metro 1
“Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Fəxri Dəmiryolçu, müharibə veteranı, 54 il metro və dəmiryol sistemində daim müxtəlif rəhbər vəzifələrdə işləyən Zeynalov Akif Mehdi oğlu, “Bakı Metropoliteni” QSC-nin Baş Müfəttişlik Aparatının Qatarların Hərəkət Təhlükəsizliyi üzrə müfəttişi, 37 ildən artıq fasiləsiz Metropolitendə çalışan Nazim Mədət oğlu Abdullayev, maşınist, Qarabağ müharibəsi veteranı Asif Mirzə oğlu Rzayev, maşinist Fikrət Sərvər oğlu Şıxaliyev Pressinfo.az  saytının redaksiyasına məktubla müraciət edərək, Bakı Metropolitenində özlərinin və həmkarlarının üzləşdikləri korrupsiya hüquqpozmalarından şikayətlənmişlər. Məktubdan bəlli olur ki, metropoliten rəhbərliyinin rəvac verdiyi qanunsuzluqlar təkcə maşinistlərin əmək və istirahət hüquqlarının tapdalanması ilə məhdudlanmır, onların və yeraltı nəqliyyatın sərnişinlərinin də həyatına təhlükə vəd edir.

QATARLARIN VƏ SƏRNİŞİNLƏRİN TƏHLÜKƏSİZLİYİ TƏMİN OLUNMUR
Məktubdan oxuyuruq: “Metropolitenin texniki istismar Qaydaları” kitabının 6.26  bəndinə zidd olaraq, “İçəri Şəhər” stansiyasında II baş yolda stansiyanın girişində olan ətalətli avtostop Zaur Hüseynovun əmri ilə sökülüb. Həmin avtostop II baş yolda stansiyaya girən qatarların təhlükəsiz hərəkətini təmin etməklə bərabər, həm də qatar əks istiqamətdə hərəkət edərkən II baş yoldan I baş yola keçiddə sürətə nəzarət edirdi. Nəzərə çatdırırıq ki, hal-hazırda “İçəri Şəhər” stansiyasına sərnişinlə II baş yola girən qatarların, həmçinin də II baş yoldan qayıdan qatarların və sərnişinlərin təhlükəsizliyi təmin olunmur.
“Metropolitenin texniki istismar Qaydaları” kitabının 6.35 bəndində metropoliten xətləri, ötüb keçən qatarların vaqon bokslarının qızmasını avtomatik olaraq təmassız aşkara çıxaran və bu barədə müvafiq məlumatı yaxındakı stansiyanın mərkəzləşmə məntəqəsinə, yaxud, qatar dispetçerinə ötürən qurğularla təchiz olunmalı olduğu halda, Bakı Metropoliteninin rəhbərliyi bunu yaddan çıxarır, sərnişinlə dolu qatarları heç bir təhlükəsizlik tədbiri görmədən yolda işlədirlər. Xatırladaq ki, həmin qurğu Bakı Metropolitenində var idi, söküləndən sonra yerinə yenisini quraşdırmaq yaddan çıxarılıb.
Metro vaqonlarının təmiri üzrə rəhbər sənəd olan Ç metro 4592 saylı “Metropoliten vaqonu” kitabının I başlıq 1.7. bəndində – Metro vaqonlarında istehsalçı zavodla razılaşdırmadan konstruktiv dəyişikliklərin edilməsi qadağan olunduğu halda, Bakı Metropolitenində vaqonların ayrı-ayrı aparatları, maşinist kabinaları çox keyfiyyətsiz şəkildə, yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət edilmədən dəyişdirilir.
Maşinist kabinasının ön hissəsində fövqəladə hallar zamanı sərnişinlərin qatardan düşürülüb təxliyyə edilməsindən ötəri qapı və açılıb-yığılan pilləkən olduğu halda, onları ləğv edərək yeni kabina quraşdırılır. Quraşdırılan kabinalar hər tərəfdən çat verir ki, bu da nə sərnişinlərin, nə də maşinistlərin təhlükəsizliyini təmin etmir.
“Bakı Metropoliteni” QSC-nin “İstismarla bağlı olan struktur vahidlərinin qəza-bərpa vahidləri məntəqələri haqqında Əsasnamə”nin 1.2. saylı əlavəsində həm işçilərin, həm də orada olan avadanlığın siyahısı göstərilmişdir, lakin QVMB – nə işçilərlə, nə də avadanlıqla təchiz olunmayıb. Bu da metropolitendə qatar və sərnişinlərlə bağlı hadisə baş verdikdə, hadisənin aradan qaldırılmasını çətinləşdirir.
Bütün digər ölkələrin metropolitenlərində həm əsas QVMB, həm də məsafədən asılı olaraq köməkçi QVMB olduğu halda, Bakı Metropolitenində təlimata zidd olaraq Zaur Hüseynov bunları ləğv edib.
“Metropolitenin elektrik qatarlarında qatar alətlərinin yerləşdirilməsi və saxlanılması haqqında Təlimat”a əsasən metropolitenin bütün elektrik qatarları norma əsasında qatar alətləri ilə dəstləşdirilməli olduğu halda, alətlər yoxdur. Bu da qatarda nasazlıq baş verdikdə maşinistin nasazlığı aradan qaldırmasının çətinləşdirilməsi və vaxt itkisinin artması deməkdir.

ZƏRƏRLİ PEŞƏ SAHİBLƏRİ OLAN MAŞİNİSTLƏRİN ƏMƏK ŞƏRAİTİ AĞIRLAŞDIRILIR
Qatarların hərəkəti ilə bilavasitə əlaqəli olan işçilərlə – maşinistlərlə, maşinist köməkçiləri ilə, manevr maşinistləri ilə, təlimatçı maşinistlərlə, motovoz maşinistləri ilə, həmçinin hərəkətin təhlükəsizliyi ilə əlaqəli olan digər işçilərlə əmək müqaviləsi pensiya yaşına çatana qədər bağlanmalı olduğu halda, işçilərlə istənilən yaş həddində əmək müqaviləsi bağlanılır, bu da hərəkətin təhlükəsizliyini böyük risk altında qoyur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı Qərarında maşinist və maşinist köməkçisi peşəsi zərərli və ağır istehsalatın peşə və vəzifələrinin siyahısında öz əksini tapmışdır. Maşinist və maşinist köməkçilərinin əmək kitabçalarında xüsusi ağır əmək şəraiti və həftədə 36 saatlıq iş rejimi qeyd olunduğu halda, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı olmadan 25.09.2017-ci il tarixində 646 saylı əmri ilə 10.10.2017-ci il tarixdən etibarən maşinistləri yeni iş qrafikinə keçirmiş, maşinist köməkçisi ştatını ləğv etmiş, çilingərlikdən birbaşa işçiləri tək işləyən maşinist peşəsinə keçirilməsi barədə göstəriş vermişdir.
Yeni iş qrafikinə əsasən, səhərə yaxın saat 03:00 – 04:00 radələrindən başlayaraq (maşinistlərin yaşayış yerindən asılı olaraq vaxt tezləşdirilir) maşinistləri evlərindən götürüb işə gətirirlər. Gecikmə, küçə itlərinin hücumuna məruz qalma halları olduqda, maşinistlər həkim komissiyasından keçmədən işə buraxılırlar. Dörd-beş saat işlədikdən sonra iş sona çatır. Gecə yuxusuz qalmış işçilərin hərəkət təhlükəsizliyini necə təmin etmələri sual altındadır.
Təlimata əsasən, lokomotiv briqadalarının ən azı 85 %-inin fərdi iş cədvəlləri ilə işləməsi göstərildiyi halda, indiyədək heç bir maşinistə fərdi iş cədvəli verilməyib. Həmin təlimata əsasən, aylıq iş qrafiki və əmək qanunvericiliyinə uyğun surətdə istirahət günlərinin verilməsi ən geci növbəti təqvim ayının başlanmasına beş gün qalmış elan olunması təmin edilməli olduğu halda, hələ indiyədək icra olunmur. Hər il tibbi müayinədən keçməyə görə lokomotiv briqadalarının üzvlərinə ildə bir dəfə 6 iş saatının və texniki təlimə görə hər ay 2 iş saatının haqqı ödənilməli olduğu halda, bu qanun icra edilmir.
Təlimata əsasən, maşinistlərin aylıq iş normasından artıq və əskik işləmələri aylara uyğun olaraq tənzimlənmir.
16 iyun 2015-ci il tarixdə təsdiq edilmiş “Bakı Metropoliteni” QSC-nin elektrik hərəkət qatarının maşinistinə tək maşinist işləmək hüququnun verilməsi barədə Əsasnamə”nin tələbləri yerinə yetirilmir, yeni təlimat yoxdur.

İCLASLAR RUS DİLİNDƏ KEÇİRİLİR
30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 4.1. bəndinə zidd olaraq, maşinistlərin iclasları rus dilində aparılır. Həmin qanunun 1.1. bəndində göstərildiyi kimi, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan vətəndaşının borcudur. Metropolitenin sədri Zaur Hüseynovun əmri ilə Azərbaycan dilində rəvan danışa bilməyən Akif Mirzə oğlu Əhmədov Hərəkət Qatarlarının İstismarı üzrə İş Departamentinin rəisi təyin edilib.
QEYRİ – MÜTƏXƏSSİSLƏR TƏCRÜBƏLİ İŞÇİLƏRƏ “DƏRS” KEÇİRLƏR
Tuneldə və qatarda heç vaxt işləməmiş insanların qatarı necə idarə etməsi, fövqəladə hallar zamanı hərəkət qismən və ya tam dayandıqda vəziyyətdən necə çıxmaq lazım olduğunu bu insanların tam qavraması üçün yəqin ki, illər lazım olduğunu bilməliyik. Metropoliten rəhbərliyi yaddan çıxarır ki, hər bir maşinist kabinasının arxasında minlərlə insan taleyi durur.
“Bakı Metropoliteni” QSC sədrinin əmrinə əsasən yaradılmış kadr komissiyasının əksər üzvlərinin yeni işə qəbul edilmiş işçilər olduğunu nəzərə alsaq, imtahanların hansı səviyyədə aparıldığını heç də təsəvvür etmək çətin olmaz. Yeni işə qəbul edilmiş rəhbər işçi 20-30 il metropolitendə çalışan ixtisaslı mütəxəssislərdən necə imtahan götürə bilər?
“Bakı Metropoliteni” QSC sədrinin 16 sentyabr 2014-cü il tarixli 82 saylı əmrinə müvafiq təsis olunmuş Təlim-Tədris Mərkəzinin (TTM) Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyası yoxdur. Heç bir təhsili olmayan işçilər TTM-də ali təhsilli mühəndislərə dərs keçir. TTM-nin texniki kabinetində maşinistər üçün vaqon kabinası trenajoru quraşdırılmışdır ki, bu da maşinistlərin biliyinin artırılmasına deyil, onların qorxudulmasına xidmət edir.
TTM-nin təşkil etdiyi ixtisas kurslarını bitirən işçilərə etibarlılıq müddəti 1-2 il olan sertifikat verilir ki, bunun da nə dərəcədə düzgün olması məlum deyil.

ŞİKAYƏT EDƏNLƏR TƏHDİD OLUNUR
Bakı Metropolitenində çalışan işçilərdən hər hansı biri şikayət etdikdə və ya öz hüquqlarını tələb etdikdə, İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşov, İnsan Resursları Şöbəsinin rəisi Əli Əliyev, Hüquq Şöbəsinin rəisi Adil Atakişiyev həmin şəxsləri idarəyə çağırtdırıb günlərlə onları süründürməçiliyə salır, təzyiq yolu ilə onlardan izahatlar alır, təhqir edir, dələduz adlandırırlar (biz özümüz də bu təhdidlərə məruz qalmışıq).
İnsan Resursları Şöbəsinin rəisi Əli Əliyev və Hüquq Şöbəsinin rəisi Adil Atakişiyev xəstə olan işçilərin verdikləri xəstəlik vərəqələrini aylarla özlərində saxlayır, mühasibatlığa ödəniş üçün vermir, xəstəlik vərəqəsini verən poliklinikaların baş həkimlərinə zəng edib hədə-qorxu gəlirlər, bir daha xəstəlik vərəqələri verməmələrini tapşırırlar. Həmin işçiləri çağırıb öz ərizələri ilə işdən çıxmalarını tələb edir, çıxmayan olduqda onları Tərlan Dadaşovun imzası ilə ixtisara salıb işdən azad edirlər. İnsan Resursları üzrə Şöbənin rəisi Əli Əliyev və Hüquq Şöbəsinin rəisi Adil Atakişiyev bizə “hara yazırsınız yazın, bizə heç kim bata bilməz” sözlərini artıq əzbərlətdiriblər.

ZAUR HÜSEYNOV ŞÜBHƏLİ FİRMALARLA İŞ QURUR
Metropolitenin Depolar üzrə İş Departamentinə vaqonlar üçün alınan ehtiyat hissələrinin çox hissəsi zavoddan müqavilə yolu ilə deyil, QSC sədrinin tanışı Həsənov Malik adlı şəxsdən alınır, firmalar vasitəsi ilə sənədləşdirilir. Odur ki, lazım olan ehtiyat hissələrini aylarla gözləmək lazım gəlir.
Metropoliten işçiləri tuneli özləri korroziyadan təmizləyib rənglədiyi halda, SUPERİOR PRODUCTS CASPİAN MMM şirkəti təmizləməyə görə hər p/metr üçün 0.39, rəngləməyə görə 1.19 manat pul alır. Bu cür hallar Bakı Metropolitenində istənilən saydadır, bunların hamısını bir məktuba yerləşdirmək mümkün deyildir”.
Metropolitenin zəhmətkeşləri KİV-dən problemlərinin ictimailəşdirilməsini, tapdanmış hüquqlarının bərpasına köməklik göstərilməsini xahiş etmişlər.
Nüşabə Əhməd

araz.az xəbər portalı.