Bakıda bəzi yeni tikilən binaların sakinləri “kupça” problemi yaşayır. Söhbət apartment tipli binalarda mənzil sahibi olanlardan gedir.
Bəs belə binalara “kupça” hansı hallarda verilir?
araz.az bildirir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Operativ Media”ya açıqlama verib və adətən apartment tipli binaların çıxarışlarının olmadığını deyib:
“Apartment tipli binalar Bakıda az sayda olsa da, daha çox Xırdalan, Masazır, Abşeron ərazisindədir və onların böyük əksəriyyətinin çıxarışı olmur. Çünki o binalar tikiləndə onların sənədləşməsi fərdi həyət evi üzərindən gedir. Yəni onu tikən şəxslər fərdi həyət evi kimi təxminən hündürlüyü 12 metrə qədər olan bir tikili üçün sənədləşdirib icazə alırlar. Daha sonra isə həmin tikintini daha böyük, 4, 5, bəzən 6 mərtəbəyə qədər qaldırırlar”.
Ekspertin sözlərinə görə, qanunvericiliyə əsasən, artıq bu mənzillərə çıxarışın verilməsi mümkünsüzdür:
“Çünki binalar neçə mərtəbəli tikilirsə, onun eskiz layihəsi çəkilməlidir. Eskiz layihədə onun kolonlarının ölçüsü, bünövrəsi, orada işlənən tikinti materiallarının hər biri ilə bağlı məlumat olmalıdır və tikildikdən sonra çıxarış alınması mümkündür. Çünki fərdi həyət evinə icazə alıb çoxmənzilli bina tikdikdə isə artıq orada istifadə olunan tikinti materialları, onun bünövrəsini, özünün dərinliyi, kolonlarının ölçüsü, armaturların sayı tikinti altında qaldığına görə görünmür. Bu baxımdan onlara çıxarışların verilməsi qanun tərəfindən mümkünsüzdür. Hansısa formada amnistiya tətbiq olunarsa, təbii ki, o halda onlara çıxarışın alınması mümkün ola bilər. Yaxud əgər torpağın sənədləri qaydasındadırsa, yeni layihə çəkdirib, onun əsasında orada hansısa monitorinqlərin aparılması mümkündür. Monitorinqlərdən sonra əgər tikintinin dayanıqlığı qaydasındadırsa, o halda çıxarışların verilməsi ehtimalı ola bilər”.
E.Fərzəliyev qeyd edib ki, belə bir halda vətəndaşlar məhkəmə qaydasına müraciət edərək öz hüquqlarını bərpa edə bilərlər. Burada birmənalı olaraq günahkar tərəf fərdi həyət evi adıyla çoxmənzilli bina tikən şəxsdir. Çünki oradan mənzil olan vətəndaşların mülkiyyət hüquqları pozulur, öz evlərinə çıxarış ala bilmirlər.
araz.az xəbər portalı.