İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasının nazirlər toplantısı keçirilir. Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanının nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə Araz.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanda gömrük sahəsində tətbiq olunan yeniliklər barədə məlumat verib. Prezident İlham Əliyevin gömrük orqanları qarşısında qoyduğu vəzifələrdən bəhs edən komitə sədri bildirib ki, Azərbaycanın məqsədi Səudiyyə Ərəbistanı ilə ticarət əlaqələrini asanlaşdırmaq və bu sahədə bütün imkanları genişləndirməkdir. Azərbaycan məhsullarını təqdim etmək üçün 30 nəfərlik heyətin Səudiyyə Ərəbistanına səfər edəcəyini bildirən S.Mehdiyev krallığın ticarət və sərmayə naziri Majid Abdulla əl-Kasabini, eləcə də bu ölkədən olan həmkarını Azərbaycana səfərə dəvət edib.
Azərbaycanı ziyarət etmək niyyətində olduğunu deyən Səudiyyə Ərəbistanının ticarət və sərmayə naziri Majid Abdulla əl-Kasabi isə qeyd edib ki, iki dost ölkə arasında ticarət əlaqələri sürətlə genişlənməkdədir. Bu isə digər sahələrdə olduğu kimi gömrük məsələlərində də münasibətlərin müsbət məcrasından xəbər verir. Səudiyyəli nazir Azərbaycana sərmayə yatırmaq niyyətində olduqlarını da bildirib.
Tərəflər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələrini yüksək qiymətləndiriblər.
araz.az xəbər portalı.