Ötən ilin dekabr ayında Nizami rayonunda yerləşən və “Vosmoy” bazarı kimi tanınan “8-ci km Ticarət Mərkəzi”nin sökülməsinə dair məlumatlar dolaşırdı. Bu xəbər çox ciddi sosial təlatüm yaratdı. Həmin bazarda çalışan ticarətçilər narazılıq və narahatlıq ifadə etdilər.
Sonradan “Vosmoy” bazarının sökülməyəcəyi ilə bağlı açıqlamalar oldu. Hazırda da sökülmə prosesinin təxirə salındığını görürük. Amma belə bazarların ömürlərini başa vurduğu və onların plana düşəcəyi ilə bağlı söz-söhbətlər və ehtimallar hələ də dövriyyədədir.
Son günlər “Keşlə” bazarının söküləcəyi deyilir. Bu xəbər doğru olarsa, oradakı ticarətçilər hara köçürülə bilər? Belə hallarda ticarət mərkəzinin qiymətləndirilməsi hansı şəkildə aparılır?
araz.az bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, “Keşlə” bazarının sökülməsi artıq öz təsdiqini tapıb.
Onun sözlərinə görə, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə qədər olan hissədə yeni avtomobil yolunun çəkilişinə start verilib:
“Həmin işlər çərçivəsində “Keşlə” bazarı da layihəyə düşən obyektlər sırasındadır. Hesab edirəm ki, ən azı bazarın bir hissəsi və ya hamısı söküləcək. Çünki yolun keçdiyi ərazi “Keşlə” bazarından keçir. Belə olan halda təbii ki, bazar da qiymətləndiriləcək. Bazarın qiymətləndirilməsi Azərbaycan Respublikasının Qiymətləndirmə Fəaliyyəti Haqqında qanunla, eyni zamanda milli və beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq müvafiq qurumların cəlb etdiyi müstəqil qiymətləndirici tərəfindən həyata keçiriləcək. Buna uyğun olaraq da bazar rəhbərliyinə ödəniş olunmaqla o ərazilər dövlət ehtiyacları üçün mülkiyyətçidən alınacaq”.
R.Osmanlı deyib ki, bazarla bağlı ümumi məlumat tərəflərə bildiriləcək:
“Qiymətləndirmə məsələsi isə müvafiq sənədlər təqdim olunduqdan sonra qiymətləndirici tərəfindən prosesin necə həyata keçirilməsi sifarişçi və tərəflərə bildiriləcək. “Keşlə” bazarında çalışanların hara köçürüləcəyi təəssüf ki, mənə məlum deyil. Bilirəm ki, orada kifayət qədər çoxsaylı ticarət obyektləri var. Hər halda hökumət ticarətçilərin yerləşdirilməsi ilə bağlı da addımlar atacaq”.
araz.az xəbər portalı.