“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib.
“İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” mövzusunda keçirilən tədbirdə “AzerGold” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri və QSC-nin ÇİRES-də çalışan podratçı şirkətlərinin əməkdaşları iştirak ediblər.
“AzerGold” QSC-dən araz.az-a daxil olan məlumatda deyilir ki, tədbirdə Səhmdar Cəmiyyət tərəfindən əməyin mühafizəsi, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, habelə ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, iş yerlərində, xüsusilə istehsalat müəssisəsində reallaşdırılan qabaqlayıcı tədbirlər nəticəsində “AzerGold” QSC tərəfindən bütün fəaliyyət dövrü ərzində istehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əməyin təhlükəsizliyinin qorunmasına nail olunub. Bununla “AzerGold” QSC-də təhlükəsiz ötüşən iş saatlarının sayı 5 milyon saatı ötüb. Bu, dağ-mədən sahəsində fəaliyyət göstərən şirkət üçün yüksək göstərici hesab edilir.
Tədbir çərçivəsində Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit sahəsi üzrə fəaliyyətə töhfə verən “AzerGold” QSC və podratçı şirkətlərin əməkdaşlarına təşəkkürnamələr təqdim edilib.
Daha sonra qonaqlar ÇİRES-in fəaliyyəti ilə tanış olub, müəssisədə yaradılan əlverişli əmək şəraiti, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlərdən məmnunluqlarını ifadə ediblər.
Xatırladaq ki, Ümumdünya Əməyin Mühafizəsi Günü BMT-nin ixtisaslaşmış qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü ildə təsis edilib. Əməyin mühafizəsi ilə bağlı təsis edilən bu xüsusi gün hər il Azərbaycanda da qeyd olunur.
Ölkəmizdə layiqli əmək təminatı, işçilər üçün təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə mütərəqqi beynəlxalq norma və standartlar əsasında qəbul edilmiş milli qanunvericiliyə uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində “AzerGold” QSC-nin müəssisə və törəmə şirkətlərində də sistemli fəaliyyət aparılır, işçilərin əmək hüquqları, əməyin təhlükəsizliyi sahəsində davamlı maarifləndirilməsi təmin edilir.
araz.az xəbər portalı.