“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qızıl sikkə kolleksiyaları Böyük Britaniyada hər il may ayında təşkil edilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” çərçivəsində nümayiş olunub.

araz.az  bildirir ki, Berkşir qraflığının Vinzor şəhərində yerləşən eyniadlı tarixi qəsrin ərazisində keçirilən tədbirdə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmizin zəngin mədəni irsi təbliğ olunub.

Tədbir çərçivəsində təşkil edilmiş “Azərbaycan günü”ndə tariximiz, mədəniyyətimiz və müxtəlif sənət növlərini özündə tərənnüm edən “Azerbaijan Cultural” pavilyonunda “AzerGold” QSC-nin qızıl və gümüş kolleksiyaları da sərgilənib.

Qızıl və gümüş məhsulları milli guşəni ziyarət edən Böyük Britaniya vətəndaşları, eləcə də müxtəlif ölkələrdən gəlmiş qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi ziyarətçilərinə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında 3D formatında istehsal edilmiş “100 il və onun fövqündə bir irs” unikal qızıl sikkəsi, Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən “Heydər Əliyev Mərkəzi”, “Qarabağ xalçası: Çələbi”, “Qobustan”, həmçinin “Qarabağ inciləri”, “Şuşa”, “Uzun Həsən” və digər qiymətli məhsullar barədə ətraflı məlumat verilib, ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Vindzor Kral Atçılıq Şousu və onun çərçivəsində təşkil edilmiş tədbirlərə 30 000-dən çox tamaşaçı qatılıb.

araz.az xəbər portalı.