Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatını dərc edib. Hesabata görə, dünyanın bütün bölgələrində hərbi xərclər artır.
Dünya hərbi xərcləri ardıcıl olaraq 9-cu ildir artaraq 2443 milyard dollara yüksəlib. 2009-cu ildən bəri ilk dəfə olaraq hərbi xərclər SIPRI tərəfindən müəyyən edilmiş beş coğrafi regionun hamısında artıb, xüsusilə də Avropa, Asiya, Okeaniya və Yaxın Şərqdə böyük artımlar qeydə alınıb.
araz.az hesabata əsasən Cənubi Qafqaz regionuna diqqət edib.
Təşkilatın məlumatın görə, Cənubi Qafqazda hərbiyə ən çox pul xərcləyən ölkə Azərbaycandır. Belə ki, 2023-cü ildə ölkəmiz hərbiyə 3.6 milyard dollara yaxın vəsait xərcləyib. Bu, ümumi daxili məhsulun (ÜDM) 4.6 faizini təşkil edir.
Ermənistanın hərbi xərcləri isə 2022-ci illə müqayisədə 2 dəfəyə yaxın artıb. Belə ki, ötən il Ermənistanın hərbi ayırdığı vəsait 1.3 milyard dollardan çox olub. Bu ölkə ÜDM-nin 5.5 faizini hərbiyə xərcləyib.
Gürcüstan isə regionda hərbiyə ən az pul xərcləyən ölkədir. Ölkənin hərbi xərcləri 2022-ci illə müqayisədə artsa da, cəmi 504 milyon dollar olub. Gürcüstan ötən il ÜDM-nin cəmi 1.7 faizini orduya ayırıb.
Qeyd edək ki, 2023-cü ildə NATO-nun 31 üzvünün hərbi xərcləri 1341 milyard dollar təşkil edib ki, bu da dünyanın hərbi xərclərinin 55 faizinə bərabərdir. ABŞ-ın hərbi xərcləri 2023-cü ildə 2,3 faiz artaraq 916 milyard dollara çatıb. Bu, NATO-nun ümumi hərbi xərclərinin 68 faizini təşkil edir. 2023-cü ildə əksər avropalı NATO üzvləri hərbi xərclərini artırdılar. Onların NATO-dakı ümumi payı 28 faiz təşkil edib ki, bu da son 10 ildə ən yüksək göstəricidir. Qalan 4 faiz Kanada və Türkiyədən gəlib.
İran 2023-cü ildə 10,3 milyard dollarla Yaxın Şərqdə ən çox hərbi vəsait xərcləyən dördüncü ölkə olub. Mövcud məlumatlara görə, İslam İnqilabı Keşikçiləri Korpusuna ayrılan hərbi xərclərin payı 2019-2023-cü illər arasında 27 faizdən 37 faizə yüksəlib. /Modern.az/
araz.az xəbər portalı.