Dünən, ölkəmizdə aktiv diaspor fəaliyyəti ilə tanınan Beynəlxalq Diaspor Mərkəzi öz ofisində “Azərbaycan-Rusiya münasibətləri: Yeni reallıqlar” mövzusunda dəyirmi masa keçirib. Təşkilatın Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumata görə, bu tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev öncəliklə Beynəlxalq Diaspor Mərkəzi və onun fəaliyyəti haqqında qonaqlara məlumat verib. Qurum rəhbəri qeyd edib ki, 2005 – 2006-cı illərdə, qeyri-hökumət təşkilatı kimi, Beynəlxalq Diaspor Mərkəzi təsis edilib. Milli QHT Forumunun nəzdindən çıxaraq, günümüzə qədər Qeyri-Hökumət Təşkilatlatı olaraq, fəaliyyətini davam etdirib. Beynəlxalq Diaspor Mərkəzinin əsas fəaliyyəti azərbaycançılıq məfkurəsinin qorunmasına, dünya azərbaycanlılarının beynəlxalq səviyyədə rolunun artırılmasına, o cümlədən, soydaşlarımızı erməni vandalizminə qarşı ciddi mübarizə işlərinə yönəltməyə köklənib.
İsmayıl Ağayev öz çıxışında xüsusi olaraq onu vurğulayıb ki, Beynəlxalq Diaspor Mərkəzi yarandığı gündən erməni daşnaklarının xalqımıza qarşı apardığı işğalçılıq siyasətini pisləyən önəmli tədbirlər keçirib. “Tarixi Azərbaycan torpaqları olan qərbi azərbaycanlıların doğma yurd-yuvalarından deportasiya olunmalarına etiraz olaraq, belə silsilə tədbirlər keçirməyi davam etdiririk. Şükürlər olsun ki, otuz ilə yaxın bir vaxtda yağı düşmən işğal altında olan torpaqlarımız Ali Baş Komandanımızın rəhbərliyi ilə, Milli Ordumuzun inanılmaz gücü sayəsində geri qaytarıldı. Ümumiyyətlə, Beynəlxalq Diaspor Mərkəzi olaraq, erməni vandalizminin iç üzünün və bəd əməllərinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı alqışalayiq çox iş gördük. Qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla, Rusiya Federasiyasında və Avropanın bir sıra dövlətlərində Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün, əlimizdən gələni etdik”, — məruzəçi qeyd etdi.
Daha sonra, BDM sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə, fevralın 21-də bu ölkəyə rəsmi səfərə getdiyini vurğulayaraq, Azərbaycan-Rusiya münasibətlərinin yeni reallıqları barədə tədbir iştirakçılarına öz fikirlərini çatdırdı: “Xarici ölkələrə səfərləri planında, İlham Əliyev cənablarının Rusiya səfərinə geniş yer ayırması təsadüfi deyildi. Moskvaya bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifənin açılması demək idi və buna, bu istiqamətli yeni reallıqlar kimi baxılmalıdır. Konkret desək, Rusiya sülhməramlı kontingentinin Qarabağdan — bizim doğma diyarımızdan çıxması və bunun, illərdir ki, düşmən tapdağı altında olan Qazaxın 4 kəndinin qaytarılması ilə bir vaxtda baş tutması da, bu səfərin gələcək əməkdaşlığın nə qədər vacib olduğunu bir daha ortaya qoydu. Dövlət başçılarının qatıldığı Baykal – Amur Magistralının 50 illik yubiley tədbirində Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihədəki roluna böyük diqqət ayrılması, diaspor qurumu olaraq, bizi olduqca qürurlandırdı”.
İsmayıl Ağayev çıxışının sonunda deyib ki, dövlət suverenliyini və ərazi bütövlüyünü tam olaraq bərpa edən güclü Azərbaycan Respublikası regionda əməkdaşlığın, davamlı inkişafın və sülhün təmin olunması üçün, ardıcıl səylərini davam etdirir. Bu istiqamətdə, ölkəmizin Rusiya ilə əlaqələrinin inkişaf etdirilməsi xüsusi yer tutur. Elə, cənab Prezidentin Rusiyaya son işgüzar səfəri də, məhz bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Məlumata görə, sonra bu tədbirdə BDM sədrinin birinci müavini dr. Ceyhun Şakiroğlu çıxış edərək, Ulu Öndər Heydər Əliyevin bu istiqamətə köklənən hərtərəfli siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev cənablarının da, Rusiya ilə münasibətlərə hər zaman çox həssas yanaşdığını xüsusi olaraq qeyd edib. Bildirib ki, SSRİ-nin dağılmasından sonra, Rusiya ilə Azərbaycan münasibətlərinin durmadan inkişaf etməsi bunun yekun müsbət nəticəsidir. Azərbaycan – Rusiya əməkdaşlığının gündən-günə güclənməsi, ölkəmizin Avropadan, ümumiyyətlə Qərbdən uzaqlaşması kimi dəyərləndirilməməlidir. Çünki Azərbaycan dövləti NATO, Avropa İttifaqı və digər bu kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını da, uğurla davam etdirir. Qonşu ölkələrlə, xüsusi ilə, türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi diqqətin ayrılması da, deyilənlərin inkarolunmaz sübutudur.
Məlumatın sonunda o da qeyd olunub ki, bu tədbir digər iştirakçıların çıxışları ilə yekunlaşıb.
Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.