araz.az axar.az-a istinadən Orxan Saffarinin yazısını təqdim edir:
1990-cı illərdə Azərbaycanda çox məşhur bir isim də vardı: Yelmar Məmmədov. Onu tez-tez soydaşlarının yanında görərdiniz, yardımları haqda vaxtaşırı məlumatlar yayılardı.
Gənc, enerjili, boylu-buxunlu və ölkədən “bir pencəklə” gedib, Rusiyada yüzmilyonlar qazanan yerlimiz…
28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olub və elə uşaqkən də anasını itirib.
Univeristetə qəbul ola bilməyən Yelmar Məmmədov Bakıda zavodların birində fəhlə işləyir. 1976-cı ildə Rusiyanın Çita vilayətində hərbi xidmətə yollanan Yelmar xidmətindən sonra Daşkəndə yollanaraq orada da fəhlə olaraq işinə davam edir. Eyni zamanda da Daşkənd Ali Milis Məktəbinə daxil olur, sonralar isə Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində təhsil alır.
O, Rusiya Federasiyasının Komi Muxtar Respublikasındakı Uxta şəhərinə gedir. Neft Kəşfiyyatı İdarəsində işə girən Yelmarın bəxti burada üzünə gülməyə başlayır. O, əvvəlcə fəhlə, sonra usta, mühəndis, daha sonra şöbə rəisi və baş mühəndisin müavini olur.
Milyardelik yolunda addımlayan Yelmar Məmmədov 1988-ci lazımi yerlərə müraciət edib, əvvəlcə dörd nəfərlik “Trud” kooperativini açır.
İlk işi bir zavodun damını örtmək olur. Bu işdən əldə olunan gəlirlə isə yeni avadanlıq alır, əlavə işçi qəbul edir. Artıq bir ildən sonra onun işçilərinin sayı min nəfərə çatırdı.
Beləliklə, biznesdə artıq uğurlu bir adama çevrilən Yelmar Məmmədov çox keçmir ki, Komi Respublikasının xalq deputatı seçilir.
90-cı illərin əvvəllərində onun fəaliyyəti daha da genişlənməyə başlayır.
Belə ki, o, “Mariya” Assosiasiyasını təsis edir və bir neçə şəhərdə assosiasiyanın filiallarını yaradır. Eyni zamanda bir neçə bank da açır. Rusiya televiziyası ilə göstərilən “Mariya” Assosiasiyası” adlı sənədli filmdən sonra keçmiş SSRİ-nin hər yerində rəsmi azərbaycanlı milyarder kimi tanınmağa başlayır.
Qısa müddət ərzində fəaliyyət sahəsi o qədər genişlənir ki, Almaniya və Finlandiyada müxtəlif müqavilələr bağlayır, Ermənistan istisna olmaqla, keçmiş Sovet respublikaları ilə əlaqələr yaradır. Fəaliyyət dairəsini daha da genişləndirib, ABŞ şirkətləri ilə iqtisadi əməkdaşlığa başlayır.
Vətənpərvər milyarder kimi tanınan Yelmar Məmmədov Qarabağ müharibəsində Orduya yardımı ilə də seçilir.
O, icarəyə təyyarə götürərək cəbhə üçün paltar, müxtəlif ərzaq malları ilə Bakıya gəlir. Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır. Elə bu məqsədlə də Bakıda “Yelmar İnternational” kooperasiyasını yaradır. Həmin kooperasiyaya 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxil idi. 3 mindən çox işçisi vardı.
Bakıda olduğu dövrdə isə Azərbaycan Yurddaş Partiyasının sədr müavini seçilir və “General Məhəmməd Əsədov” mükafatına layiq görülür.
Eyni zamanda Yelmar Məmmədov xeyriyyəçiliklə də məşğul olurdu.
O, Bakıya gələndə H.Z.Tağıyevin qızı Sara xanım çox ağır xəstə idi, həm də qulaqları eşitmirdi. Pis ev şəraitində yaşayır, dava-dərman və ərzaq almağa pul tapmırdı. Yelmar Sara xanıma baş çəkir, ev şəraitini yaxşılaşdırır. Eyni zamanda onun bütün dolanışıq və müalicə xərclərini öz üzərinə götürür.
Qarışıq ailə həyatı olan Yelmar Məmmədov üç dəfə ailə həyatı qurur. Amma onun birinci həyat yoldaşı haqqında heç vaxt heç kimin məlumatı olmayıb. Azərbaycanlı olduğu deyilən birinci həyat yoldaşı ilə izdivacından bir oğlu və bir qızı dünyaya gəlib. Bir müddət Sumqayıtda yaşasalar da, sonradan harada yaşadıqları bilinmir.
İkinci dəfə isə o, rus əsilli qadınla evlənir. Bu evlilikdən dünyaya gələn övladları isə Rusiyada yaşayır.
Üçüncü həyat yoldaşı Nəzakət Qocayevadır və o, elə xanımı ilə birlikdə 12 aprel 1995-ci ildə Daşkənddə müəmmalı şəkildə vəfat edir. Rəsmi məlumatlarda onların qaz sızmasından öldüyü deyilsə də, mafioz qruplar tərəfindən sifarişlə öldürüldükləri də deyilib.
Onlar Yasamal qəbiristanlığında dəfn olunublar.
araz.az xəbər portalı.