır. Moskvada satılan evlərə ümumiyyətlə, yaxın düşmək olmur. Gürcüstanda tələbat çox artıb. Türkiyənin elə əraziləri var ki, bizim ucqar ərazilərimiz kimi ümumiyyətlə, alış yoxdur. Müəyyən qəsəbə tipli şəhərlər var ki, orada evlər çox ucuzdur. Söhbət böyük şəhərlərdən gedir. Belə böyük şəhərlərdə, mərkəz ərazilərdə qiymətlərin tam enməsi mümkün deyil. Hazırda çoxmənzilli binaların inşası üçün torpaq sahəsi qalmayıb. Şirkətlər köhnə 4-5 mərtəbəli binaları söküb, yerində hündürmərtəbəli binalar tikirlər. Bu halda tikinti xərci daha çox artır. Yəni o sakinlərin bina tikilib istifadəyə verilənədək kirayə xərci, hər bir mənzil sahibinə yeni, təmirli mənzillərin tikilib təhvil verilməsi kimi problemlər tikinti xərcini artırır. Bu da qiymətlərə təsir edir. Bu, o demək deyil ki, tikinti şirkəti daha çox qazanır. Burada xərc artır. Tikinti haqqında qanunvericiliyin tələbləri sərtləşdirilib ki, artıq əvvəlki kimi daha sıx şəkildə, daha hündürmərtəbəli tikilə bilməz. Məcburdurlar ya tikməsin, yaxud da az gəlirə qane olmaq üçün qoyduğu xərci götürsün. Qoyduğun xərci də götürmək üçündə baha satmağa məcburdurlar, çünki tikinti xərcinin özü artıb”.

Ekspertin sözlərinə görə. qiymətin enməsi birdən-birə baş vermir:

“Hansısa bir zəlzələ, müharibə, sel basqını kimi hadisələr baş verə bilər ki, o halda ucuzlaşma olar. Türkiyə 2022-ci ildə dünyada xarici vətəndaşlara ən çox daşınmaz əmlak satan ölkə oldu. Çünki Rusiya-Ukrayna müharibəsi səbəbindən həm ruslar, həm Ukrayna vətəndaşları, həm də Şərq ölkələrindən, ərəblər tərəfindən Türkiyədə mənzil alan insanların sayı artdı. Türkiyə qanunvericilikdə dəyişiklik etdi. Artıq Türkiyədə vətəndaşlıq almaq üçün məbləğ daha da artıb. Ancaq zəlzələdən sonra Türkiyənin daşınmaz əmlak bazarında çox böyük çöküş baş verdi. Bu, onu göstərdi ki, zəlzələ baş verən ərazilərdə tikilən evlər keyfiyyətsiz imiş. Həmin ərazilərdə cəmi bir neçə bina dayanıqlı oldu ki, bu da onu göstərir ki, keyfiyyətli tikilən binalara heç nə olmur. Ekstrasenslər digər ölkələrdən də bildirirdilər ki, İstanbulda, Ankarada zəlzələ olacaq və bununla ölkənin iqtisadiyyatını çökürtməyə çalışırdılar. Bizdə də bəzən məlumat yayılır ki, zəlzələ olacaq, binalar uçub, dağılacaq. Bu, belə deyil. 2020-ci il zəlzələsindən 24 il keçib və köhnə binalar artıq istismar müddətini bitirib. Yeni binalar artıq mişar daşından tikilmir, beton karkarsla tikilir. Yeni tikili binlarda kənardan yalnız beton kolonlar görünür. Onlar bir- birinə armatur və beton vasitəsilə bağlanır. Nə qədər zəlzələ olsa da, onun yerə çökməsi mümkün deyil. O halda ola bilər bilər ki, tikintinin yerləşdiyi yerdə, torpaqda çökmə, aşınma baş versin. Çox böyük zəlzələ olar, bina saga-sola aşa bilər, ancaq tamamilə yerə çökməz. Ancaq köhnə binalar çökə bilər. Çünki daşdan tikilmiş binalardır. Onlarda istifadə olunan tikinti materialının istismar ömrü bitib”.

O bildirib ki, hazırda 11 minə yaxın istismar müddəti başa çatmış köhnə çoxmənzilli yaşayış binası və xeyli sayda qəzalı binalar var:

“Ancaq istismar müddəti başa çatmış, onun qəzalı olması da demək deyil. Vaxtında təmir olunsa, ömrünü uzatmaq olar”.

araz.az xəbər portalı.