araz.az xəbər portalı xatırladır ki, analoq.az son vaxtlar paytaxt Bakının Nizami rayonundakı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 saylı xüsusi internat məktəbində baş verən qanun pozuntuları, direktor Tariyel Əkbərovun özbaşınalıqları, onun müəllimlərlə münasibətdə etik davranış qaydalarını kobud şəkildə pozması və qorxub-çəkinmədən həyata keçirdiyi maliyyə maxinasiyaları haqqında silsilə yazılar dərc edib.

Həmin yazılarda xüsusi olaraq o da qeyd olunub ki, bütün bunlar azmış kimi, direktor, hətta vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, müəllimlərə qarşı təhdid xarakterli təzyiqlər göstərərir. Bundan əlavə, məktəbin müəllimi Könül Səmədlini və direktor müavini Elman Məmmədovu qanunsuz olaraq işdən azad etməkdən belə çəkinməyib.

araz.az-ın xətti ilə aparılan araşdırmalar da, analoq.az-ın yazdıqlarının həqiqət olduğunu üzə çıxarıb. Bizə də məlum olub ki, direktor Tariyel Əkbərov Könül Səmədliyə bir ay ərzində iki töhmət verib, daha sonra onu pedaqoji kollektivin iclasında şagird döyməkdə ittiham edib. Di gəl ki, direktor Könül Səmədlinin şagird döyməsini təsdiq edən heç bir kamera görüntüsü, ekspertiza rəyi və digər sübut faktı ortaya çıxara bilməyib.

Üstəlik, direktor Tariyel Əkbərov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Pedoqoji Şuranın iclasında bir-neçə müəllimi və məktəbin həkimini belə yalan danışmağa məcbur edib.

Bundan əlavə, məktəbin rəhbəri direktor müavinləri üçün nəzərdə tutulan imtahanlarda iştirak etməyən Firuzə Məmmədovanı və Günay Ağayevanı qanunsuz olaraq özünə müavin təyin edib. Maraqlıdır deyə, bildirmək istəyirik ki, hər iki direktor müavini uzun illər məktəbdə tərbiyəçi vəzifələrində çalışıblar. Konkret desək, onların bu günə qədər heç bir pedaqoji fəaliyyətləri yoxdur. Aldığımız məlumata görə, Günay Ağayeva və Firuzə Məmmədova sağlamlıq imkanları məhdud uşaqlarla çalışmalarına baxmayaraq, hətta daktil və mimika (lal dili) bilmirlər.

Sonda əsas məsələyə keçməklə, bildirmək istəyirik ki, məktəbin tərbiyə işləri üzrə direktor müavini Günay Ağayeva “Real” televiziyasına müsahibə verib. Müsahibə zamanı, o, özünü Nizami rayonundakı bu internat məktəbin direktoru kimi təqdim edib və həmin video-görüntünü öz səhifəsində də paylaşıb. Belə qənaətə gəlirik ki, Tariyel Əkbərovun özbaşınalıqlarını və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini nəzərə alan
Günay Ağayeva özünü bu posta layiq görməkdə bir az tələsib. Axı, bu paylaşımdan sonra bizə də aydın olmadı ki, bu məktəbin direktoru kimdir?! Bəyəm, bir məktəbin iki direktoru ola bilər?! Qoy, bu sualın cavabını Tariyel Əkbərov və Günay Ağayeva bir yerdə müzakirə edərək, nəticəsi barədə bizə də məlumat versinlər.

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.