Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.
Musavat.com xəbər verir ki, qurultay iştirakçıları öncə Fəxri xiyabana yollanaraq mərhum prezident Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb.
Qurultay Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb.
Tədbir iştirakçıları mərhum prezident Heydər Əliyevin, vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin 14-cü qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz ruhlarını bir dəqiqəlik sükutla yad ediblər.
XV qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Administrasiyanın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, millət vəkilləri, media qurumlarının rəhbərləri, təhsil ekspertləri iştirak edirlər.
Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Daha sonra isə çıxışlar başlayıb. Çıxış edən təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XV qurultayının işinə uğurlar arzulayıb.
Hesabat məruzəsi ilə çıxış edən Ceyhun Bayramov əsasını mərhum prezident Heydər Əliyevin qoyduğu təhsil islahatlarının bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib.
Təhsil naziri vurğulayıb ki, cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. O cümlədən təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunub, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.
Həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzunun daha da artdığını deyən Ceyhun Bayramov ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alındığını diqqətə çatdırıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib.
Nazir bildirib ki, qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə 2014-cü il ilə müqayisədə 2,3 dəfə artım deməkdir. Ümumi təhsil sistemində çalışan 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.
Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikildiyini və ya əsaslı təmir edildiyini qeyd edən nazir bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını vurğulayıb.
Tədbir davam edir.
Əli Rais,
Musavat.com
Fotolar: Elçin Əkbərov
araz.az xəbər portalı.