Azərbaycanın müstəqil mediasının bir çox təmsilçiləri kimi onun da həyatı həbsxanadan keçib. Yaxşı xatırlayıram, onun həbs olunma xəbərini MTN Təcrdixanasında vəkilim Yalçın İmanov mənə çatdırmışdı.
“Rauf kimi adama Vətənə xəyanət ittihamı veriblər” deyə Yalçın təəccübünü gizlədə bilmirdi.
Təbii ki, həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət bu ittihamlara inanmadı. Onun haqqında bu saxta ittihamı düzüb-qoşan hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri də sonradan “çox ağını çıxartdıqlarının” fərqinə varmışdılar və bunu onun özünə də etiraf etmişdilər.
İttiham olunduğu maddənin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən olunsa da məhkəmənin hökmü ilə şərti olaraq cəzaya məhkum edildi və ölkəni tərk etdi.
Söhbət Azərbaycan mətbuatının tanınmış siması Rauf Mirqədirovdan gedir.
Onunla yaşadığı İsveçrə Konfederasiyasında görüşdük. Yaşının bəlli bir çağında yad bir ölkədə necə yaşaması mənə də maraqlı idi. Ona görə də söhbətimizə bu barədə sualla körpü saldım.
-Rauf bəy, artıq 2016-cı ildən mühacir həyatı yaşayırsız. Yaşınızın bəlli bir çağında həbsdən azad olunandan başqa seçiminiz qalmadı ki, mühacirətə üstünlük verdiniz?
– Əslində bu gün Azərbaycanda baş verən hadisələr sizin sualınıza cavabdır. Bir çox həmkarlamız həbsdədir. Məni nə qədər absurd olsa da, vətənə xəyanətdə ittiham etmişdilər. O zaman siz də həsbdə idiniz. Xatırlayırsınızsa, 2013-cü ildə böyük həbs dalğası başlanmışdı. O dövrdə həbs edilənlərin əksəriyyəti məndən fərqli olaraq daha çox iqtisadi cinayətdə ittiham olunurdular. Bugün də oxşar hadisələrin şahidiyik. Bu ittihamların ağlabatanlığı məndə çox böyük şübhələr doğurur. Təəssüf ki, bu bizim gerçəkliyimizdir. Əslində jurnalistləri nədə ittiham edirlər? Onları Azərbaycana qaçaqmalçılıq yolu ilə valyuta gətirməkdə ittiham edirlər. Hesab edək ki, ittihamlar əsaslıdır. Bu o deməkdir ki, qanunsuz olsa da, onlar ölkəyə valyuta gətirib, iqtisadiyyatımıza yatırım edib, ÜDM-mizin səviyyəsini artırılmasına balaca da olsa töfhələrini veriblər. (Gülür) Buna görə onları həbsə atıblar. Amma elələri var kı, ofşor şirkətləri vasitəsi ilə ölkədən yüz milyonlarla vasait çıxarıblar. Bu “çirkli pulları” Avropada leqallaşdırıblar. Bu məhkəmə tərəfindən müəyyənləşdərilib. Onların mülkiyyəti və bank hesablarındakı milyonlar məhkəmə tərəfindən ya həbs edilib, ya da müsadirə olunub. Bunların hamısı xarici ölkərindən birində bu günlərin özündə baş verir. Azərbaycanda isə belə bir qalmaqalın “qəhrəmanına” qarşı demirəm, heç olmasa gözdən pərdə asmaq üçün faktla bağlı cinayət işi açılmır.
Bu Azərbaycanda hal-hazırda yaranmış vəziyyətin real taplosudur. İstintaqın ölkəyə qanunsuz yollarla da olsa, amma yenə də pul gətirməkdə ittiham etdiyi həmkarlarımız həbsdədir. Amma ölkədən onlarla milyon uğurluyub xaricə çıxaranlar, bu ən azı digər dövlətin məhkəmisi tərəfindən sübuta yetirilib, yüksək kürsülərdə oturublar…
Seçim həmişə var. İnsan hansı seçimin onun üçün məqbul olduğunu özü üçün müəyyən etməlidir. Mənim mühacirət etməyimə səbəb olan amillər var. Bilirsiniz ki, ailəm xaricdə idi. Onlar da mənim həbsimdən sonra buna məcbur oldular. Mənə elan olunan ilkin ittihamanədə elə məqamlar vardı ki, həyat yoldaşımı ən azı şahid qismində cəlb edə bilərlər. Ona qarşı təzyiqlər edib, məni şantaj edərdilər. Bu amil onların xaricə getməsinə gətirib çıxardı. Dostlarımdan onların mümkün qədər tez Türkiyədən Qərb ölkələrindən birinə çıxarılmasını xahiş elədim. Beynəlxalq qurumlar bu işdə ciddi yardımçı oldu. Onu demək istəyirəm ki, mən həbsdən çıxanda həddi- buluğa çatmamış iki övladım artıq iki il idi ki, İsveçrədə yaşayırdı. Onu da nəzərə almaq lazımdır ki, məni 4 yaşlı qızımın gözü qarşısında həbs etmişdilər. Bu həbs ona ağır təsir etmişdi. O, bu psixoloji zərbənin təsirindən hələ də tam azad ola bilməyib. Bir sözlə övladlarımı görmək istəyirdim. İkincisi, mənə şərti iş kəsmişdilər. 2 ilimi təkadamlıq kamerada keçirməyin bütün əzablarını yaşamışdım. Bu fiziki təzyiqlər qədər böyük işgəncə idi. Mən bir daha bu cür işgəncələrlə üzləşmək təhlükəsi ilə qarşılaşmamaq üçün Vətənimi tərk etdim. Yəni, bir daha həbs olunmamaq üçün getməyi qərara aldım. Belə bir təhlükənin gerçəkliyini Anar Məmmədlinin həbsi əyani sübut etdi. Əgər yadınızdadırsa, o yuxarıda haqqında danışdığım həbslər dalğası zamanı da tutulmuşdu. Qalsaydım, yenə də düşündüyümü yazacaqdım. “Yuxarıdakılardan” kiminsə xoşuna gəlməyə bilərdi və təkrar həbs edə bilərdilər.
– Bəs, bu illər ərzində İsveçrəyə inteqrasiya ola bildinizmi? Azərbaycanda istər nazir ol, istərsə də sadə insan İsveçrəyə gəldinsə, həyat sıfırdan qurulur. Uyğunlaşma və sonrakı həyatınız necə quruldu?
– Müəyyən yaş həddinə qədər həyatını yenidən qura bilərsən. Xaricə gənc yaşında gəlirsənsə, yeni şəraitə daha tez və daha yaxşı inteqrasiya oluna bilərsən. Dili öyrənərsən, təhsilini davam etdirərsən. Təhsil səviyyənə uyğun iş tapa da bilərsən. Açıq deyəcəyəm ki, mənim həyatımı yenidən qurmaq üçün xüsusi çalışmalarım yoxdur. Mən İsveçrəyə mühacirət edəndə altmışa yaxın yaşım vardı. Bu yaşda inteqrasiya olunmaq demək olar ki, mümkün deyil. Ən azından ona görə ki, inteqrasiya prosesi vaxt və güc tələb edir. Mənimsə nə vaxtım, nə də gücüm var. Ona görə də əlimdə olan məhdud imkanlardan istifadə edərək Azərbaycan üçün faydalı olmağa çalışıram. Müxtəlif, o cümlədən xarici media orqanlarında tez -tez çıxışlar edirəm, müsahibələr verirəm, məqalələr yazıram.
-Siyasi analitik kimi Azərbaycanda və regionda baş verənlərə dair şərhlərinizi izləyirəm. Deyə bilərsinizmi ki, bir zamanlar Qarabağ məsələsində təslimçi sülhə vadar edilən Azərbaycan indi kənardan necə görünür?
– Qarabağ münaqişəsi ilə bağlı bir ekspert kimi fəaliyyətimlə yəqin ki, tanışsınız. Mən bu mövzuda saysız-hesabsız məqalələr yazmışam, beynalxalq konfranslarda çıxışlar etmişəm. Hələ o zamanlar həm məqalələrimdə, həm də beynəlxalq konfranslardakı çıxışlarımda xüsusi qeyd edirdim ki, Azərbaycanı təslimçi sülhə təhrik etmək cəhdləri kökündən səhvdir . Bizə deyirdilər ki, yeni reallıq var. Azərbaycan birinci Qarabağ müharibəsini uduzub və bu yeni gerçəkliyi qəbul etməlidir. Yəni ki, məğlubiyyətlə barışıb güzəştlərə getməlidir. Daha açıq desək öz ərazilərinin bir hissəsindən imtina etməlidir. Mən o zaman hamını inandırmağa çalışırdım ki, birincisi, Azərbaycan bir neçə ildən sonra güclənəcək. Neft-qaz satışından yüz milyardlarla pullar gələcək. Bu pulların böyük bir hissəsi oğurlansa belə, ən azı yarısı ölkənin ordusunun, iqtisadiyyatının qurulmasına sərf olunacaq. Deyirdim ki, Ermənistanda da oğurluq yüksək səviyyədədir. Amma oğurlamaq üçün mövcud olan maliyyənin onlarla dəfə az olacaq, hətta varlı erməni diasporunun ayırdığı vəsaiti də nəzərə alsaq. Deyirdim ki, hesablayın, 200 milyardı olan ölkə ilə müharibədə məğlub olacaqsız. İkincisi, məsələnin bu cür qoyuluşu beynəlxalq hüquq normalarına ziddir. BMT nizamnaməsi, beynəlxalq hüquq normaları zorakı yolla, təcavüz yolu ilə əldə olunmuş ərazilərin mənimsənilməsinin qanuniləşdirilməsini mümkün saymır.
Üçüncüsü, bu xətt azərbaycan cəmiyyətində revanşist əhval-ruhiyyəni gücləndirirdi. Yuxarıda haqqında danışdığımız bu reallıq zorakı vasitələrlə təcavüz nəticəsində yaranmışdı. Bu reallıqla barışmaq Azərbaycanı və azərbaycanlıları təmin etmirdi. Deməli, bu reallığı dinc danışıqlar yolu ilə dəyişmək mümkün deyilsə, gücdən istifadə edib Azərbaycanı və azərbaycanlıları təmin edən yeni gerçəklik yaratmaq lazımdır. Necə ki, 44 günlük müharibə və bir günlük antiterror əməliyyatı zamanı bunun şahidi olduq. Hə, müharibə oldu, torpaqlarımızı azad etdik. İtkilərimiz də oldu. Amma müharibəsiz də bu münaqişəni həll etmək olardı.
Kommunikasiyalar açılmalıdır və regiona Rusiyanın təsiri minimuma düşməlidir
– İndi Azərbaycan özünün suverenliyini bərpa edib. Paşinyan da kifayyət qədər konstruktiv görünür. Sülh sazişinin qısa zamanda reallaşması gözləniləndirmi?
– Artıq Qarabağ münaqişəsi adlanan bir problem gündəlikdə yoxdur. Beynəlxalq gündəlikdə olan ancaq sülh sazişinin imzalanması problemidir. Kənardan görünən isə budur ki, son dövrlərə Azərbaycan bu prosesi sanki ləngitməyə çalışır. Ancaq rəsmi Bakının bu siyasətinin səbəbini də başa düşmək olar. Məncə, rəsmi Bakı Rusiyanın mövqeyini və maraqlarını nəzərə almağa çalışır. Rusiya Azərbaycanın həyata keçirdiyi bir günlük antiterror əməliyyatı zamanı neytral mövqe tutdu. Hadisələrə qarışmadı. Bu bizim torpaqlarımızı azad etməyə imkan verdi. Ancaq bunu bizi sevdikləri üçün etmədilər. Öz maraqları vardı. Sözsüz ki, bu proseslər zamanı Rusiya prezidenti Putinlə Türkiyə prezidenti Ərdoğan arasında aparılan təkbətək danışıqlarda əldə olunmuş razılaşmaların əhəmiyyətli rolu oldu. Mən yüz faiz əminəm ki, Ərdoğan öz nüfuzu ilə bir sıra razılaşmaların yerinə yetiriləcəyinin qarantı kimi çıxış edib və edir. Bir günlük antiterror əməliyyatından hardasa 10 gün əvvəl Ərdoğanla Putinin təkbətək gürüşünü yada salmaq kifayətdir. Azərbaycan yaxşı başa düşür ki, Rusiya Qərb patronajlığı altında sülh sazişinin bağlanmasına neqativ münasibət bəsləyir. Ona görə də Bakı bu prosesdən yayınmağa üstünlük verdi. Bu da Qərbdə qıcıq doğurdu. Bugün Azərbaycanla Qərb arasında yaranan soyuqluğun əsas səbəbi də budur. O bir günlük əməliyyatdan sonra rəsmi Bakı müxtəlif bəhanələrlə bir müddət, daha dəqiq desək, prezident seçkiləri bitənə qədər, o vaxta qədər kifayət qədər səmərəli olan, o cümlədən, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanımasına gətirib çıxaran bütün Qərb dialoq meydançalarından imtina etdi. Ümid edirəm ki, sülh prosesi davam edəcək və bu iş bitəcək. Bu, hər iki ölkənin, o cümlədən də Qərbin maraqlarına xidmət edir. Qərb üçün çox vacib olan Orta dəhlizin tam gücü ilə fəaliyyətə başlaması üçün Cənubi Qafqaz regionunda sülh olmalıdır. Kommunikasiyalar açılmalıdır və regiona Rusiyanın təsiri minimuma düşməlidir. Məhz bu baxımdan “Sülh sazişinin qarantı kim olacaq” sualının cavabı həllini gözləyən əsas məsələdir. Biz regionumuzun qlobal geosiyasi qarşıdurmanın tərkib hissəsi olduğunu nəzərə almalıyıq. Nəzərə olmalıyıq ki, nəqliyyat dəhlizlərinə nəzarət etmək uğrunda mübarizə gedir. Rusiya ərazisindən keçən Şimal dəhlizi qeyri-müəyyən müddətə bağlanıb. Cənub dəhlizi də çox qeyri-sabit regionlardan keçir. Ona görə də Cənubi Qafqazdan keçən Orta dəhlizin əhəmiyyəti həddindən artıq böyükdür. Özü də nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kəsişir. Amma Orta dəhliz hazırkı qlobal geosiyasi qarşıdurma şəraitində yalnız və yalnız Rusiyanın nəzarəti altında olmadığı halda kollektiv Qərb, ilk növbədə Avropa Birliyi üçün maraq kəsb edir. Məhz buna görə Cənubi Qafqaz regionunun Rusiyanın nəzarəti altından çıxarılması Qərb üçün həddindən artıq vacbdir. Nəticədə sülh sazişinin bağlanmasında vasitəçilik qismində çıxış etmək uğrunda mübarizə qızışır. Qərb yuxarıda sadaladığım səbəblərə görə sülh danışıqlarının sürətləndirilməsində maraqlıdır. Ona görə də münaqişə tərəflərinə münasibətdən asılı olmayaraq, kifayət qədər səmimi olaraq öz vasitəçilik xidmətlərini təklif edir. Rusiya isə düşünürəm ki, ümumiyyətlə regionda sülhün bərqərar olunmasını istəmir. Gün kimi aydındır ki, sülhün bərqərar olması üçün münaqişəyə cəlb olunmuş dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması ilkin şərtdir. Amma sözdə sülh sazişinin tezlikdə imzalanmasında maraqlı olduğunu bəyan edən rəsmi Moskva, Qərbin təhriki ilə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından narazı qaldığını açıq şəkildə bildirdi. Rusiya sülh sazişinin imzalanmasına əlacsızlıqdan və yalnız o halda razılıq verə bilər ki, nəticədə regionda öz hərbi-siyasi təmsilçiliyini gücləndirsin. Azərbaycan da, Ermənistan da bunu başa düşür. Bu nəticə etibarılə hər iki dövlətin maraqlarına ziddir. Bir çoxları deyirlər ki, heç bir vasirəti lazım deyil birbaşa danışıqlar kifayətdir. Reqionda geosiyasi maraqları olan qlobal güc mərkəzlərininin deyil, bitərəf dövlətlərin təklif etdiyi dialoq meydançalarından da istifadə etmək olar. Doğrudan da danışıqları istənilən yerdə aparmaq olar – Gürcüstanda da, Qazaxstanda da, iki dövlətin sərhəddində də. İlon Maskdan xahiş etsələr, sülh danışıqlarları kosmik fəzada da təşkil edilə bilər. Moskva və Qərb paytaxtları çıxmaq şərt ilə danışıqların harada keçirilməsinin elə bir prinsipial əhəmiyyəti yoxdur. Amma sülh danışıqlarında əldə olunmuş razılaşmaların yerinə yetirilməsində təminatçı qismində çıxış edəcək bir güc mərkəzi olmalıdır. Əslində normal şəraitdə belə bir güc mərkəzi kimi BMT Təhlükəsizlik Şurası çıxış etməli idi. Lakin Rusiya ilə Qərb arasındakı qlobal qarşıdurma BMT Təhlükəsizlik Şurasını iflic halına salıb. Yəni sülh danışıqları nəticəsində əldə olunmuş razılaşmaların və öhdəliklərin həyata keçirilməsini təmin edə biləcək legitim beynəlxalq orqan demək olar ki, yoxdur. Nə qədər xoşagəlməz səslənsə də, münaqişə tərəfləri, yəni Azərbaycan ilə Ermənistan bu məsuliyyəti öz üzərilərinə götürə bilməzlər. Əvvəla, qarşılıqlı inam çox aşağı səviyyədədir. İkincisi, Azərbaycanla Ermənistan balaca ölkələrdir. Hər ikisinə təsir imkanları çox böyükdür. Xarici güclərin təsiri altında razılaşma və öhdəliklərdən imtina edə bilərlər. Ona görə də belə təhlükəni aradan qaldırmaq qlobal güc mərkəzlərindən biri sülh sazişinin təminatçısı kimi çıxış etməlidir. Qarantın rəsmi və ya qeyri-rəsmi ciddi öhdəlikləri olmalıdır. Obrazlı desək, qarant region dövlərinin “himayədarı”na çevrilməldir. Bunlar olmasa, saziş imzalansa belə istənilən vaxt pozula bilər. Deməli, sülh danışıqları və Cənubi Qafqaz dövlətlərində gedən daxili siyasi proseslər qlobal güclər, yəni Rusiya və Qərb üçün reqionu öz təsir dairələrinə keçirmək üçün bir mexanizmdir. Son vaxtlar Gürcüstanda daxili siyasi gərginliyin artmasını yada salmaq kifayədir. Region dövlətləri isə öz növbəsində qlobal güclər arasında birmənalı seçim etmək istəmirlər. Onlar Ukrayna ətrafındakı qlobal qarşıdurmanın nə ilə naticələnəcəyini gözləməyə üstünlük verirlər.
ANTİTERROR ƏMƏLİYYATI “QARABAĞIN GƏLƏCƏK STATUSU” MÖVZUSUNU BEYNƏLXALQ GÜNDƏLİKDƏN ÇIXARDI
– Yerigəlmişəkən, Azərbaycanla Qərb arasında ciddi gərginlik var. Azərbaycan hökuməti bunu ölkəmizin Xankəndini azad etməsindən sonra başlandığını deyir. Siz nə düşünürsünüz, Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsi bu gərginliyə səbəb olub?
– Bu mövqe ilə tam razı deyiləm. Əslində Azərbaycanla Qərb arasında gərginlik antiterror əməliyyatı ilə əlaqələndirmək düzgün deyil. Yuxarıda qeyd etdiyim kimi, Prezident Münhen konfransına getdi. Onu da deyim ki, əslində antiterror əməliyyatının nəticələri, Xankəndinin azad edilməsi Azərbaycanın bütün ərasizi üzərində suveren hüquqlarının bərpa etməsi, ilk nəzərdən nə qədər qəribə səslənsə, bütövlükdə Qərbin, o cümlədən, ermənipərəst Fransanın da maraqlarına cavab verirdi. Çünkü bundan sonra sülh sazişinin imzalanması qarşısında ciddi əngəl olan “Qarabağın gələcək stasusu” problemi beynəlxalq gündəlikdən çıxmış oldu. Təsadüfü deyik ki, məhz antiterror əməliyyatından və Ermənistanın onların təhriki ilə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra Qərb vasitəçiləri sülh sazişinin imzalanması üçün artıq heç bir ciddi maneənin qalmadığını bəyan etdilər. Amma Azərbaycan gözlənilmədən müxtəlif bəhanələrlə Qərbin təklif etdiyi bütün dialoq meydançalarından imtina etdi. Məhz bundan sonra Azərbaycana qarşı sanksiyalar tədbiq edilməsi məsələsi gümdəmə gəldi. Azərbaycanda insan haqları ilə həqiqətən də çox bərbad vəziyyəti yada saldılar. Yadınıza salmaq istəyirəm ki, rəsmi Bakı sülh danışıqlarından yayınmağa başlamazdan əvvəl hətta ermənipəsərt Makron bizi amansız tənqid etməsinə baxmayaraq sanksiyaların tədbiqinin əleyhinə çıxış edirdi. Bu birincisi. İkincisi, onu nəzərə almaq lazımdır ki, Qərb yekcins deyil. “Kollektiv Qərb” anlayışı çox nisbidir. Bizdə “Qərb” deyəndə daha Fransanı nəzərdə tuturlar. Fransa hər zaman ermənipərəst mövqedə olub və olacaq. Bunun tarixi və Türkiyə ilə bağlı digər başqa səbəbləri var. Buna baxmayaraq, hətta Fransa belə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Rusiyadan fərqli olaraq. Rusiya isə regiona hərbi-siyasi təsir və müdaxilə imkanlarını saxlamaq üçün münaqişənin havada asılı vəviyyətdə qalmasını istəyir. Çoxları nəzərə almırlar kı, gərginlik yalnız erməniparast Fransa ilə münasibətlərimizdə yaranmayıb. Son vaxtlar həmişə Azərbaycana qarşı pozitiv münasibəti ilə fərqlənən, hətta BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək, Azərbaycana əleyhinə olan sənədlərin qəbulunu əngəlləyən Böyük Britaniya ilə münasibətlərimizdə gərginlik yaranıb. Böyük Britaniyanı ermənipərəstlikdə ittiham etmək çox böyük günah olardı. Qərbin nədən qıcıqlanması bağlı fikirlərimlə artıq bölüşdüm. Azərbaycanda insan haqlarının bərbad durumu, davam edən kütləvi həbsləri yada salmaq kifayətdir, Qərbə rəsmi Bakıya qarşı legitim təsir və təzyiq imkanları verir. Qərb hal- hazırda təəssüflər olsun ki, Azərbaycanda insan haqlarının vəziyyəti ilə məşğul olmaq hayında deyil. Əks təqdirdə vəziyyətimiz bu qədər ağır olmazdı. Mən insan haqları ilə bağlı vəziyyəti nəzərdə tuturam. İndi onları daha çox qlobal qarşıdurmanın nəticələrinə təsir edə biləcək amillər maraqlandırır. Üçüncüsü, düşünürəm ki, Qərblə münasibətlərimizdə qırılma nöqtəsinə gəlib çatmayacağıq. Bu Azərbaycanın da maraqlarını cavab vermir. Təsadüfü deyil ki, prezident seçkilərindən sonra İlham Əliyev ilk səfərini Nünhen konfransında iştirak etmək üçün Almaniyaya etdi. Orada anti-Putin koalisiyasının demək olar ki, bütün aparıcı liderləri ilə görüşdü.
-Bəs, bu gərginlik nə ilə bitəcək? Azərbaycan Avropa və Avroatlantik məkana inteqrasiyadan imtinamı davam etdirəckmi? Azərbaycan türk dövlətləri birliyi daxilində inteqrasiyanı üstün tutduğunu elan etdiyi vaxt Türkiyə prezidenti Ərdoğan hədəflərinin Avropa İttifaqına qoşulmaq olduğunu dedi.
– Bu suala qismən də olsa, artıq cavab vermişəm. Azərbaycan Prezidenti rəsmi bəyanat edib ki, Avroatlantik məkana, o cümlədən Avropa Birliyinə inteqrasiya ölkənin məqsədləri arasında deyil. Xüsusilə qeyd edildi ki, heç vaxt belə bir məqsəd omayıb da. Bunu Azərbaycanın müsəlman dövləti olmasıyla bağladı. Yəni Azərbaycan müsəlman dövləti olduğu üçün Avropa Birliyinə qəbul olunmaq imkanı yoxdur. Bizim Avropa Birliyinə inteqrasiya perspektivimiz doğrudan da ən azı hal-hazırda sıfıra bərabərdir. Azərbaycan Avropa Birliyi standartlarına uyğun dövlət deyil. Türk Birliyi Dövlətlərin inteqrasiyasının genişləndirilməsinə gəlincə, bu Avropa İttifaqına inteqrasiyaya heç də maneə olmur. Bu alternativ deyil. Bu bizim xarici siyasət vektormuzun paralel xətləri ola bilər. Rəsmi Bakı bunları paralel xətt kimi qəbul etmək istəmir. Təssüflər olsun ki, biz Avropa Birliyinə inteqrasiya olunmaq üçün cəhd belə etmədik. Çünkü Avropa Birliyinin qaydaları ölkənin yenidən qurulması bizim siyasi elitanı təmin etmir. Onlar Avropa Birliyi ilə təxminən Fars Köfəzi monarxiyaları kimi qarşılıqlı əlaqələr qurmaq istəyirlər. Ən maraqlısı ondan ibarətdir ki, bəhanə olaraq nümunə kimi gətirdyimiz Türkiyə düz 25 il namizədlik statusunda qalmasına baxmayaraq, Avropa Birliyinə daxil olmaq məqsədindən əl çəkmir. Türk dövlətlərinin inteqrasiyası vacib və ciddi məsələdir. Gerçək inteqrasiya prosesinə nail olmaq qlobal miqyaslı güclər üçün müttəfiqlər tapmalıyıq. Nəzərə alaq ki, türk dövlətləri bir neçə güc mərkəzi arasında yerləşir. Qonşularımızı nəzərdən keçirək. Bizdə Şimalda Rusiya, Cənub-Şərqdə Çin, İran, Ərəb dünyası var. Bu güclərin hər birinin böyük türk dövləri ilə rəqabət aparan imperiya keçmişi və hatta deyərdim ki, bu günü və gələcəyi var, Bir vaxtlar keçmiş sovet respublikaları olan türk dövlərini özünün təsir dairəsi sayan və imperiyanı barpa etmək məqsədi olan Rusiya belə birliyin yaranmasında maraqlıdırmı? Ritorik sualdır. İran haqqında eyni şeyi demək olar. Düşünürəm ki, hətta Ərdoğanın islamçı siyasətinə baxmayaraq, ərəb dünyasında Türkiyə və türklərə münasibəti nə qədər neqativ olduğunu yada salmağa ehtiyac yoxdur. Çin də Orta Asiyada onun qonşuluğunda yerləşən türk dövlətlərini öz təsir dairəsinə qatmağa çalışır. Hətta bu istiqamətdə Rusiya ilə rəqabət aparmağa hazırdır. Yalnız çox sadəlövh adam Çinin öz qonşuluğunda belə bir böyük potensiala və resurslara malik, onun şimalı-qərbə genişlənməsinə mane olacaq türk birliyinin yaranmasını dəstəkləyəcəyini demirəm, hətta neytral qalacağına inana bilər. Bu layihənin gerçəkləşdirilməsində Afrikadan ciddi dəstək alacağımızı yəqin ki, düşünmürük. Ö cümlədən Yeni Kaledoniyadan… Amma öz geosiyasi məqsədlərinə uyğun olarsa, Qərbdə bu layihəni dəstəkləyəcək ciddi qüvvələr tapa bilərik… Türkiyənin Qərblə, o cümlədən Avropa Birliyi ilə münasibətləri çox mürəkkəb və çoxşahəlidir. Bu münasibətlərə aydınlıq gətirmək üçün aşağıdakı amilləri nəzərə almalıyıq. Birincisi, bildiyiniz kimi 2014-cü, xüsusilə də 2022-ci ildən sonra Qərbin Rusiyaya qarşı tədbiq etdiyi sanksiyalar Türkiyə-Rusiya münasibətlərinin inkişafı üçün geniş imkanlar yaratdı. Paralel idxal sxemindən istifadə edərək Rusiya Türkiyə vasitəsi ilə sanksiyalar tətbiq edilmiş malların ölkəyə gətirilməsini təmin edirdi. Sözsüz ki, Türkiyə bu tip idxal-ixrac əməliyyatlarından böyük gəlir götürürdü. Bunula yanaşı Türkiyə Rusiyadan böyük endirimlə neft və qaz ucuz alırdı. Son 6 ay ərzində isə vəziyyət dəyişməyə başladı. Qərb Rusiyaya paralel idxalın qarşısını almaq üçün ikinci dərəcəli sanksiyalar tətbiq etməyə başladı. Türkiyənin də iş adamları, şirkətləri onlara qarşı sanksiyalar tətbiq edilməsi təhlükəsi ilə qarşılaşdılar. Nəticədə, 2024-cü ilin əvvəlində Türkiyə-Rusiya ticarət dövriyyəsinin həcmləri kəskin şəkildə azaldı. Eyni müharibə başlayandan sonra Rusiyada əhalinin həyat səviyyəsinin aşağı düşməsi, yəni gəlirlərinin azalması rusların Türkiyə kurortlarına olan marağını da azaltdı. Bir sözlə ikitərəfli münasibətlərə ciddi təsir göstərən iqtisadi marağın təsiri minimuma endi.
Sualınızın ikinci hissəsinə gəlincə, nəzərə almaq lazımdır ki, hal-hazırda Türkiyənin iqtisadi durumu çox ağırdır. Bu Ərdoğanın uzun müddət həyata keçirdiyi ucuz kreditlər siyasətinin nəticəsi idi. Ölkədə inflasiyasının 120 faizə çatmasına baxmayaraq, Mərkəzi Bankın kredit faizlərnin 8.5% səviyyəsində saxlanması ölkənin bank sistemini dağıdırdı. Keçən il keçirilən prezident seçkilərindən sonra Ərdoğan ucuz kreditlər siyasətindən imtina etdi. Amma bir il ərzində iqtisadi vəziyyəti sabitləşdirmək mümkün olmayıb. Digər tərəfdən Türkiyədə ağır faciə baş verdi. Zəlzələni nəzərdə tuturam. Bu faciənin ağır nəticələrini aradan qaldırmaq üçün 100 milyard dollardan çox vəsait lazımdır. Bu da Türkiyədə yoxdur. Hardansa almaq lazımdır. Bunun bir hissəsi Qərbin maliyyə institutlarından alına bilər. Bir sözlə, Türkiyəyə böyük investisiyalar və türk malları üçün bazarlar lazımdır. Bu baxımdan Türkiyənin bütövlükdə Qərbə, o cümlədən Avropa İttifaqına doğru üz çevirməsi təəccüblü deyil. Hər şeyin aydın olması üçün rəqəmlərə müraciət edək. 2023-cü ildə Türkiyənin ixracatı təxminən 256 mlrd-da bərabər olub. Bunun 110 mlrd-da yaxınını, yəni az qala yarısını Türkiyə Avropa Birliyinə ixrac edib. Mən hələ ABŞ, Kanada, Avstraliya, Yaponiya və Avropa Birliyinə daxil olmayan Qərbin digər böyük bazarlarını demirəm.
Rusiya ilə Türkiyə arasında ümumi ticarət dövriyyəsi 2023-cü ildə 65 mlrd-da yaxın olub. Bu rekord göstəricidir. Onun da yalnız 15 mlrd-ı Türkiyə ixracatı olub. Yuxarıda qeyd etdiyim kimi ikinci dərəcəli sanksiyalar tədbiq edilməyə başlandıqdan sonra Rusiya ilə ticarət dövriyyəsində çox böyük eniş var. Ona görə də Türkiyəyə bütövlükdə Qərblə, o cümlədən Aİ ilə əməkdaşlıq insana hava və su lazım olan qədər vacibdir. Məhz bu səbəbdən Türkiyə Avropa Birliyi ilə ticarət və gömrük sazişini təzələməyə çalışır. Aİ üzvlüyünü özünün strateji məqsədi elan edir. Amma mən yaxın gələcəkdə Türkiyənin Aİ üzvü olacağına inanmıram. Ən azından ona görə ki, Türkiyədə insan haqları, söz azadlığı, demokratiya ilə bağlı ciddi problemlər var. Bunu Ərdoğan və onun fanatlarından başqa heç kim inkar edə bilməz. Eyni zamanda Qərbdə islamafobiyanın və antitürk əhval-ruhiyyənin artmasını görməmək mümkün deyil. Bunun sözsüz ki, tarixi kökləri var. Amma son dövrlərdə belnəlxalq münasibətlərdə mövcud trendlərin də təsiri az deyil. Özü də qeyd etməliyəm ki, qarşılıqlı inamsızlığın artmasında hər iki tərəfin xidmətləri var.
Təəssüflər olsun ki, Ərdoğanın yenə də ABŞ-a olan səfərini təxirə salındı. Baxmayaraq ki, Türkiyə-ABŞ münasibətləri hər iki tərəf üçün çox vacibdir. Türkiyənin maraqlarından danışarkən, onlar çoxşahəlidir və müxtəlif sahələri əhatə edir. Əvvəla, ABŞ ilə münasibətlərdə Türkiyənin iqtisadı və ordusunun hərbi texnika ilə təchizatında çox böyük maraqları var. ABŞ Qərbin maliyyə institutları tərəfindən Türkiyəyə indi həyati vacib olan ucuz kreditlərin verilməsini də təmin edə bilər. İkincisi, ABŞ ilə uzlaşdırılmadan Türkiyə səmarəli və uğurlu Yaxın Şərq siyasəti həyata keçirə bilmir. Uğurlu Yaxın Şərq siyasəti öz hakimiyyəti üçün də çox vacibdir. Bu gün onun əsas elektoral bazasının islamçı və millətçilərdən ibarət olmasını nəzərə alsaq, bu baxımdan Azərbaycan istiqaməti də onun üçün çox vacibdir. Özümüzün hərbi-siyasi təhlükəsizliyimizi təmin etmək üçün biz bu amilin təsir gücündən mümkün qədər daha çox istifadə etməliyik. Mənə elə gəlir ki, Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması vaxtı çoxdan çatıb. Hazırkı qlobal geosiyasi qarşıdurma şəraitində Cənubi Qafqazda Rusiyanın təsir dairəsini daraltmaq üçün Qərb də bu layihəni dəstəkləyə bilər. Üçüncüsü, onu qeyd etmək lazımdır ki, ABŞ-da Türkiyə ilə bağlı çox böyük, amma daha geosiyasi və hərbi maraqları var. Türkiyə NATO-da ABŞ-dan sonra ən böyük quru qoşunlarına malikdir. Həm də vacib regionda yerləşir. Yaxın Şərqdə, Avropada və Cənubi Qafqazda münaqişələrin gedişinə və həllinə təsir göstərmək imkanına malikdir. Bir sözlə, kifayət qədər böyük əməkdaşlıq perspektivləri var. Təəssüflər olsun ki, münasibətlərin inkişafına mənfi təsir edən neqativ amillər də az deyil. Bu daha çox indiki hakim AKP-nin islamçı ideologiyası və “antiimperialist” ritorikası ilə bağlıdır. Maraqlısı ondan ibarətdir ki, Türkiyədə “antiimperialist” əhval-ruhiyyə siyasi yönündən asılı olmayaraq, cəmiyyətin bütün kəsimlərinə siyarət edib. Ərdoğan öz elektoral bazasının gözləntilərini nəzərə alaraq, əksər hallarda bir çox ərəb dövlətlərindən daha anti-İsrail və Fələstinpərəst mövqedən çıxaş edir. Ümumiyyətlə Türkiyə-İsrail münasibətlərinin tənəzzülündə Ərdoğanın müstəsna xidmətləri var. Sözsüz ki, bu siyasət həm İsrailin, həm də ABŞ-dakı bir sıra nüfuzlu dairələrin ciddi qəzəbinə səbəb olur. Azərbaycan-İsrail dostluğunu nəzərə alsaq, bu siyasət rəsmi Bakı üçün də xoşagəlməz problemlər yarada bilər.
Amma, elektorat bazasının “sosial sifarişini” nəzərə alaraq, Ərdoğanın antiqərb ritorikasından əl çəkəcəyinə inanmıram. İstəsə də, elektoratı tərəfindən dəstəyini azaltmadan, bunu edə bilməz.
– Türkiyənin Qərblə yaxınlaşması Ermənistanla sərhədləri açmasına nə dərəcə təsir edəcək? Çünki, illərdir ki, Türkiyəyə bunun üçün təzyiqlər edilirdi.
– Sərhədlərin açılması Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişinə bağlıdır. Azərbaycanla Ermənistan sülh sazişi imzalanarsa, iki dövlət arasındakı kommunikasiyalar fəaliyyəti bərpa olunarsa, Ermənistan Konstitusiyasına qonşu dötlətlərə qarşı ərazi iddialarını istisna edən dəyişiliklər edərsə, Türkiyə də sərhəddi açacaq. Bu Azərbaycanın da maraqlarına cavab verəcək.
araz.az xəbər portalı.