“Əziz Millətdaşlarım! “Azəriqaz” rəhbərliyi yavaş-yavaş öz istədiyinə çatır! Onların haradan tapşırıq alması mənə məlum deyil. Ancaq “Azəriqaz”ın əhaliyə divan tutan, zülmə salan, saxtalaşdırılmış məlumatla dolu aktlarla cərimə tətbiq edib, qanunsuz olaraq, əhalini qazsız və istiliksiz qoyan əməkdaşları bu tapşırığı öz rəhbərlərindən aldıqlarını bildirirlər”. Yeniavaz.com xəbər verir ki, bunu Milli Hüquq Evinin rəhbəri, hüquqşünas Nicat Gözəlov bildirib.
“Onların əhalinin qaz sayğaclarına hücum çəkməsi və biabırçı aktlar tərtib etməsi artıq kütləvi hal alıb. Havaların kəskin soyuması ilə bu neqativ halın daha da güclənməsi gözləniləndir. Səbəb isə özbaşınalıqdır. Məhkəmələrə müraciət edən vətəndaşlar öz hüquqlarını bərpa edə biliblər. Yüzminlərlə insanımızı dövlətdən narazı salmağa yönələn bu hərəkət Dövlətin müvafiq orqanları tərəfindən nəzarətə götürülməlidir və bu iyrənc tapşırığı verənlər cəzalandırılmalıdır.
Bakıda və Abşeron yarımadasında 2 aydır ki, tüğyan edən özbaşınalıq artıq kənd rayonlarına sıçrayıb. Bakı camaatı hüquqlarının qorunması üçün məhkəmələrə müraciətdə daha fəaldırlar. Ancaq yenə də hüquqlarını bilməyən və köməyə ehtiyacı olanlarımız var. Hüquqşünaslara və savadlı əhaliyə səslənirəm: Vətəndaşa iddiaları yazmaqda kömək edin!
Vətəndaşlara səslənirəm ki, hüquqlarınızı məhkəmələrdə qoruyun!
Özbaşınalığı gördüyünüz anda Qaz İdarəsindən aktların surətini, abonent saldonuzun surətini tələb edib alın və dərhal yaşadığınız yer üzrə məhkəməyə iddia ərizəsi və ona əlavə olaraq iddianın təmin tədbiri barədə ərizə verin. Qazın verilişinin bərpa edilməsi barədə məhkəmə qərardadı alıb, 1 gün ərzində (ən optimalı Asan Xidmətdir) kartınızı aktivləşdirin. Hazırda əsassız yerə bu problemlə yüklənmiş məhkəmələr bu qanunsuzluğun qarşısını alırlar. Nəzərinizdə olsun ki, iddia ərizəsi nümunəsi hüquqşünaslarda var, götürüb özünüz də yaza bilərsiniz”,-deyə Nicat Gözəlov bildirib.
araz.az xəbər portalı.