Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın təsisçisi olduğu “Avrora” mükafatının təqdimetmə mərasimində onun məktubu oxunub.
araz.az Publika.az-a istinadla xəbər verir ki, Vardanyanın məktubunu həyat yoldaşı Veronika Zonabend oxuyub və bildirib ki, məktubu Ruben Bakı həbsxanasından göndərib.
Bakıda həbsdə olan separatçıların bütün hüquqları təmin edilir, həmçinin, ailə üzvləri ilə əlaqə saxlanılmasında heç bir problem yoxdur. Lakin Rubenin həbsxanada oturub “beynəlxalq müraciət” hazırlaması və Azərbaycanı ittiham etməsi ehtimalı azdır. İstisna deyil ki, məktubu Rubenin arvadı, yaxud “məsləhətçiləri” hazırlayıb. Məktubun mətni də bu versiyanı gücləndirir.
Ruben məktubunda “yazır” ki, “Avrora” qəhrəmanları sayəsində qondarma “artsax”a köçmək qərarına gəlib və bu, qərarından “qətiyyən peşman” deyil”. Bu o deməkdir ki, Ruben Qarabağa qeyri-qanuni şəkildə köçdüyünü və orada separatizmə dəstək verdiyini açıq şəkildə etiraf edir. Məhz bu detal məktubun Ruben tərəfindən hazırlanmadığını deməyə əsas verir, çünki separatizmə dəstək verdiyini etiraf etməsi azad olunmaq istəyi ilə ziddiyyətlidir.
Görünür, Rubenin əvəzinə məktub hazırlayanlar bütün əməllərinin etirafı ilə nəticələnən siyasi səhv buraxıblar.
araz.az xəbər portalı.